Nərmin

 

YUNESKO Azərbaycanda mədəni irsin qorunması sahəsində görülən işlərdən razıdır

 

Dünən prezident İlham Əliyev öz sarayında regional konfransda iştirak üçün ölkəmizə gələn YUNESKO-nun baş katibi Koişiro Matsuuranı qəbul edib (AzərTAc).

Görüşdə Azərbaycanla YUNESKO arasında əlaqələrin yüksək səviyyədə olduğu, ölkəmizdə bu təşkilatın xətti ilə keçirilən uğurlu tədbirlərin əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyi bildirilib. K.Matsuura ilə Azərbaycan prezidenti arasında keçirilən səmərəli görüşlərin əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb və əməkdaşlığın bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olunub.

Dünən baş nazir Artur Rasizadə də Koişiro Matsuura ilə görüşüb. Azərbaycan hökumətinin başçısı YUNESKO-nun himayəsi altında Bakıda keçirilən konfransın əhəmiyyətini vurğulayaraq bildirib ki, ölkəmizdə təhsil sahəsində çox iş görülüb. Belə ki, son üç ildə respublikada 1500-dən çox məktəb tikilib, təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş 10-a yaxın dövlət proqramı həyata keçirilir. Matsuura Azərbaycanda mədəni irsin qorunması sahəsində görülən tədbirləri yüksək qiymətləndirib: "2000-ci ildə Azərbaycana ilk səfərim zamanı ölkənizdə YUNESKO-nun mühafizəsi altında olan bir obyekt belə yox idi. İndi isə İçərişəhər və Qobustan qoruğu Dünya Mədəni irsi siyahısındadır". Baş nazir qonağın diqqətini Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyət abidələrinin vəhşicəsinə məhv olunması probleminə də cəlb edib. Tarix Muzeyində isə Koişiro Matsuuranın Azərbaycan Elmlər Akademiyasına fəxri üzv seçilməsi ilə bağlı tədbir keçirilib (Trend). Tədbirdə Mehriban Əliyeva, Misir Mərdanov, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov iştirak edib.

 

Paritet.- 2008.- 15-16 may.- S. 3.