Ərçivan hamamının əsaslı təmir bərpasına ehtiyac var

 

Astara rayonunun  Ərçivan kəndində Kərbəlayı Həmid Abdulla tərəfindən 1806-cı ildə inşa edilən hamam baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb. Kənd məktəbinin müəllimi Müzəffər Əzizovun verdiyi məlumata görə, Sovet hakimiyyəti dövründə hamam yerli kolxoz tərəfindən işlədilib. Kolxoz sisteminin ləğvindən sonra hamamı kənd sakinlərindən biri qısa müddətdə işlədib. Hazırda isə hamamın fəaliyyəti dayanıb. M.Əzizovun fikrincə, hamamı təmir edib tarixi abidə kimi qorumaq lazımdır: "Amma hamam kimi istifadə olunsa, daha uzunömürlü olar. Cünki içəridə olan istilik binanın daxilən çürüməsinə, divarların xarab olmasına imkan verməz". Kənd sakini İltifat Ağayevin bildirdiyinə görə, hamam XIX əsrin əvvəllərində yumurta sarısı və adi odun külünün qarışığı ilə tikilib. Hamamın suyu cəmi bir tiyanla qızdırılıb. Astara rayon mədəniyyət və turizm şöbəsinin baş inspektoru Əfqan Səfiyev deyib ki, Ərçivan hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib və həmin ilin sonuna kimi yerli əhalinin istifadəsində olub. 2001-ci ilin avqustunda isə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunur. Hamamın əsaslı təmiri və bərpası üçün yerli şöbə tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunub.

 

Zaman.- 2008.- 24-26 may.- S. 18.