Qobustan  tarixi abidə, qoruq, muzey...

 

Min-min illərin sirrini açır bu qayalar. Mağaralar, qayaların altındakı sığınacaqlar burada hələ 35 min il əvvəl insanların yaşamasından xəbər verir. Qayaüstü təsvirlər isə o insanların həyat tərzindən, vərdişlərindən, qayğılarından, maraq dünyasından söhbət açır. Elə buna görə Qobustanın qaya divarlarına çəkilmiş insan, at, öküz, gəmi şəkilləri, əmək, döyüş ov səhnələri alimləri, səyyahları düşündürməkdə, ekskursiyaya gələn hər kəsi heyrətləndirməkdədir.
Bakıdan 65 kilometrlik məsafədə yerləşən bu qədim bənzərsiz muzeyə insanların marağı azalmır. Buraya gələnlər arasında Bakının qonaqları, əcnəbi vətəndaşlar da çox olur.

Təsadüfi deyil ki, Qobustan qoruğu dünya əhəmiyyətli tarixi abidə kimi şöhrət tapıb. Keçən il Qobustan Milli Tarix-Bədii Qoruğu YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.

Azərbaycan.- 2008.- 31 may.- S. 7.