Ağaoğlu T.

 

Qədim abidələrin qorunmasına beynəlxalq qayğı

 

Tarixi yadigarların - binaların, abidələrin qorunması dünya miqyasında artıq zəruri mədəni tələbata çevrilib və cəmiyyətin durmadan yeniləşib müasirləşməsi ilə paralel inkişaf edir. Mədəni irsin, o sıradan memarlıq irsinin ən yaxşı qorunduğu Avropa ölkələrindən fərqli olaraq, Şərqdə bu sahədə çox ciddi problemlər vardır. Sayqısızlıq, biganəlik, bəzən də imkansızlıq üzündən regiondakı qədim şəhərlər öz tarixi simasını itirir, şəhər mühitinə bənzərsizlik gətirən dəyərli abidələr uçurulur. Ya da Əfqanıstanda olduğu kimi, fanatiklərin fitvası ilə yüzilləri yola salmış azman Budda heykəli partladılır, İraqdakı kimi qədim dövr və orta əsr abidələri terrora məruz qalır. Memarlıq irsinə qarşı yönələn bu acınacaqlı prosesin qarşısının alınması məqsədi ilə beynəlxalq təşkilatlar son illər bir sıra tədbirlər keçirir. Belə önəmli tədbirlərdən biri də YUNESKO-nun keçən ildən başlayaraq təşkil etdiyi beynəlxalq praktik seminarlardır.
Yaxın günlərdə Özbəkistanda keçirilmiş tədbirdə AMEA-nın müxbir üzvü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Azərbərpa" Elmi- Tədqiqat Layihə İnstitutunun direktoru Cəfər QİYASİ də iştirak etmişdir. Onun təəssüratını oxucuların diqqətinə çatdırırıq:
- Beynəlxalq təşkilat "Teymuri memarlıq abidələrinin konservasiyası və idarəçiliyi" mövzusunda ilk seminarını İranda keçirmişdi. Təəssüflər olsun ki, həmin seminara Azərbaycandan heç kim dəvət olunmamışdı. Bu yaxınlarda həmin mövzuda beynəlxalq praktik seminar Əmir Teymurun vətəni Özbəkistanda keçirildi. İştirakçılarının sayı 36 nəfər olan seminarda Özbəkistan, İran və Hindistan nümayəndələri iştirak edirdilər. Mənim həmin seminara Azərbaycan nümayəndəsi kimi qatılmağım YUNESKO-nun Səmərqənd şəhərində fəaliyyət göstərən Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, azərbaycanlı professor Şahin Mustafayevin səyi nəticəsində reallaşmışdı.
Praktik seminarda qarşıya qoyulan məqs
əd 11 ölkənin ekspertlərinin Özbəkistan ərazisində olan Teymurilər dövrünün memarlıq abidələrini naturada müşahidə edib, abidələrin qorunması, idarəçiliyi ilə tanış olduqdan sonra mövcud durumu ətraflı müzakirə etmək və təkliflər verməkdi. İlk tanışlıq və seminarın açılış mərasimi Daşkənddə yeni tikilmiş Teymurilər Tarixi Dövlət Muzeyinin salonunda oldu. Baxılası obyektlər isə Özbəkistanın dörd məşhur tarixi şəhərində - Səmərqənd, Şəhrisəbz, Buxara və Xivədə olan mühüm abidələr idi.
Səmərqənd abidələri ilə 38 il öncə - 1970-ci ildə şəhərin 2500 illik yubileyi günlərində tanış olmuşdum. O zaman və ondan sonra iki dəfə gördüyüm abidələrə bir daha, qrupla birlikdə baxdım, məşhur Səmərqənd kağızının istehsal prosesini izlədim. Teymur dövrünün bir-birindən möhtəşəm abidələri - Registan meydanı, Şahi Zində kompleksi, Gur Əmir türbəsi, Bibi xanım məscidi, ümumiyyətlə, başda olmaqla Səmərqənd YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Bu abidələrin hamısında əsaslı bərpa və konservasiya işləri aparıldığından onların görünüşü ötən illərdə gördüyümə nisbətən xeyli yaxşıdır. Şəhərin tarixi məhəllələri və yaşıllığı yaxşı qorunur.
Özbəkistanın hər vilayətində olduğu
kimi, Səmərqənddə də mədəni irs obyektlərinin qorunması üzrə regional inspeksiya fəaliyyət göstərir. Bir orta əsr mədrəsəsinin içərisində yerləşən inspeksiyaya öz işinin peşəkarı, memar M.Naberayeva rəhbərlik edir. İdarənin iri salonunda Səmərqəndin əski fotoları, rəsmləri, planları və layihələri sərgilənir. Şəhərin tarixi hissəsinin baş planı yüksək peşəkarlıqla işlənmişdir. İnspeksiyanın tərkibindəki xüsusi Elmi Tədqiqat laboratoriyasında abidələr hərtərəfli araşdırılır.
Şəhrsəbzdə - Əmir Teymurun doğulduğu şəhərdə ekspertlər qrupunu təntənəli şəkildə, karnay səsləri və milli rəqslərlə qarşıladılar.
Bu şəhərin ən monumental abidəsi olan Ağ saray baştağı da Dünya İrsi Siyahısına daxil edilmişdir. Əmir Teymurun tikdirdiyi iri saray kompleksindən bu günə onun giriş baştağının uçuqları qalmışdır. Ancaq bu şəkildə də öz monumental görünüşü ilə Əmir Teymur böyüklüyünü və Teymuri dövrü memarlığının bədii-estetik gücünü əks etdirir. Ağ saray yaxşı konservasiya olunub, ətrafı abadlaşdırılıb, baştağın simmetriya oxunda isə Əmir Teymurun monumental heykəli ucaldılıb. Baştağın zəngin kaşı bəzəklərinin üstündə - iki yerdə abidəni ucaltmış sənətkarın adı oxunur - Məhəmməd Yusif Təbrizi.
Səmərqənddə olduğu kimi, Buxara şəhərində də üç gün ərzində çoxsaylı abidələrdə aparılmış bərpa və konservasiya işləri ilə tanış olduq. Tarixi simasını daha çox saxlamış Buxara da Dünya İrsi Siyahısına daxil edilmişdir. Çoxlu birmərtəbəli və çiy kərpicdən tikilmiş evlərdən ibarət olan əski məhəllələri, məscid-mədrəsələri və ziyarətgahları, Ərk qalasını, iri günbəzli böyük ticarət qovşaqlarını, başda Kalyan minarəsi olmaqla boy-buxunlu qüllələrini görəndə özünü əsl orta əsr şəhərində hiss edirsən. Buxaradakı mədəni irs obyektlərinin qorunması üzrə vilayət inspeksiyasına təcrübəli bərpaçı-memar Tuyğun Babayev rəhbərlik edir. İnspeksiyanın ayrıca binası, abidələrin təsvirlərini və bərpa layihələrini sərgiləyən salonu var. Abidələrə nəzarət edən müfəttişlər isə kifayət qədər nüfuz və səlahiyyət sahibləridir. Buxara şəhərində abidələrin bir qismi bərpa və konservasiya edilərək istifadəyə verilib - daha çox otel, istirahət və ticarət mərkəzləri kimi. Bərpa və konservasiya işləri indi də geniş miqyasda aparılır.
Buxaradan Xivəyə cansız səhra boyunca 8 saatdan çox çəkən yol getdik. Xivə şəhərindəki bir günlük səfər proqramımız çox sıx oldu. Qala divarları içərisində bütün əski quruluşunu saxlamış "İçən qala", yəni İçərişəhər Özbəkistanın Dünya İrsi Siyahısında olan dördüncü obyektidir. Bütöv bir şəhərsalma abidəsi olan İçən qalada tarixi mühitin özəlliyini və ya miqyasını poza bilən bircə obyekt də yoxdur. Abidələr bərpa edildikdən sonra turistlərin istifadəsinə verilir. İçən qaladan kənarda, bayır qala divarlarının uzunluğu 400 metrdən çox, qalınlığı 10 metrə, ucalığı 13 metrə yaxın olan qalıqları yenicə bərpa olunmuşdur. Çiy kərpicdən tikilmiş bu nəhəng qurğu indi həm də iri və uğurlu bərpa işi kimi turistlərə təqdim edilir.
Qədim Türküstanın dörd tarixi şəhərində gördüklərimiz, çoxsaylı abidələr və özəlliyi ilə diqqəti çəkən tarixi mühitə münasibət seminara cəlb edilmiş ekspertlərdə müxtəlif fikirlər oyatdı. Hər şəhərdə yerli mütəxəssislərlə müzakirələrdə abidələrdə aparılmış bərpa və konservasiya işlərinin müsbət cəhətləri vurğulanır, çatışmayan, yaxud yanlış işlər nəzərə çatdırılırdı. Bu zaman müasir dünya praktikasında, qonşu ölkələrdə aparılan analoji işlərlə müqayisələr də faydalı olurdu. Özbəkistanda tarixi şəhərlər və memarlıq abidələrinin qorunması, bərpası və konservasiyası dövlət səviyyəsində yaxşı təşkil olunmuş, beynəlxalq təşkilatlarla, xüsusilə YUNESKO ilə sıx əməkdaşlıqda sahənin bir çox problemləri uğurla həll edilir. Qoruma və bərpa işlərinə öz işini yaxşı bilən və ürəkdən sevən mütəxəssislərin cəlb edilməsi bu işdə önəmli rol oynayır.
Özbəkistanda ənənəvi tikinti materiallarının (epoxal kərpic, gəc, ağac, kaşı və s.) istehsalı yaxşı qurulmuş, xalq s
ənətlərini yaşadan emalatxanalar sistemi yaradılmışdır. Bu da bərpa işlərinin keyfiyyətinə müsbət təsir göstərir. Bərpa işlərində çalışan ustalar da ənənəvi metod və üsulları yaxşı mənimsədiklərindən abidələrə kobud müdaxilə, demək olar, baş vermir. Gördüyümüz şəhərlərin tarixi hissəsində çoxmərtəbəli yeni binalar inşa edilmir, aparılan azsaylı tikintilərdə isə tarixi mühitin miqyası, memarlıq-inşaat gələnəyi ehtiramla gözlənilir. Ancaq bəzən ciddi dağıntılara uğramış abidələr bərpa edilərkən tarixilik pozulur - qalmış orijinal hissələrlə bərpa olunmuş fraqmentlər bir-birindən seçilmir. Bəzi abidələrdə isə sement məhlulu açıq şəkildə və bol işlədilir ki, müasir bərpa tələblərinə görə bu yolverilməzdir.
Seminarın koordinatorluğunu başda Frensis Çayld olmaqla YUNESKO-nun Dünya İrsi Mərkəzindən üç mütəxəssis aparırdı. Seminarın iştirakçıları üçün hər bir şəhərin rəhbəri xüsusi qəbul təşkil edir, hər bir ölkənin ekspertinin şəhər və abidələr haqqında düşüncələrini öyrənməyə çalışırdı.
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanla Orta Asiya respublikalarının bərpaçıları arasında mövcud olmuş əlaqələr tamam kəsilmişdir. YUNESKO-nun təşkil etdiyi belə praktik seminarlar təkcə bu respublikalarla deyil, həm də İran və Hindistan kimi bu sahədə böyük təcrübəsi olan mütəxəssislərlə işbirliyi yaratmaq, bərpa sahəsində ortaq problemlərin həllini asanlaşdırmaq baxımından çox önəmlidir.
Növbəti, üçüncü seminar cari ilin oktyabr ayında Hindistanda keçiriləcək. Azərbaycanın bu seminarda daha böyük heyətlə iştirak etməsini, dördüncü seminarın isə respublikamızda keçirilməsini arzu edərdik.
Söhbəti yazdı:

Azərbaycan.- 2008.- 31 may.- S. 7.