Məmmədov M.
Naxçıvanda aparılan elmi araşdırmalar
erməni millətçilərinə tutarlı cavabdır
Məmləkətimizin ayrılmaz bir parçası olan
Naxçıvanda, qədim oğuz-türk yurdunda doğma
tariximizin tədqiqi, təbliği və öyrənilməsi
istiqamətində son illər həyata keçirilən
tədbirlər daha da çoxalıb. Prezident İlham
Əliyev bu sahədə qarşıya mühüm
vəzifələr qoyub. Naxçıvan
tarixinin fundamental məsələlərinin
öyrənilməsi ilə bağlı keçirilən
toplantıların birində dövlət
başçısı deyib ki, "tez-tez bədnam
qonşuların ərazi iddiaları obyektinə
çevrilən Naxçıvanın tarixinin hələ
də tədqiq edilməyə ehtiyacı olan
səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə,
mədəniyyətə və çoxəsirlik
dövlətçilik ənənələrinə malik olan bu
diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə
dünya ictimaiyyətinə olduğu kimi
çatdırmalı, erməni siyasətçilərinin
tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı
cavab verilməlidir".
Bu sahədə muxtar respublika Ali Məclisi
sədrinin imzaladığı "Ordubad rayonunda Gəmiqaya
abidəsinin tədqiq edilməsi haqqında",
"Naxçıvan Muxtar Respublikası ərazisindəki
tarixi və mədəniyyət abidələrinin qorunması
və pasportlaşdırılması işinin təşkili
haqqında" və "Nuh peyğəmbərin
Naxçıvan şəhərindəki məzarüstü
türbəsinin bərpa edilməsi haqqında"
sərəncamlar xüsusi maraq doğurur. Bəs, bu
sərəncamların icrası sahəsində nə kimi
işlər görülüb?
Müxbirimizin AMEA Naxçıvan bölməsinin sədri,
akademik İsmayıl HacıyevlƏ müsahibəsi məhz
bu barədədir.
- Son illər Naxçıvanda doğma
tariximizin öyrənilməsinə, tədqiqinə
marağın artması hansı amillə bağlıdır,
öz milli varlığımızı və
soykökümüzü açıb ortaya qoymaq
istəyindən, yoxsaE
- 70 il tərkibində olduğumuz SSRİ deyilən bir
ölkədə yaşasaq da tariximizi lazımi səviyyədə
tədqiq edə bilmədik. Sovet dönəmində
tarixçilərimiz xeyli tədqiqatlar aparmış,
yüzlərlə kitab və monoqrafiya çap
etdirmişlər. Tarixçilərimizin əməyini azaltmaq
istəmirəm. Lakin etiraf etməliyik ki, həmin
tarixçilər hakim ideologiyanın tələblərinə
uyğun əsərlər yazırdılar. İmperiya hər
şeyi diktə edirdi. Milli şüuru,
özünüdərk səviyyəsi ilə seçilən
azərbaycanlılar belə məhdudiyyətlərlə
tez-tez qarşılaşmalı olurdular. Ona görə də
tariximizin bir sıra problemlərinin milli yöndən
tədqiq edilməsi mümkünsüz idi. Xüsusilə
XlX-XX əsr tariximiz.
Azərbaycan, eləcə də Naxçıvan tarixinin
öyrənilməsi dövlət müstəqilliyimiz
bərpa edildikdən sonra mümkün olmuşdur. 2002-ci
ildə ulu öndər Heydər Əliyev demişdir:
"İndi heç kəs, heç nədən qorxmasın.
Belə şeylərdən ötrü heç kəsi
cəzalandırmaq mümkün deyildir. Heç kəs
müstəqil Azərbaycanın işinə qarışa
bilməz. Mən də Azərbaycan Prezidenti kimi
sizə və bütün əhalimizə, bütün
alimlərimizə, ziyalılarımıza bildirmək
istəyirəm ki, Azərbaycanın, onun xalqının
tarixini, mədəniyyətini, keçmişini dürüst,
əsaslı şəkildə sübut edən hər bir
əsər bəyəniləcəkdir. Bu barədə
heç kəsə nə millətçi damğası
vurulacaq, nə də kimsə günahlandırılacaqdır.
Bununla bir daha bildirmək istəyirəm ki, indi, müstəqil
dövlət şəraitində bizim alimlərimizin
böyük imkanları var...".
Naxçıvan elə bir bölgədir ki, burada yaşayan
əhali hadisələrə obyektiv münasibəti ilə
həmişə seçilib. Naxçıvanlılar
sərhəd çəpərlərini
görmüşdülər. Sovetlər birliyi
dövründə, hətta bu bölgədə anadan olmuş
hər hansı bir adam, doğulduğu əraziyə
gəlmək üçün icazə almalı olurdu. Bu
sərhəd bölgəsinin tələbi idi. Bu
bölgənin sakinləri erməni millətçilərinin
də haqsız təbliğatları və əməlləri
ilə tez-tez qarşılaşırlar. XlX əsrin 30-cu
illərində bu əraziyə köçürülən
ermənilər torpaqlarımıza göz dikməyə
başladılar. Tarixi abidlərimizi
dağıdır, oğurlayır, yerli əhaliyə
qarşı çıxır və onları soyqırıma
məruz qoyurdular. İri dövlətlərin hamiliyindən
istifadə edən erməni daşnakları dünən
olduğu kimi, bu gün də məkirli planlarını
gizlətmir, ərazini "böyük Ermənistan"ın
tərkib hissəsi hesab edirlər.
Elə bu səbəblərdən son illər tariximizin obyektiv
öyrənilməsinə, hərtərəfli tədqiq
edilməsinə xüsusi əhəmiyyət verilir.
Təsadüfi deyildir ki, son 10-12 ildə Naxçıvan tarixi
ilə bağlı fundamental tədqiqatlar aparılmış,
kitab və monoqrafiyalar çap olunmuş, namizədlik və
doktorluq dissertasiyaları yazılmışdır.
- Gəmiqaya abidələri xalqımız üçün
nə deməkdir?
- Gəmiqaya abidələri keçən əsrin 70-ci
illərindən öyrənilməyə başlanılsa da,
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci
dəfə hakimiyyətə qayıdışından sonra
buna daha böyük diqqət yetirilmişdir. Ordubad rayonu
ərazisində, Kiçik Qafqaz dağlarının dəniz
səviyyəsindən 3500-3700 metr yüksəkliyində
Gəmiqaya adlı tarixi-etnoqrfik abidələr kompleksi
yerləşir. Xalqımızın tarixi etnoqrafiyası və
arxeologiyası üçün böyük
əhəmiyyətə malik olan Gəmiqaya qayaüstü
təsvirləri ərazidəki Qaranquş, Camışölən
və Nəbiyurdu yaylaqlarında qeydə
alınmışdır. Gəmiqaya abidələri
xalqımız üçün müstəsna tarixi
əhəmiyyətə malikdir. Tədqiqatçıların
fikrincə, Gəmiqaya təsvirləri e. ə. lV-l
minilliklərdə yaşamış tayfaların həyat
tərzini və mədəni inkişaf yollarını
hərtərəfli izləməyə imkan verir. Gəmiqayada
2000-ə qədər qayaüstü təsvirlər aşkar
olunmuşdur. Bunlar əcdadlarımızın inancına, əmək
fəaliyyətinə, ovçu, maldar və əkinçi
tayfalarının təsərrüfat həyatına həsr
olunmuşdur. Gəmiqaya qayaüstü təsvirləri
içərisində bayram mərasimlərini əks
etdirən rəsmlərlə yanaşı, müxtəlif
astronomik-coğrafi təsvirli rəsmlər də vardır.
Sərt qayalar üzərində adam, keçi, öküz,
maral, it, canavar, bəbir, quş rəsmləri, müxtəlif
piktoqrafik işarələr, ov və rəqs
səhnələri çox böyük məharətlə
həkk edilmişdir. Burada türk xalqlarının
totemləri ilə bağlı təsvirlər də
özünə yer almışdır. Səma cisimləri
ilə əlaqədar qazılmış təsvirlər ciddi
maraq doğurur.
Ulu öndər Heydər Əliyevin göstərişi ilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov 26 aprel 2001-ci il tarixdə "Ordubad
rayonundakı Gəmiqaya abidələrinin tədqiq edilməsi
haqqında" sərəncam imzalamışdır. Bu
sərəncama qədər Gəmiqayada Ə. Hüseynli
və V. Əliyev tədqiqat işləri aparmışlar.
Həmin illərdə (1970-1987-ci illər) Gəmiqayaya getmək
çətinlikləri geniş və hərtərəfli
tədqiqatlara imkan verməmişdir. Adıçəkilən
sərəncamdan sonra yenidən tədqiqat işlərinə
başlanılmış, Gəmiqayaya yol çəkilmiş,
tədqiqatçılara işləmək üçün
hər cür şərait yaradılmışdır. Gəmiqayaya
elmi ekspedisiyalar təşkil edilmişdir. Ekspedisiyalarda
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun,
Arxeologiya və Etnoqrafiya İnstitutunun, Naxçıvan
bölməsinin, Naxçıvan Dövlət Universitetinin
və başqa elm və təhsil müəssələrinin
əməkdaşları iştirak etmişlər. 2001, 2002
və 2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin
sədri V. Talıbov Gəmiqayada olmuş, ekspedisiya
üzvləri ilə görüşmüş, tədqiqat
işləri ilə maraqlanmışdır. 2005-ci ildə
Gəmiqayanın özündə simpozium keçirilmiş,
görülmüş işlər barədə
məruzələr dinlənilmişdir. Alimlərdən
V.Əliyev, İ.Nərimanov, V.Baxşəliyev, Q.
Qədirzadə, F. Səfərli, A.Seyidov, V.Kərimov,
N.Müseyibli, Ə.Fərzəli və digərlərinin
apardıqları tədqiqatların nəticəsi
barədə monoqrafiyalar yazılmış,
məqalələr çap olunmuşdur.
Adlarını qeyd etdiyim
tədqiqatçıların reallığa
söykənən elmi nəticələrində Gəmiqaya
ilə bağlı erməni "alimlərinin"
uydurmaları rədd edilir və bunların qədim türk
dünyası mədəniyyəti üçün
səciyyəvi olduğu təsdiq edilir.
Gəmiqaya abidələrinin tarixi əhəmiyyətindən
bəhs edən ulu öndər Heydər Əliyev demişdir:
"Bu, bildiyiniz kimi, həm təbiətin böyük bir
abidəsidir, eyni zamanda, insan
yaradıcılığının abidəsidir. Bu abidə
Azərbaycanındır. Azərbaycan tarixini əks etdirən
abidədir...".
Həqiqətən də Gəmiqaya abidələri
xalqımızın ən qədim tarixinin və mənəvi
mədəniyyətinin öyrənilməsi üçün
əvəzsiz xəzinədir. Bu xəzinənin
imkanlarından bundan sonra səmərəli istifadə
olunmalıdır.
- Bu bir həqiqətdir ki, tarixin daş dövründə
də Naxçıvanda insanlar yaşamış, bir çox
mağaralar, abidələr mövcuddur. Buna Şərur rayonu
ərazisindəki Qazma, Ordubaddakı Kilit
mağaralarını, Naxçıvan şəhərinin
yaxınlığındakı Əshabi-Kəhf abidəsini
misal göstərmək olar. Ümumiyyətlə, bilmək
istərdik, Naxçıvanda insan
yaşayışının tarixi nə vaxtdan başlanır?
- Tədqiqatlarla müəyyən olunmuşdur ki, qədim
Azərbaycan torpağı olan Naxçıvan Yer
kürəsində həyatın başlandığı ilk
insan məskənlərindən biridir. Bu
ərazidə zəngin maddi-mədəniyyət
nümunələrinin aşkar olunması burada qədim
daş dövründən başlayaraq ardıcıl həyat
sürüldüyünü, mədəniyyətlər
arasında qırılmaz varislik əlaqələrinin
olduğunu göstərir. Müəyyən edilmişdir
ki, hələ 100-35 min il bundan əvvəl başlamış
Mustye mədəniyyəti dövründə burada ibtidai
insanların məskunlaşmasına şərait
yaranmışdır. Batabat yaylağında, Qazma mağarasında,
Naxçıvançay və Əlincəçay
vadilərində, Kilit mağarasında, İlandağın
cənub ətəyində və digər abidələrdə
Daş dövrü mədəniyyətinin izləri aşkar
olunmuşdur. Arxeoloqlar Qazma mağarasından
çaxmaqdaşı və obsidiandan hazırlanmış
Mustye dövrü əmək alətləri, ovlanmış
heyvanların sümüklərini tapmışlar.
Kültəpə yaxınlığından Aşöl
mədəniyyəti dövründə hazırlanmış
əl çapacağı qeydə alınmışdır.
Bütün bunlar onu göstərir ki, Naxçıvan
ərazisində ən qədim insanların ilk
yaşayış məskənləri olmuşdur.
Naxçıvanda 50-ə qədər karst mağaraları
mövcuddur. Bunların bir hissəsindən ən qədim
insanlar yaşayış məskəni kimi istifadə
etmişlər. Arxeoloqlardan O. Həbibullayevin, M. Hüseynovun,
V. Əliyevin, Ə. Cəfərovun, V.Baxşəliyevin və
başqalarının əldə etdiyi tapıntılar bu
ərazidə ibtidai insanların 100-80 min il bundan əvvəl
yaşadığını söyləməyə əsas
verir.
- Yəqin həmin sakinlər də türk mənşəli
olublar...
- Naxçıvanın etnik tarixinə xüsusi tədqiqat
əsəri həsr edilməsə də belə bir
cəhət bizim üçün məlumdur ki, e. ə. lV-ll
minilliklərdə bu regionda güclü tayfa ittifaqları
əmələ gəlib. Qədim azərbaycanlılar
lullubeylər, kutilər, kaspilər, mannalılar, aranlılar
və başqa adlarla tanınmışlar. Bu qədim
etnosların dilləri haqda heç bir dəqiq elmi
mənbə bizə gəlib çatmamışdır. Lakin
bir həqiqət elmə məlumdur ki, min illər bundan
əvvəl Azərbaycanda yaşayan lullubi, kuti, turukki, kassi,
su, naxçı, subar, skif və digər tayfalar Azərbaycan
xalqının ulu əcdadları olmuşlar.
Araşdırmalar göstərir ki, Naxçıvanın
tarixi Urmiya gölü hövzəsi və Mesopotamiyada yaranan
sivilizasiya ilə daim bağlı olmuşdur. Naxçıvan
ərazisi tarix boyu Urmiya gölü hövzəsi ilə vahid
mədəni rayona daxil olmuş, bu hövzədə baş
verən mədəni, etnik və siyasi proseslər
Naxıçvana bilavasitə təsir etmişdir. Elmə bu da
məlumdur ki, Naxçıvan ərazisində olan etnoslar
türk mənşəlidir. Naxçıvan toponimləri bu
fikri təsdiq edir. Tarixi qaynaqlara görə bu bölgəyə
madaylar köçürülüb. Yeni tədqiqatlar
madayların türk mənşəli olduğunu sübut edir.
Naxçıvan bölgəsində bulqarlar, hunlar,
peçeneqlər, kəngərlər, xəzərlər
və başqa türk mənşəli etnoslar
yaşamışlar. Bu diyarda Azərbaycan xalqının
zəngin tarixi və mədəni irsi
formalaşmışdır. Bu gün 50-ə qədər
etnosun adı Naxçıvanın kənd yaşayış
adlarında hifz olunur. Yuxarıda deyilənlər və
başqa faktlar Naxçıvan bölgəsində türk
mənşəli əhalinin yerli olduğunu göstərir.
- Naxçıvanın qədim tarixi ilə bağlı
maraqlı anlarından və öyrəniləsi
səhifələrindən biri də Nuh peyğəmbər
və onun gəmisi ilə bağlı yaranan
əfsanələrdir. Hazırda bu torpaqda onun
məzarüstü türbəsi bərpa olunur. Bununla
bağlı Ali Məclis sədrinin sərəncamı da var.
Elm adamı kimi bu məsələyə
baxışınızı bilmək istərdik.
- Nuh peyğəmbər və onun gəmisi ilə
bağlı yaranan əfsanələr bu gün də bir sıra
elm sahələrində tədqiq edilir və müxtəlif
mülahizələr irəli sürülür. Qədim dövrlərdən Naxçıvan
əhalisi arasında yayılan şumer mənşəli
rəvayətə görə təxminən 7500 il bundan
əvvəl baş vermiş daşqın zamanı Nuh və
ona iman gətirələnlərin mindiyi gəmi ilk dəfə
Naxçıvanda quruya çıxmış və insanlar
burada məskən salmışlar. Yeni nəsil buradan
törəyərək artmış, təşəkkül
tapmışdır. Bir çox əfsanə və
rəvayətlərin yaranmasının elmi əsası
olduğu artıq təsdiq edilmişdir. Bunu Naxçıvan
ərazisində ümumdünya daşqını barədə
rəvayətlərin yayılması və Nuhla bağlı
yer adlarının çoxluq təşkil etməsi bir daha
sübut edir. Yer üzündə elə bir ərazi yoxdur ki,
orada Naxçıvandakı qədər Nuhla bağlı
toponimik vahid (Nuhdaban, Naxçıvan, Nəhəcir, Nehrəm
və s.) olsun. Xalq arasında yayılmış
və bu gün də mövcud olan inama görə
Naxçıvan şəhərinin cənubunda Nuhun,
şimal-qərbində isə bacısının qəbri
vardır.
"Ümumdünya tufanı" və Nuhla əlaqədar
rəvayətlər daha çox Naxçıvanla
bağlı olmuşdur. K. Ptolemey ilk dəfə
Naxçıvanı Nuh peyğəmbərin məskəni
kimi xatırlatmışdır. Əl-Şərifi nəinki
Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin
qalıqlarının da Naxçıvanda olduğunu
yazmışdır. İ. Flavi Naxçıvan
torpağını Nuhun gəmisinin dayandığı ilk
ərazi hesab etmişdir. İ. Dyakonov Naxçıvanın
Nuhla bağlılığı məsələsini
şumerlərdən gələn əfsanə ilə
əlaqələndirmişdir. K. Nikitin Nuhun və ailəsinin
Naxçıvanda yaşaması, burada duz
karxanalarındakı fəaliyyəti, özünün və
ailəsinin dəfn olunması barədə məlumat verir. O,
həm də Naxçıvan şəhərində olan Nuhun
qəbrinin yerləşdiyi yeri bildirir və onun səkkizinci
yüzillikdə bərpa olduğunu söyləyir. Rus
tədqiqatçısı V. Sısoyev Nuhun türbəsinin
təsvirini vermişdir. K. Smirnov Nuhun qəbrinin
Naxçıvanda olduğunu söyləmiş və onun
yerini göstərmişdir. B. Kəngərli ötən
əsrin 20-ci illərində Nuh peyğəmbərin
Naxçıvandakı türbəsini 6 dəfə naturadan
kətan üzərinə köçürmüşdür.
Verilən məlumatlardan aydın olur ki, Nuh peyğəmbərin
qəbirüstü türbəsi Naxçıvan
şəhərində olmuşdur.
Sovet hakimiyyəti illərində yüzlərlə tarixi
abidəmiz kimi Nuh peyğəmbərin qəbri
üzərindəki türbənin qalıqları da
dağıdılmış və unudulmuşdur. Rus jurnalisti
Polyakovun gizli olaraq Naxçıvana səfəri, Nuhla
bağlı saxta və uydurma fikirləri mətbuata
ötürməsi Akademiyanın Naxçıvan
bölməsinin əməkdaşlarını obyektiv
tədqiqatlara sövq etmişdir. Arxeoloji qazıntılar
apararaq türbənin yerini dəqiqləşdirdik.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri 28 iyun 2006-cı ildə "Nuh
peyğəmbərin Naxçıvan şəhərindəki
məzarüstü türbəsinin bərpa edilməsi
haqqında" sərəncam imzalayıb, aidiyyəti
təşkilatlara tapşırıqlar verilib. İlk
növbədə Nuh peyğəmbərin türbəsinin
layihəsi hazırlandı, ərazi
abadlaşdırıldı və türbənin
bərpasına başlanıldı. Artıq Naxçıvan
şəhərinin Köhnəqala adlandırılan ərazisində
Nuh peyğəmbərin məzarüstü
türbəsində son tamamlama işləri aparılır. Naxçıvan rəhbərliyinin bu
işlərə xüsusi önəm verməsinin
nəticəsidir ki, onlarla tarixi abidədə bərpa və
yenidənqurma işləri aparılmışdır.
- Ümummilli lider Heydər Əliyev Möminə xatun
məqbərəsi ilə tanış olarkən belə bir
ifadə işlədib ki, bizlər çox vaxt bu
abidəni gözəl memarlıq abidəsi kimi təqdim
edirik. Bu abidənin memarlıq qiyməti ilə bərabər,
bizim üçün bəlkə daha da böyük
qiyməti Azərbaycanın qədim dövlət
olmasını göstərməsidir. Bu təkcə
memarlığın nə qədər zənginliyini yox,
dövlətçiliyin nə qədər zəngin, nə
qədər qədim olduğunu göstərir. Bax, bu
dövlətçilik ənənələrinin
başlanğıcı nə vaxt qoyulub? Memarlıq və
tarixi abidələrimiz o ənənələrdən necə
"danışır"?
- Azərbaycanın 5000 illik dövlətçilik tarixi var.
Azərbaycan (Cənubi Azərbaycan) ərazisində meydana
gəlmiş ilk dövlət qurumu Aratta idi. E. ə. lll
minilliyin birinci yarısında meydana gəlmiş ilk
dövlət qurumu Urmiya gölünün cənub və
cənub-şərq hissəsini əhatə edirdi. Quldarlıq
quruluşu dövründə Azərbaycan ərazisində
Lullubi, Kutium, Manna, Kimmer-skif-sak padşahlığı, sonra
isə Atropotena və Albaniya kimi dövlətlər mövcud
olmuşdur.
Konkret Naxçıvana gəldikdə isə
Naxçıvan uzun əsrlər ərzində bir-birini
əvəz edən Manna, Midiya, Əhəmənilər
imperiyası, Atropotena, Parfiya, Sasanilər, Ərəb
xilafəti, Səlcuq və sonrakı dövlətlərin
ən inkişaf etmiş əyalətlərindən biri
olmuşdur. Bir sıra hallarda Naxçıvan
mərkəz funksiyasını yerinə yetirmiş,
sənətkarlıq və ticarət mərkəzi kimi
tanınmışdı. Azərbaycanın dövlətçilik
tarixində Naxçıvanın özünəməxsus yeri
var. Xll əsrin 30-70-ci illərində Naxçıvan
Azərbaycan Atabəyləri dövlətinin paytaxtı kimi
inkişaf etmişdir. Naxçıvan xanlığı,
Araz-Türk Respublikası dövlətçilik tariximizdə
önəmli rol oynamışdır. Atabəylər
dövrü Azərbaycanın intibah illəridir.
Dövlətin möhkəmləndirilməsi, ictimai-siyasi
sabitlik ölkənin dirçəlməsi və
inkişafına, mədəniyyətin inkişafına
səbəb olur. Ulu öndərimizin də çox
böyük qiymət verdiyi Möminə xatun , eləcə
də Yusif Küseyir oğlu türbələri, digər tarix
və mədəniyyət abidələri həmin
illərdə tikilmişdir. Naxçıvan ərazisində
ilk orta əsrlərdən üzü bəri bizə
qədər minlərlə tarix və mədəniyyət abidələri
olmuşdur. Bu abidələrin bir qismi - Yusif
Küseyir oğlu, Möminə xatun, Quti xatun, Gülüstan
türbələri, İmamzadə, Qarabağlar, Xanəgah
kompleksləri, Aza, Qazançı körpüləri,
Naxçıvan xanlarının evi bu günə qədər
gəlib çatdığı halda, yüzlərlə
abidələrimiz müxtəlif
səbəblərdən dağılmış, məhv
edilmişdir.
- Son illər bölgədə tarixi
abidələrin qorunması və
pasportlaşdırılması ilə bağlı aparılan
işlər də razılıq doğurur. Üstəlik
də regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı çərçivəsində
regionda aparılan quruculuq tədbirləri də bu
sahədən yan ötməyib. Bu istiqamətdə
aparılan elmi-tədqiqat işlərində nə kimi
yeniliklər, dəyişikliklər var?
- Cənab İlham Əliyev ölkə Prezidenti
seçildikdən sonra regionların sosial-iqtisadi
inkişafına daha çox əhəmiyyət verilmişdir.
Naxçıvan da hərtərəfli surətdə
inkişaf edir.
Tarix və mədəniyyət abidələri ikinci
həyatını yaşayır. Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin 6 dekabr 2005-ci il
tarixdə "Naxçıvan Muxtar Respublikası
ərazisindəki tarix və mədəniyyət
abidələrinin qorunması və pasportlaşdırılması
işinin təşkili haqqında" sərəncamı bu
işə böyük təkan vermişdir.
Naxçıvan Muxtar Respublikası ərazisindəki
bütün abidələr dövlət tərəfindən
qorunur, onların qayğısına qalınır, təmir,
bərpa və restavrasiya olunur. Həmin sərəncamdan sonra
AMEA-nın Naxçıvan bölməsində işçi
qrupu yaradılmış və abidələrin
pasportlaşdırılması işinə başlanılmışdır.
Hər bir abidə qeydə alınmış və ona pasport
yazılmışdır. 2006 və 2007-ci illərdə 1157
abidə qeydə alınmışdır. Pasport yazılarkən
abidənin adı, şəkli, əhəmiyyətlilik
dərəcəsi, xarakteristikası, tipologiyası, mövcud
vəziyyəti, dövrü və başqa
cəhətləri nəzərə alınmışdır.
Təbii ki, bütün bunlar bölmə
əməkdaşlarının elmi-tədqiqat
işlərində də əks olunmuşdur. Xüsusilə
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi
əməkdaşlarının fərdi planları
tutularkən bu cəhətlər nəzərə
alınmışdır. İnstitut əməkdaşları
ABŞ və Fransa arxeoloqları ilə birgə tədqiqat
işləri və arxeoloji qazıntılar aparırlar.
"Naxçıvan ensiklopediyası" (2 cild),
"Naxçıvan: tarixi və abidələri",
"Naxçıvan abidələri ensiklopediyası",
"Naxçıvan tarixi"nin (2 cild) hazırlanmasında
fəal iştirak etmişlər.
- Eşitdiyimizə görə, artıq "Naxçıvan
abidələri" adlı ensiklopedik nəşrin
hazırlanmasına ciddi hazırlıq işləri
görülür. Bu ensiklopediyanın hazırlanması
abidələrimizin öyrənilməsi və beynəlxalq
miqyasda təbliği sahəsində çox mühüm
mənbə ola bilər.
- Artıq "Naxçıvan abidələri
ensiklopediyası" hazırlanıb qurtarmaq üzrədir. Bu
ensiklopediya bilavasitə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri V.Talıbovun tövsiyəsi ilə
hazırlanır. Gizli deyil ki, məkrli qonşularımız
Naxçıvana qarşı ərazi iddialarından, onun
abidələrindən əl çəkməmişlər.
Yəqin ki, yadınızda olar, bir neçə ay bundan
əvvəl erməni lobbisi Harvard Universitetində
Naxçıvan abidələri ilə bağlı sərgi
və konfrans keçirmişdir. Naxçıvan
ziyalıları həmin tədbirin
təşkilatçılarına 800-ə yaxın etiraz
məktubu göndərmişdi.
İlk növbədə, Naxçıvan MR ərazisindəki
bütün tarixi, arxeoloji, memarlıq, monumental sənət
abidələrini və başqa abidələri qeydə
aldıq. Qeydə alınan 1157 abidə
içərisində bir dənə də olsa qeyri-millət
və xalqlara aid abidəyə rast gəlinməmişdir.
Qeydə alınmış abidələrdən 60-a
yaxını dünya, 550-ə qədərı ölkə
və bir o qədərı də yerli əhəmiyyətlidir.
Ensiklopediya iki dildə-Azərbaycan və ingilis dilində
olacaqdır. İşlər yekun mərhələsindədir.
Ensiklopediyada 806 şəkildən, 5 xəritədən, 21
sxemdən, çoxsaylı maddi-mədəniyyət
nümunələrinin şəkillərindən istifadə
olunub. Bu ensiklopediya beynəlxalq miqyasa çıxacaq
səviyyədə hazırlanmış, Naxçıvan
və onun abidələri haqqında doğru və
dürüst məlumat verilmişdir. Gələcəkdə
bu ensiklopediya həm də çox mühüm mənbə
rolunu oynayacaqdır.
- İsmayıl müəllim, sizcə, görülən
işlər, həyata keçirilən tədbirlər
erməni millətçiləri, siyasətbazları
üçün necə, tutarlı dərs ola
biləcəkmi?
- Naxçıvan Muxtar Respublikasında görülən
bütün işlər, eləcə də elm, mədəniyyətlə
bağlı həyata keçirilən tədbirlər
erməni millətçilərinə tutarlı cavabdır. Lakin erməni siyasətbazları bundan nəticə
çıxaracaqları mövqeyindən yanaşsaq, bu,
sadəlöhvlük olar. İndiki Ermənistanda,
Dağlıq Qarabağda, onun ətrafındakı 7 rayonda tarix
və mədəniyyət abidələrimizi,
qəbiristanlıqlarımızı yerlə-yeksan edən,
dağıdan erməni millətçiləri bəzən
bizi "günahkar" çıxarmırlarmı? Erməni
millətçilərinin fikirləri yalan üzərində
köklənib. Biz öz obyektiv fikirlərimizi, tədqiqatlarımızı,
tarix və mədəniyyətimizi ortaya qoymalı,
beynəlxalq ictimaiyyətə çatdırmalı, erməni
yalan və uydurmalarını ifşa etməliyik. Bir an da olsa
unutmamalıyıq ki, bizim düşmənlərimiz
cilddən-cildə girən, məkirli yol tutan,
fəaliyyətlərində uydurma və saxtakarlıqlara
əsaslanan bir "milllətdir".
Azərbaycan.- 2008.- 24 may.- S. 6.