Nizamiqızı H.
Muzeylər -
keçmişin daşıyıcıları
18 May - Beynəlxalq
Muzeylər Günüdür. 1979-cu ildən YUNESKO-nun
Beynəlxalq Muzeylər Şurası (İKOM) kimi
fəaliyyətə başlayan qurum, ümumilikdə dünya
maddi-mədəni irsinin qoruyucusu sayılan bu
mərkəzlərin fəaliyyətinə dəstək
məqsədi daşıyır. Təşkilatın Moskvada
baş tutan genişmiqyaslı XI konfransında bu tarixin
muzeylər günü kimi qeyd olunması qərara
alınmış və elə həmin tarixdən etibarən
dünyada 18 may Muzeylər Günü kimi qeyd edirlər.
Respublikamızda da qeyd
olunan bu gün və muzey işinin vəziyyəti barədə
məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyət siyasəti şöbəsi muzey işi
sektorunun müdiri Azadə Hüseynova, hazırda respublikamızda
193 muzeyin fəaliyyət göstərdiyini bildirdi.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki bu
mərkəzlərin 46-sı Heydər Əliyev, 43-ü
isə mənzil-muzeylərdir. Ölkədəki muzeylərin
4-nün döyüş-şöhrət, 12-nin tarix,
14-nün ədəbiyyat və 66-nın da tarix-diyarşünaslıq
profilli olduğunu xatırladan sektor müdiri bu sahənin
inkişafının daim dövlətin diqqət
mərkəzində saxlanıldığını da qeyd etdi.
Artıq bir
neçə muzeyin əsaslı təmiri və bəprasından
sonra istifadəyə verildiyini yada salan Azadə xanım, bu
işin davam etdirildiyini bildirdi: «Maddi-mədəni irsimizin
qoruyucusu olan muzeylərimizin ölkə rəhbərinin
diqqət mərkəzində olması sevindirici haldır.
Təsadüfi deyildir ki, ölkə başçısı bu
sahə ilə bağlı müvafiq sərəncam da
imzalayıb. Uğurla gerçəkləşən bu
fəaliyyət proqramının nəticələri göz
qabağındadır. Bugünlərdə YUNESKQ-nun baş katibi,
ölkə başçısı İlham Əliyev, H.Əliyev
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyeva və digər
nüfuzlu nümayəndələrin iştirakı ilə L.Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin yeni binasının
təməlqoyma mərasimi keçirildi. Bu, böyük
hadisədir. Bundan başqa Azərbaycan Tarixi Muzeyinin
əsaslı təmir-bərpası gerçəkləşdi.
Hazırda Nizami adına Ədəbiyyat və Azərbaycan
Dövlət İncəsənət muzeylərində də
əsaslı təmir işləri həyata keçirilir.
Üzeyir
Hacıbəyovun ev-muzeyinin inzibati binası, Vaqif
Mustafazadənin, Niyazinin və M.Rostropoviçlərin
mənzil-muzeylərinin təmiri və bədii
tərtibatı işi həyata keçirilib. Bütün
bunlarla yanaşı, hələ də təmirə ehtiyacı
olan muzeylərimiz var və biz onları da nəzarətdə
saxlayırıq. S.Vurğun, C.Cabbarlı və Ə.Əzimzadənin
ev-muzeylərinin də təmir olunması nəzərdə
tutulur».
Görkəmli
fırça ustası Səttar Bəhlulzadənin
mənzil-muzeyi ilə bağlı məlum məhkəmə
işinin yekunlaşmasından sonra, orada da təmir və
bədii tərtibat işlərinin aparılacağını
deyən sektor müdiri, Qubadakı Tarix-Diyarşünaslıq
Muzeyi üçün yeni binanın tikildiyini və R.Rzanın
Göyçaydakı ev-muzeyinin əsaslı təmir
olunacağını da qeyd etdi.
Sektor müdiri
Muzeylər Günü ilə bağlı respublikanın
bütün muzeylərində silsilə tədbirlərin
keçiriləcəyini də əlavə etdi: «Əksər
muzeylərimizdə «Açıq qapı günü» və
«Muzeylər gecəsi» devizləri ilə tədbirlər olacaq.
Genişmiqyaslı tədbirlər planı
çərçivəsində bu gün saat 19.00-da
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyində «Muzeylər cəmiyyətin
inkişafında və dəyişməsində ortaq kimi»
devizi altında "Muzeylər məkanında ruhumuzun milli
irsə köklənmiş havadarı» adlı tədbir
keçiriləcək.
Ertəsi gün saat
11-də isə Muzey Mərkəzində dəyirmi masa
təşkil olunacaq. Amerikalı ekspert, muzeyşünas Uord
Minzin «XXI əsrin muzeyləri - problemlər, perspektivlər»
mövzulu məruzəsində muzey işinin durumu ilə
bağlı müzakirələr aparılacaq. Elə həmin
gün saat 17.00 Dövlət İncəsənət
Muzeyində təşkil olunacaq «Muzeylər gecəsi»
çərçivəsində Rinay Malakafauna muzeyinin
kolleksiyası nümayiş etdiriləcək. Tədbirlər
silsiləsinə Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin təşkilatçılığı
ilə Niyazinin mənzil-muzeyində «Klassik musiqisevərlər
klubu»nun açılışı da daxildir».
Bu gün Üzeyir
Hacıbəyovun ev-muzeyində də təntənəli
şəkildə qeyd olunacaq. Ekspozisiyalarla tanışlıq
xarakteri daşıyan tədbirdə gənc ifaçıların
iştirakı ilə konsert proqramı da təşkil olunacaq.
Həmçinin mayın 18-i də İncəsənət
və Musiqi Mədəniyyəti Dövlət
muzeylərində «Açıq qapı günü»
keçiriləcək.
Mədəniyyət.- 2008.- 17 may.- S. 5.