Bərdədə orta əsrlərə aid maddi mədəniyyət nümunələri aşkarlab

 

Gəncə Regional Elm Mərkəzinin arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları 1985-89-cu illərdə professor Aləm Nuriyevin qədim Bərdə şəhərinin araşdırılması məqsədilə apardığı qazıntı işlərini davam etdirirlər. Şöbənin müdiri, Bərdə Arxeoloji ekspedisiyasının rəisi, professor Arif Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, qazıntı zamanı Bərdədə orta əsrlərdə mövcud olmuş sənətkarlar məhəlləsi aşkarlanıb. Məhəllədə dulusçuluq, zərbxana, qədim pilləkənlər və - IX-XIV əsrlərə aid maddi mədəniyyət nümunələri üzə çıxıb. Bunlar XI-XIII əsrlərə aid olan iri təsərrüfat küpləri (yemək və s. saxlamaq üçün), XII-XIII əsrlərə aid badya və küplər, eləcə də XIV əsrə aid olan cam tipli qablar və bu dövrlərə aid olan şüşə materiallarının qalıqlarından ibarətdir. A.Məmmədovun sözlərinə görə, tədqiqatlar zamanı məlum olub ki, Bərdə şəhəri IX əsrdə indi yerləşdiyi ərazidə olmayıb. Qədim şəhər indiki Şatırlı kəndinin yaxınlığında Şortəpə yaşayış məskənində yerləşib. Şortəpə ərəblər tərəfındən dağıdıldıqdan sonra Bərdə indiki arxeoloji tədqiqatlar aparılan əraziyə köçürülüb. 40 hektara yaxın sahəni əhatə edən bu ərazidə hazırda Bərdə Diaqnostika Mərkəzi və Bərdə Ticarət Mərkəzinin binaları yerləşir.

 

Xalq cəbhəsi.- 2008.- 17 may. - S. 14.