Həqiqət
İçərişəhəri
qorumaq həm də əhalinin vəzifəsidir
Koişiro Matsuuranın
sözlərinə görə,
bir çox şəhərdə tarixi
abidələri oriyinal şəkildə saxlamaq mümkün olmur
Bakıda öz işini davam etdirən YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi"
üzrə regional konfransı çərçivəsində
dünən beynəlxalq
təşkilatın baş
direktoru Koişiro Matsuura və təhsil naziri Misir Mərdanovun iştirakı ilə mətbuat konfransı keçirilib. KİV nümayəndələrinin
suallarını cavablandırmazdan
əvvəl K.Matsuura konfransla bağlı fikirlərini bölüşüb:
"Bu tədbir regional konfranslardan biridir və çox vacib, mühüm əhəmiyyət
kəsb edir. Bu silsilə tədbirlərdə Avropada
savadlılıqla bağlı
məsələlər nəzərdən
keçirilir. Sentyabr ayında Misirdə növbəti regional konfrans keçiriləcək
və bu, artıq sayca altıncı tədbir olacaq".
Baş direktorun sözlərinə görə,
keçirilən konfransların
nəticələrini reallaşdırmaq
üçün müəyyən
sənədin hazırlanmasına
ehtiyac var: "Konfransların nəticələrini
reallaşdırmaq, bu
tədbirlərdə səsləndirilən
təkliflərin həyata
keçirilməsi üçün
biz artıq fəaliyyət planı hazırlamalıyıq. Bu
sənəd savadlılıq
sahəsində konkret
tədbirlərin müəyyən
edilməsi baxımından
olduqca vacibdir". K.Matsuura əlavə edib ki, YUNESKO silsilə konfransların nəticələrinin həyata
keçirilməsi üçün
əlindən gələni
edəcək: "Amma
YUNESKO təklikdə heç
nə edə bilməz. Ona görə də bu sahədə üzv ölkələr daha fəal olmalıdır. Eyni zamanda, Azərbaycandan da dəstək gözləyirik".
K.Matsuuranın vəzifədə
olduğu müddətdə
YUNESKO ilə Azərbaycan
arasında sıx əlaqələrin formalaşdığını
vurğulayan təhsil
naziri M.Mərdanov qeyd edib ki,
Bakıda ilk dəfə belə bir konfransın keçirilməsi də bu münasibətlərin davamıdır: "YUNESKO ilə bizim ən ciddi əlaqələrimiz
2000-ci ildən başlayıb.
Nazirliyin təşkilatla
birgə həyata keçirdiyi "Təhsil
hamı üçün"
layihəsi artıq tamamlanır. İnklüziv
təhsillə bağlı
layihə davam etdirilir. Bundan başqa, ali məktəblərimizin bəzilərində
YUNESKO kafedraları fəaliyyət
göstərir. Konfransın
sonunda yeni layihələrlə bağlı
öz təkliflərimizi
də YUNESKO-ya bildirəcəyik".
K.Matsuura da Azərbaycanla
YUNESKO-nun ikitərəfli
əməkdaşlığından söz açıb: "Bu səfər çərçivəsində Azərbaycan Elmlər Akademiyasında mənə
fəxri üzvlüklə
bağlı diplom təqdim olunub. Mənim Azərbaycana ilk səfərim isə 2000-ci ildə Heydər Əliyevin dəvəti ilə reallaşıb. Aradan ötən 8 ilə nəzər salsaq, tərəfdaşlığımızla bağlı müsbət dəyişikliklər baş
verib. 2000-ci ildən fərqli olaraq bu dəfə mənim Qobustana, Muğam Mərkəzinə
də səfərlərim
olacaq. Bilirsiniz ki, onlar YUNESKO-nun
mədəni irsin qorunması ilə bağlı abidələri
sırasına daxil ediləcək". Baş
direktorun sözlərinə
görə, Azərbaycanla
təşkilat arasında
tərəfdaşlığın digər istiqaməti də elm sahəsidir:
"Mən prezident İlham Əliyevlə keçirdiyim görüşdə
də bildirmişəm
ki, artıq YUNESKO ilə Azərbaycan arasında mədəni irsin qorunması və təhsil sahəsində müsbət
əlaqələr qurulub.
Artıq növbəti
mərhələyə keçmək
istəyirəm. Yaxın
günlərdə mən
yeni elm siyasəti ilə bağlı ekspertlər qrupunu Azərbaycana göndərəcəyəm ki,
elm sahəsində də əlaqələrimiz
genişləndirilsin".
İçərişəhərin qorunması ilə bağlı baş direktora ünvanlanan sualı isə o, belə cavablandırıb:
"Deyə bilərəm
ki, mən ilk səfərimdən İçərişəhərə böyük maraq göstərirəm. Əslində,
ondan sonra İçərişəhər YUNESKO-nun qorunan abidələri siyahısına
daxil edilib. Amma təəssüflər
olsun ki, İçərişəhər təşkilatın dağılmaqda
olan abidələr siyahısında yer alıb". K.Matsuuranın
sözlərinə görə,
bu problem yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində
yaşanır: "Dünyanın
bir çox şəhər mərkəzində
belə tarixi abidələri oriyinal şəkildə saxlamaq mümkün olmur. Urbanizasiya çox sürətlə irəliləyir.
Belə bir şəraitdə qədim
tarixə malik abidələrin qorunmasına
nail olmaq hazırda bir çox üzv ölkənin qarşısında
duran əsas sualdır. Düzdür, İçərişəhər təhlükələrlə üzləşən
abidələr siyahısına
daxil olub. Amma bu məsələyə diqqət yetiriləcək.
İçərişəhərin ilkin formada saxlanması
vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə
vəziyyət müsbət
istiqamətə dəyişəcək".
Əvvəllər YUNESKO-nun
dağılmaqda olan tarixi abidələrlə bağlı siyahısında
yer alan bəzi dünya abidələrinin hazırda
bu siyahıdan çıxarıldığını vurğulayan K.Matsuura bildirib ki, İçərişəhərin
qorunması təkcə
hökumətin deyil, həm də əhalinin vəzifəsidir.
Dağlıq Qarabağda Azərbaycanın tarixi abidələrinin ermənilər
tərəfindən məhv
edilməsi ilə bağlı suala isə YUNESKO rəsmisi belə cavab verib: "Bu, vacib məsələdir. Düzdür, YUNESKO tarixi irsin qorunması ilə məşğul olan beynəlxalq bir təşkilatdır. Amma YUNESKO siyasi məsələlərlə məşğul
olmur. Buna baxmayaraq, müvafiq hökumətlərlə əlaqədə
olmuşuq. Azərbaycan
hələ də münaqişə şəraitindədir.
Məsələnin həllində
hələ də əhəmiyyətli irəliləyiş
yoxdur. Təəssüf
ki, bu baxımdan
da həmin ərazilərdə abidələrin
qorunması missiyasını
icra etmək çox çətindir. Siyasi məsələ hələ də gündəlikdə olduğu
üçün biz bu sahədə irəliləyiş əldə
edə bilmirik".
YUNESKO
ilə həyata keçiriləcək layihələrdən
söz açan M.Mərdanov isə bildirib ki, sonuncu
layihələrdən biri
olan Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi
üçün təşkilat
200, Azərbaycan hökuməti
isə 50 min manat vəsait ayırmağı nəzərdə
tutub. Bu layihə ilə bağlı fikrini bildirən K.Matsuura əlavə edib ki, burada vacib
olan əsas amil ayrılan vəasait deyil, YUNESKO-nun təcrübəsidir:
"Biz ölkələrə
bu istiqamətdə yardım göstəririk.
Azərbaycan da bizə yardım almaq üçün müraciət edib. YUNESKO-nun yardımı yalnız pul yardımı ilə dəyərləndirirmir. Burada
yalnız maliyyə deyil, ekspert yardımı da nəzərdə tutulur".
Təhsil naziri konfransın sonunda YUNESKO-ya təqdim edəcəkləri təkliflərdən
də söz açıb. Onun sözlərinə görə,
nazirliyin təklifləri
müxtəlif istiqamətləri
əhatə edir: "Təhsil Nazirliyi
tərəfindən nəzərdə
tutulan layihələr
sırasına yeni tipli məktəbəqədər
təhsil müəssisələrinin
yaradılması, bu müəssisələrin məzmunununun
təkmilləşdirilməsi, təhsil alanların biliyinin qiymətləndirilməsi
daxildir. Bilirsiniz
ki, ali məktəblərin
akkreditasiyası ilə
bağlı böyük
problem qarşısındayıq.
Ona görə də YUNESKO-dan ali məktəblərin akkreditasiyası,
müəllim fəaliyyətinin
lisenziyalaşdırılması, Azərbaycanın təhsil
müəssisələrində xarici dillərin tədrisi ilə bağlı yeni tələblərə cavab
verən mexanizmlərin
hazırlanması və
s. istiqamətdə ekspert yardımı göstərilməsi üçün
xahiş edəcəyik".
Kaspi.- 2008.- 16 may.- S. 9.