Hüseynov A.
Əzəmətli
şəhər- qədim və həmişəcavan Bakı
Mən öz
şəhərimi ürəkdən sevirəm, sən də
sevirsən, o da sevir, biz hamımız ürəkdən sevirik
əsrlərin sınaqlarından üzüağ çıxmış
qəhrəmanlar yurdu Bakımızı. Bakımız
bənzərsiz şəhərdir. Bakımız
səxavətli və əltutan adamlar şəhəridir.
Bakımız süfrəsi hamı üçün
açıq şəhərdir. Bakı və onun sakinləri
qonaqpərvərliyinə görə hətta
əcnəbiləri də heyran qoyur. Şair yaxşı
demişdir: Cənnət görmək istəyən
Azərbaycana, yəni Bakıya gəlsin. Böyük
Vətən müharibəsi adlanan olay zamanı Bakı on
minlərlə Rusiya qaçqınına
məskunlaşmağa yer, yeməyə çörək,
geyməyə paltar vermişdi. Sovet aviasiyasının
səmaya qalxması üçün tələb olunan
yanacağın 75 faizini Bakının neft sənayesinin
əməkçiləri vermişdi. Lakin onların
qəhrəmanlıqdan da uca tutulmalı
şücaətləri "Qəhrəman
şəhər" adına layiq görülməmişdi.
Buna nə ad vermək olar? Tarixi ədalətsizlik!
Mən ölməz şairimiz Rəsul Rzanın
əsasını qoyduğu "Azərbaycan Sovet
Ensiklopediyası"nda çalışan dövrdə
təcrübə mübadiləsi üçün
redaksiyamıza sovetlər dövrünün bütün
şəhər-paytaxtlarından nümayəndələr
gəlirdi. Bir dəfə Belarusdan olan ensiklopediyaçılar
şəhərimizin görməli yerləri ilə
tanışlıqdan sonra aldıqları
təəssüratlarını bizimlə
bölüşdülər. Dedilər ki,
"Şirvanşahlar sarayı" memarlıq möcüzəsidir.
Baxan inana bilmir ki, ancaq əhəng daşından
ərsəyə gətirilən saray binaları bu
qədər gözəl ola bilər. Onlar onu da
dedilər ki, bu saray özünün adi daş
üzərində incə naxışları və digər
memarlıq tapıntıları ilə Özbəkistandakı
rəngbərəng naxışlı kaşılarla
bəzədilmiş asari-ətiqələrdən daha
baxımlı görünür.
Nümayəndələrdən biri ehtiyatla soruşdu:
"Bəs neft arxları şəhərin hansı
tərəfindən axır?" Biləndə ki Bakı
küçələrində heç vaxt neft arxları
olmamışdır, özünə bəraət
qazandırmaq üçün dedi: "Bakını
görməmişdən qabaq onu neftə bulaşmış
küçələri olan çirkli şəhər kimi
zənn edirdik. Yaxşı deyiblər ki, yüz dəfə
eşitməkdənsə, bir dəfə görmək
yaxşıdır".
Bu yaxınlarda Bakıya rəsmi
səfərə gəlmiş Moldova Prezidenti Mixail Voronin
də gündən-günə gözəlləşən
Bakı haqqında heyranlıqla belə demişdi:
"Əgər aeroportda BAKI yazısını
görməsəydim, sivil dünyanın ən gözəl
digər bir şəhərinə gəldiyimi zənn
edəcəkdim".
Bakı çox qədim şəhərdir. Onun
"əbədi odları" barədə ilk yazılı
məlumatı verənlərdən biri V əsr Bizans alimi Panionlu
Priisk olmuşdur. O, Azərbaycanın Qafqaz Albaniyasının
şəhərlərinin təsviri zamanı "sualtı
qayalardan qalxan alovun olduğu məkanı da
xatırlatmışdır. Arxeoloji və numizmatik
tapıntılar Bakının tarixini eramızdan əvvəl
V əsrdən hesablamağa əsas verir. Yazılı
məxəzlərdə Bakı haqqında ilk məlumat 930-cu
ilə aid edilir. Bəzi tarixçilər
Bakının əsasının eramızdan əvvəl
522-486-cı illərdə yaşamış
Əhəmənilər dövlətinin padşahı I Dara
tərəfindən qoyulduğunu bildirirlər. Ərəb
tarixçisi əl-Bələzuri də 754-cü ildə
Şirvanın nefti və duzu barədə məlumat
vermişdir. Regionda IX əsrdən başlayaraq
islamın yayılması ilə əlaqədar ərəb
coğrafiyaçıları və tarixçiləri
yazılı məxəzlərində Bakını
böyük olmayan, lakin inkişaf etmiş feodal
şəhəri kimi təsvir etmişlər. Bakı ağ
və tünd boz rəngli neft mənbələrinin olduğu
yer kimi təqdim olunmuşdur. Neft almaq üçün
Bakıya dünyanın bir çox
dövlətlərindən - Rusiyadan, Xəzər Xaqanlığından,
Bizansdan, Çindən, İraqdan, Suriyadan, Keniyadan, Venesiyadan,
İrandan, Hindistandan tacirlər axışırdılar.
Bakı Şirvanşahlar dövlətinin əsas
şəhərinə çevrilmişdi. XI əsrin
əvvəllərində Bakı qala divarlarının
əhatəsinə alınmışdı. Qala
divarlarının bərpası zamanı tapılmış
daş kitabədə divarların Şirvanşah II
Mənuçöhr (1120-1160) tərəfindən çəkildiyi
bildirilir. II Mənuçöhrün oğlu I
Axsitanın hakimiyyəti dövründə Bakı portunda
güclü donanma yaradılmışdı. Həmin donanma
1175-ci ildə Bakının ətrafına 73 gəmi ilə
hücum edən rusları məğlubiyyətə
uğratmışdı. 1191-ci ildə Birinci Axsitan öz
iqamətgahını Şamaxıdan Bakıya
köçürəndən sonra Bakı
Şirvanşahların əsas şəhərinə
çevrilmişdi. Abşeronda böyük tikinti
işləri aparılmışdı. Çox sayda
qəsrlər, minarələr, mədrəsələr,
karvansaralar, hamamlar, ovdanlar, məscidlər və
yaşayış binaları tikilmişdi. Bakının qala
divarları daha da möhkəmləndirilmişdi.
Bakının dəniz tərəfdən mühafizəsi
üçün 1232-1235-ci illərdə Bakı buxtasında
qala inşa olunmuşdu. O, hazırda dənizin sularında
qərq olmuş Səbail qəsri idi. 1230-cu ildə monqollar
Bakını uzunmüddətli mühasirədə saxlayandan
sonra şəhərə girib onu talan etmiş və
dağıtmışdılar. Bu, müqavimət
göstərən Bakıya tutulmuş divan idi. Bakı
XV əsrdə monqol-tatarların əsarətindən azad
olandan sonra yenə də Şirvan dövlətinin
tərkibinə daxil edilmiş, daha sonralar isə İran,
Türkiyə və yenə də İran tərəfindən
zəbt olunmuşdu. İşğalçılar
gedəndən sonra yerli hakimlər şəhər
həyatını canlandırmaq üçün
tədbirlər görməyə
başlamışdılar. Ticarəti canlandırmaq və
iqtisadiyyatı dirçəltmək üçün bəzi
vergilər ləğv edilmişdi. XIV əsrin
başlanğıcında ticarət, o cümlədən
dəniz ticarəti canlanmışdı. Bakı portuna Genuya
və Venesiyadan italiyalı tacirlərin gəmiləri yan
alırdı. Bakı Qızıl Orda, Moskva knyazlığı,
Avropa ölkələri ilə ticarət əlaqələri
yaratmışdı. Bakıdan neft, qiymətli xalılar və
digər əntiq şeylər ixrac olunurdu. Bakı tacirləri
Həştərxanda, Orta Asiyada da mal satmaqla məşğul
idilər. XIV əsrin ikinci yarısında Bakının
iqtisadi və siyasi durumu xeyli yüksəldiyindən
Xəzər dənizini çox vaxt Bakı dənizi
adlandırırdılar. Bakı qalasında qorunub
saxlanmış memarlıq abidələrindən Buxara
karvansarası (XIV əsr), Multanı karvansarası (XV əsr)
Bakının Orta Asiya və Hindistanla geniş
əlaqələrindən xəbər verir.
XV əsrdə Bakının iqtisadi və siyasi
qüdrətinin artması səbəbindən I Xəlilullah
öz iqamətgahını Şamaxıdan Bakıya
köçürmüşdü. Bununla əlaqədar olaraq
Bakıda böyük tikinti işlərinə
başlanmışdı. Azərbaycan
memarlığının Şirvan-Abşeron qolunun
möhtəşəm abidəsi olan Şirvanşahlar
sarayı həmin dövrdə ərsəyə
gətirilmişdi. Ticarət,
incəsənət, sənətkarlıq geniş vüsət
almışdı. Moskva knyazlığı ilə diplomatik
əlaqələr yaradılmışdı.
İçərişəhərdə saray kompleksindən
savayı, X-XI əsrlərin evləri yerləşən dar
küçələri, Sınıq qala minarəsi (XI
əsr), Cümə məscidinin minarəsi və XIV
əsr katakombaları qalmaqdadır.
İçərişəhərin bəzəyi Qız
qalasıdır. Onun XII əsrdə inşa olunduğunu
söyləyirlər. Arxeoloqlar isə Qız qalasının
eramızdan əvvəl VII-VI əsrlərin yadigarı
olduğunu yazırlar. Qız qalasının hansı
məqsədlə tikildiyi də qaranlıq qalır.
Deyilənlərə görə, Qız qalası hərbi
istehkam rolunu oynamışdır. Qədim zamanlarda
düşmənlərin hücumu barədə xəbər
Azərbaycanın müxtəlif yerlərində
ucaldılmış qüllələrdə tonqal qalamaqla
çatdırılırdı. Qız qalası da
bəlkə həmin məqsədə xidmət etmişdir.
Qalanın Qız qalası adlandırılması onun
düşmənlər tərəfindən alına
bilməməsinə işarədir. Onun bir adının
Göz qalası olması da məlumdur. Bu qalada keşik
çəkən döyüşçülər dəniz tərəfdən
hər vaxt gözlənilə bilən hücum barədə
birinci olaraq məlumat verirdilər. Qız
qalasının atəşpərəstlik dövründə
dini mərasimlərin icra olunduğu yer olması barədə
də rəvayətlər mövcuddur. Ötən əsrin
50-ci illərində Qız qalasının ilkin daxili
quruluşuna təcavüz edilməmişdi. Qalaya daxil
olanlar özlərini quyunun dibindəki kimi hiss edirdilər. Ona
görə ki, sonradan düzəldilən yaruslar
əvvəllərdə yox idi. Qalaya baxmağa
gələnlər onun ən yuxarı qatına daş
divarlardakı pillələrlə qalxırdılar. O
dövrün bəzi tarixçiləri deyirdilər ki, Qız
qalası dini məbəd olduğu üçün
dünyasını dəyişənləri əvvəlcə
qalanın giriş qapısının yanında qoyur və üç
gün saxlayırdılar. Onlara elə gəlirdi ki,
ölən insanın ruhu bədəndə üç gün
qalandan sonra göylərə qalxır. Üç
gündən sonra cəsədi qalanın zirvə yerindəki
çıxıntı üzərinə qaldırır və
qoyub gedirdilər. Vəhşi yırtıcı quşlar
cəsədi dimdikləyib yeyəndən sonra gəlib qalan
sümükləri qalanın içindəki
qazılmış 20 metr dərinlikdə quyuya
atırdılar. Ancaq varlı-hallı adamlara belə
mərasimlər keçirilirdi. Kasıb-kusubu harada gəldi
dəfn edirdilər. Sonralar Qız qalasının
içərisində səkkiz yarusun yaradılması və
heç bir dəxli olmayan yaraq-əsləhə ilə
"bəzədilməsi" abidənin qədimliyinə
elmilikdən uzaq təcavüz kimi qiymətləndirilə
bilər. Qız qalası haqqında turistlərə
söylənilən qondarma rəvayət isə
azərbaycanlıların mərdliyinə, kişiliyinə
yönəldilmiş böhtandan savayı bir şey deyildir.
Qız qalası Azərbaycan
memarlığının nadir əsəridir. Şərqin
heç bir regionunda belə bir abidə yoxdur.
İçərişəhəri əcdadlarımız
şəhərsalmanın elmi üsullarını
yaxşı bilərəkdən salmışlar.
Şəhər yaşıllıqdan tam məhrum olduğu
üçün küçələr elə dolanbac
salınmışdı ki, yayda sərin
meh əsməsi, qışda isə soyuq küləklərin
içəriyə soxula bilməməsi üçün
şərait yaranmışdı. Küçələrə
daş döşənməsi sayəsində qar,
yağış suyu gölməçə yaratmadan axıb
gedirdi.
1501-ci ildə Səfəvilər hökmdarı Şah
İsmayıl Xətai Şirvanşahlara qalib
gələrək hakimiyyətə
yiyələndi. Şah İsmayılın hakimiyyəti
dövründə Azərbaycan dili dövlət dili ranqına
qaldırılmışdı. Bədii və elmi əsərlər
Azərbaycan dilində yazılırdı. O, orduda və
diplomatiyada hakim dilə çevrilmişdi. Şah
İsmayılın Şirvanşahlar dövlətinə
güclü zərbə endirməsinə baxmayaraq, bu
dövlət 1538-ci ilədək öz mövcudluğunu
itirməmişdi. Həmin ildə
Səfəvilər hökmdarı şah Təhmasib
Şirvanşahların hakimiyyətinə son qoymuş,
bütün Şirvanı, o cümlədən Bakını
Səfəvilər dövlətinin tərkibinə qatmışdı.
XVI əsrin ikinci yarısı və XVII əsrin
başlanğıcı Səfəvilər dövləti ilə
Osmanlı Türkiyəsi arasında müharibələr
dövrü idi. Həmin dövrdə Bakı
əldən-ələ keçirdi. 1578-ci ildə
Bakını Osmanlı ordusu tutmuşdu. 1580-ci ildə
Səfəvilər Osmanlı ordusuna qalib gəlmiş və
1684-cü ildə osmanlılar Bakını yenə də
ələ keçirmişdilər. Bakı 1607-ci ildə
yenidən Səfəvilərin hakimiyyətinə keçmişdi.
1612-ci ildə İstanbulda bağlanmış
müqaviləyə əsasən, bütün Azərbaycan
və qonşu vilayətlər Səfəvilərə
keçmişdi. Səfəvilər dövründə
Bakıda miss sikkələr kəsilirdi,
xalçaçılıq inkişaf etmişdi, neft və duz
hasilatı və ticarəti tərəqqidə idi. XVII-XVIII
əsrlərdə memarlıq və daş üzərində
naxışvurma çox inkişaf etmişdi. Həmin
dövrdə Bakı ikinci sıra qala divarları ilə
əhatəyə alınmışdı.
XVII əsrdə Don və Volqa kazakları quldur Stepan Razinin
başçılığı ilə Bakı
sahillərinə hücum etmiş və Maştağa
kəndini viran qoymuşdular. Azğın ataman Sabunçu
kəndinin yaxınlığındakı kahada yaşayır
və soyğunçuluqlara da oradan rəhbərlik edirdi.
XVIII əsrdən başlayaraq Bakının zəngin təbii
ehtiyatlarına yiyələnmək istəyi rus çarı I
Pyotra dinclik vermirdi. Şəhərin strateji
əhəmiyyəti də böyük maraq doğururdu. I Pyotr
Xəzərin qərb və cənub sahillərini ələ
keçirib türkləri və iranlıları oralardan qovmaq
arzusunda idi. Bu məqsədlə xüsusi
hərbi dəniz ekspedisiyası yaratmışdı.
1723-cü ilin iyun ayının sonunda general-mayor Matuşkinin
rəhbərliyi altında Həştərxandan yeddi gəmidən
ibarət eskadra Bakını almaq üçün yola düşmüşdü.
Uzun müddət mühasirədə qalan və aramsız topa
tutulan şəhər ruslara təslim oldu. Rusların regionda mövqelərinin
möhkəmlənməsini arzulayan I Pyotr Bakını
xristianlarla, əsasən də ermənilərlə
məskunlaşdırmaq siyasəti yürüdürdü. Rus
çarı ölümünə bir neçə gün
qalmış 4 erməni nümayəndəsini qəbul
etmişdi. Erməni nümayəndələri
çardan xahiş etmişdilər ki, ermənilərə
Xəzəryanı əyalətlərdə
məskunlaşmağa icazə verilsin. I Pyotrun
erməni patriarxı İsayya təqdim etdiyi fərmanda
göstərilmişdi ki, ermənilər Gilanda, Mazandaranda
və Bakıda məskunlaşa bilərlər. Çar general
Matyuşkinə və briqadir Levaşova bir vəzifə olaraq
bərk-bərk tapşırmışdı ki, ermənilərin
həmin yerlərdə, o cümlədən
Dərbənddə məskunlaşmasına hər cür
yardım göstərsinlər, azərbaycanlıları
isə imkan olan kimi öz yerlərindən qovsunlar. Ermənilər həmin vaxtdan Bakıda
məskunlaşmağa başlamışdılar.1724-cü
ildə Bakıya gəmi tərsanələrində
işləmək üçün 5 min nəfər Kazan
tatarı, çeremis (marilərə o vaxtlar
çeremislər deyirdilər), çuvaş
göndərilmişdi. I Pyotr öləndən sonra
ruslar Xəzəryanı əraziləri əllərində
saxlamaq üçün külli miqdarda xərc tələb
olunduğunu əsas tutaraq öz qoşunlarını Bakıdan
çıxartdılar. Azərbaycan
ərazisində bir sıra müstəqil xanlıqlar, o
cümlədən Bakı xanlığı yarandı.
Bakı xanı Mirzə Məhəmməd xanın 20 illik
hakimiyyəti dövründə ölkənin iqtisadiyyatı
dirçəlmiş, ticarət tərəqqiyə
başlamışdı. Həm də admiral olan Mirzə
Məhəmməd xan mal daşınması və
hərbi məqsədlər üçün gəmiqayırma
işinə şəxsən rəhbərlik etmişdi. Məlik Məhəmməd xanın
ölümündən sonra Bakı taxtına oğlu II
Mirzə Məhəmməd xan çıxmışdı. II
Mirzə Məhəmməd xan Azərbaycanın məşhur
tarixçisi, şairi, maarifçisi Abbasqulu ağa
Bakıxanovun atası idi.
Rusiya Bakıdan əl çəkmək istəmirdi.
1796-cı ildə II Yekaterinanın əmri ilə
başlanın hərbi yürüş nəticəsində
Bakı alındı və general Sisianov şəhərə
komendant təyin edildi. II Yekaterinanın
ölümündən sonra oğlu I Pavel rus qoşunlarının
Rusiyaya qaytarılması barədə əmr verdi. I Pavel
öldürüləndən sonra taxt-taca yiyələnmiş
oğlu I Aleksandr Xəzəryanı əyalətlərin,
xüsusilə də Bakının alınmasını
qarşıya məqsəd qoymuşdu. Qafqazda ordunun baş
komandanı knyaz Sisianov təyin olunmuşdu. Təslim olmaq istəməyən
şəhər dəniz donanması tərəfindən
atəşə tutulmuşdu. Bundan sonra Bakı
hakimi Hüseynqulu xan şəhəri təslim etməyə
razılıq vermişdi. 8 fevral 1806-cı ildə
Hüseynqulu xan öz əyanları ilə şəhər
qapılarından çıxıb qala açarlarını
Sisianova vermək üçün ona
yaxınlaşmışdı. Sisianov açarları almaq
istəyərkən xanın əyanları tərəfindən
açılan atəş ilə o və yanında dayanmış
knyaz Elizbar Eristov qətlə yetirilmişdi. Sisianovun
başını kəsib Fətəli şaha təqdim olunmaq
üçün İrana göndərmişdilər.
Çağırılmamış qonağın
cəsədini şəhərin Şamaxı
qapılarının yanında quyulamışdılar. Bundan
xəbər tutan rus ordusu qaçmağa üz tutmuşdu. 3
oktyabr 1806-cı ildə general Bulqakovun ordusu heç bir
müqavimətə rast gəlmədən Bakıya
girmişdi. Beləliklə də Bakı Rusiyaya
birləşdirilmişdi. Hüseynqulu xan isə İrana
mühacirətə getmişdi. 1813-cü ildə Rusiya ilə
İran arasında bağlanmış Gülüstan müqaviləsinə
görə, Bakı xanlığının Rusiya
imperiyasının tərkibinə qatılması yuridik olaraq
rəsmiləşdirildi. Rusiya ilə İran
arasında bu sonuncu müharibədən sonra 1828-ci ildə
bağlanmış Türkmənçay
müqaviləsinə əsasən Azərbaycan Rusiya və
İran arasında Araz çayı üzrə
bölüşdürüldü. Qəsb olunmuş
ərazilərin, o cümlədən Bakının Rusiyaya
verilməsi rəsmiləşdirildi. Həmin
vaxtlar qala divarları ilə əhatə olunmuş
İçərişəhərdə 300 ev və 3000
əhali var idi. Şəhərin böyüməsində
neftçıxarma önəmli rol oynadı. Bakının
neft mədənlərinin intensiv istismarına başlandı.
1848-ci ildə Bakıda (Bibiheybət yatağında)
dünyada sənaye üsulu ilə ilk dərin neft quyusu
qazıldı. 1880-1885-ci illərdə neftin
daşınması üçün ilk tankerlər
istifadəyə verildi. Bakıda XX yüzillik
ərəfəsində dünya neft ehtiyatının
təqribən yarısı qədər "qara
qızıl" çıxarılmışdı.
Şəhərimizdə sement zavodu, mexaniki zavod, pivə
zavodu, elektrik stansiyaları, toxuculuq və tütün
fabrikləri, buxar dəyirmanları, banklar işə
salınmışdı. 1883-cü ildə Bakı-Tiflis
dəmir yolu işə
salınmışdı. 1882-ci ildə şəhər at
konkası istifadəyə verilmişdi. 1900-cü ildə
Bakı-Petrovsk (indiki Mahaçqala) dəmir yolu
çəkilmişdi. 1886-cı ildə ilk telefon stansiyası
tikilmişdi. 1917-ci ildə Bakıya indiyədək
fəaliyyətdə olan Şollar suyu boru kəməri ilə
su verilməyə başlamışdı. Xarici ölkələrdən iş dalınca Bakıya
gələnlərin sayı durmadan artırdı. 1883-cü
ildə Bakıda 45 min adam yaşayırdı. 1913-cü
ildə əhalinin sayı 200 min nəfərə
çatmışdı. XIX əsrin sonunda Bakı Rusiyanın
ən iri sənaye və mədəniyyət mərkəzlərindən
birinə çevrilmişdi.
Rusiyada müvəqqəti hökumət
yıxıldıqdan və hakimiyyətə bolşeviklər
gələndən sonra 1917-ci ilin 2 noyabrında Bakıda Xalq
Komissarları Soveti adında qurumun konfransında sovet
hakimiyyətinin qurulduğu elan edildi. 1918-ci ilin mart ayında
Bakı Sovetinin şəhərdə azərbaycanlı
məhəllələrində silahsız adamlara
qarşı qırğın əməliyyatı aparması
nəticəsində 10 mindən artıq əhali qətlə
yetirildi. Bolşevik və erməni bandaları
müsavatçılara qarşı mübarizə
pərdəsi altında dinc azərbaycanlıları
qırmağa başladılar. Quldur dəstələrinə
qaniçən S.Şaumyan başçılıq edirdi.
Şəhərin azərbaycanlılar yaşayan
məhəllələri havadan və dənizdən
atəşə tutulmuşdu. Gəmilərdən atılan
şrapnellər Qız qalasının divarlarını da
zədələmişdi. İndiki zamanda da Qız qalasının
aldığı yaralar dəniz tərəfdən aydın
görünür. Hətta sonradan daşla
hörülmüş şrapnel yerləri Qız
qalasının tutqun daş fonunda aydın görünür.
Sonralar bolşevik və daşnak quldur dəstələri
Azərbaycanın bölgələrində
qırğınlar törətmişdilər. Bu
yaxınlarda Quba şəhərində aşkar edilmiş
məzarlıq ermənilərin azərbaycanlılara
qarşı soyqırımı vəhşiliklərinin bariz
sübutudur.
1918-ci ilin may ayının 28-də "Müsavat"
partiyası başda olmaqla Azərbaycan Xalq Cümhuriyyəti -
müsəlman Şərqində ilk respublika yarandı. Bakı
şəhəri Bakı Kommunasının, sonra isə
Sentrokaspi Diktaturasının əlində olduğu
üçün milli hökumət öz iclaslarını
əvvəlcə Tiflisdə, sonralar isə Gəncədə
keçirirdi. Gənc Azərbaycan Cümhuriyyətini darda
qoymayan 15 minlik Qafqaz İslam Ordusu başda Nuru paşa olmaqla
Bakıya girdi. Lənət qazanmış
erməni və Kommuna ordusuna qarşı türklərlə
yanaşı, general Şıxlınskinin yenicə
təşkil etdiyi Azərbaycan hərbi hissələri də
döyüşürdü. 1918-ci il noyabr ayının
18-də F.Xoyski başda olmaqla milli hökumət Bakıya
gəldi. Onun hakimiyyət dövrü təqribən iki
il çəkdi. Rusiyanın 11-ci quldur ordusunun hissələri
dövlətimizin sərhədlərini keçib aprelin
28-də Bakıya daxil oldu və Bakıda
fəhlə-kəndli sosialist inqilabının qalibiyyəti
elan edildi. Qırmızı istilaçı ordu
Bakıda sovet hakimiyyəti elan olunandan dərhal sonra, yəni
30 aprel ilə 2 may arasında Rusiyaya 1,3 milyon pud neft
doldurulmuş 12 paroxod yola salındı. Rusiyaya mayda 15 milyon
pud, iyunda 21,2 milyon pud neft və neft məhsulları
göndərildi. Bu, əsl qarət idi!
Bir kərə enən bayraq bir daha qalxdı və 1991-ci
ildə bütün Azərbaycan kimi, Bakı da öz
müstəqilliynə qovuşdu.
"Bakı" adının mənşəyi
və şəhərin dəqiq yaşı barədə
mübahisələr indi də davam edir. İngilis arxeoloqu
Vilyam Petri güman edir ki, eramızdan əvvəlki ikinci minillikdə
Misirin Ölülər Kitabında yazılmış
"Baxou doğan günəş dağı" sözü
Bakıya aiddir. Bəzi alimlər Bakı adını
qədim əlyazmalarda xatırladılan Qaytara, Albana, Baruka
adları ilə əlaqələndirirlər. Eramızın
V-VII əsrlər məxəzlərində Bakı adı
Baqavan, Atəşi Baquvan kimi xatırladılır. IX
əsrdən başlayaraq ərəb
məxəzlərində ilk dəfə olaraq "Baku",
"Bakux", "Bakuya", "Bakuye"
sözlərinə təsadüf edilir. XVIII əsrdən
başlayaraq Bakının adı fars
mənbələrində "Badkubə", yəni
"Küləklər şəhəri" kimi
çəkilir. Bu sahədə
səriştəli alim sayılan professor Sara xanım
Aşurbəyli "Bakı" adının bir sıra
qədim dillərdə "Günəş" və
"od" mənasında işlədilən "Baqa"
sözündən götürüldüyünə
əminlik ifadə edir. Türkiyənin "İslam
ensiklopediyası"nda Baku, yəni Bakı adının
"Baş şəhər" mənası verən "Bey
Köy" sözündən götürüldüyü
göstərilir. Tarixçi Əli Hüseynzadənin
fikrincə, Bakı adı Mahmud Qaşqarinin XI əsrdə işıq
üzü görmüş məşhur türk
lüğətində "təpə" mənasında
işlədilir. Bəzi alimlər isə Bakı adını
eramızdan əvvəlki XII-V əsrlərdə Abşeronda
məskunlaşmış "bakan", yaxud "baqi"
adlı qədim qəbilələrin adı ilə
əlaqələndirirlər.
Bakı çox əzəmətli və gözəl
şəhərdir. Qədim və həmişəcavan
şəhərimizin memarlıq tarixində yeni səhifə
açılmışdır. Böyük
öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1994-cü ildə Bakıda imzalanmış
"Əsrin müqaviləsi" adlanan neft kontraktı
müasir inkişaf mərhələsinə qaxmaq imkanı
yaratmışdır. Ölkədəki əlverişli investisiya
iqlimi şəhərimizdə müasir binalar tikintisinə
geniş imkanlar açmışdır. Hazırda
şəhər memarlığı yeni inkişaf günlərini
yaşayır. Bakıda yüksək komfortabelli
yaşayış binaları, dünya standartlarına cavab
verən hotel kompleksləri, iri supermarketlər, bank binaları
göz oxşayır. Tikintidə betondan, metaldan və
şüşədən geniş istifadə olunması
sayəsində yeni memarlıq formaları meydana
gəlmişdir. Azadlıq meydanı ansamblı
yeniləşdirilmiş, Bakının dövlət bulvarı
almış dənizkənarı parkında yenidənqurma
işləri aparılmaqdadır. Təzəliklə
istifadəyə verilmiş Musiqili fəvvarənin
ətrafı bakılıların ən sevimli istirahət
yeridir. Bir qədər kənarda əzəmətlə
dalğalanan milli dövlət bayrağımız
şəhərimiz üçün qürur hissimizi daha da
artırır. Bulvar ərazisində çox müasir
üslubda tikilməkdə olan "Muğam teatrı"
şəhərimizin əsrarəngizliyini göylərə
qaldıracaqdır. Milli Məclis binası, Prezident sarayı,
Heydər Əliyev adına saray, "Gülüstan"
sarayı Bakını xeyli gözəlləşdirmişdir.
Heydər Əliyev adına aeroportun yeni binası
şəhərimizə gələn qonaqları öz
möhtəşəmliyi ilə heyran qoyur.
Ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə Bakı
yaşıllıqlar şəhərinə
çevrilmişdir. Şəhər parklarında,
bağlarında, xiyabanlarında, yolların
qıraqlarında, şəhər ətrafında bir milyondan
artıq müxtəlif növ ağac, təqribən iki milyon
kol əkilmiş, 18 hektardan artıq ərazidə gülzarlıq və qazon
salınmışdır. Sahilyanı bulvarın Bayıldan
Sultan buxtasına qədər 30 kilometr uzadılması
nəzərdə tutulmuşdur. Bütün bunlar quruculuq
işlərinin heç də hamısı deyildir. Prezident
İlham Əliyev də böyük öndərin yolunu
uğurla davam etdirir. Onun bilavasitə nəzarəti və
faydalı məsləhətləri ilə şəhərimizdə
abadlıq və yenidənqurma işləri getdikcə
geniş vüsət alır. Biz hamımız
gündən-günə cavanlaşan və
gözəlləşən qədim Bakımızı sonsuz
məhəbbətlə sevirik. Çünki bizim
şəhərdə yaşamaq, yaratmaq çox xoşdur!
Azərbaycan.- 2008.- 31 may.- S. 6.