Rasimoğlu A.

 

Azıx mağarası 5 metr dərinlikdə qazılıb

 

Laçın Şuşada isə tikinti-quruculuq prosesi başlayıb

 

"Şuşa, Laçın, Kəlbəcər, həmçinin Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının hər birində 200-dən 2000-dək adam məskunlaşdırılıb.

2010-cu ilədək Dağlıq Qarabağ əhalisini 300 min nəfərə çatdırmaq planının həyata keçirilməsi məqsədilə Ermənistan rəhbərliyi həmin ərazilərdə məskunlaşan insanlara kreditlər verir" - bu məlumatlar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi (MMKHM) İctimai Birliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması" mövzusunda keçirdiyi "dəyirmi masa"da səsləndirildi. MMKHM sədri Nadir Abdullayev Qarabağın işğalının Azərbaycana 60 milyard dollar ziyan vurduğunu dilə gətirdi: "Onlar hər vəchlə bu ərazilərin ermənilərə məxsus olduğunu deyirlər. Bu kurs iki xətlə aparılır. Birinci Azərbaycana məxsus abidələrin məhv edilməsinə, ikinci xətt isə tarixi abidələrimizin dəyişdirilərək onların guya ermənilərə məxsus olduğunu sübuta yetirməyə yönəldilib". N.Abdullayev ermənilərin Azıx mağarasının guya onlara məxsus olması haqda iddialarından geri çəkilmədiklərini bildirdi: "Bir neçə gün öncə ermənilər Böyük Britaniyadan arxeoloq gətirərək Azıx mağarasında qazıntı işlərinə başlayıblar. Onlar bir zamanlar buradan tapılmış neandertal insanının çənə sümüyünün ermənilərə məxsus olduğunu deyirlər. Bədnam qonşularımızın saxta iddiaları bununla yekunlaşmır. Onlar guya Ağdamda mövcud olmuş qondarma Tiqranakert adlı şəhərin qalıqlarını "axtarırlar". Erməniləşdirmənin ikinci ən böyük istiqaməti işğal olunmuş əraziləri məskunlaşdırmaqdır. "Artsaxa qayıdış" proqramı bu siyasətin tərkib hissəsidir. Bunun sponsoru isə Qərbi Amerikanın Erməni Təsisi, Hayastan Fondları Tehranın Erməni Yeparxiya Şurasıdır". N.Abdullayev xəbər verdi ki, Ermənistanın bütün şəhər kəndlərində yaradılan miqrasiya xidmətləri əhalini Qarabağa köçürməklə məşğuldurlar: "Hər il 200-300 ailə Qarabağa yerləşdirilir. Laçın dəhlizində 1000-ə qədər erməni ailəsi yerləşdirilib. Yeni hökumət parçalanmış ölkəni birləşdirmək üçün Dağlıq Qarabağ variantından istifadə etməyə başlayıb. Laçında artıq 8 orta məktəbin tikintisi, 19-nun təmiri, 3 uşaq bağçasının inşası planlaşdırılıb. Təhsil müəssisələrinin 21-i kompüterlə təchiz ediləcək. Laçında 60 kilometr yol örtüyünün təmiri planlaşdırılır. Bununla yanaşı, 1 poliklinika, 4 tibb məntəqəsi, 1 ticarət mərkəzi tikiləcək. Eyni zamanda 540 nəfəri işlə təmin edəcək yeni müəssisənin tikintisi nəzərdə tutulub".
   Abidələrin Mühafizəsi İctimai Birliyinin sədri Faiq İsmayılov isə Azıx mağarasında aparılan qazıntı işlərindən danışdı. Bildirdi ki, mağara 5 metr dərinliyində qazılıb, bu işlərə 1 kəndin əhalisi cəlb edilib: "Artıq Şuşada 1200 ailə məskunlaşdırılıb. Hər doğulan uşağa 1000 dollar pul ödənilir. Laçında isə hər ailəyə ildə 1 inək verilir. Bu barədə məlumatları abxazlar veriblər. Onlar bu barədə film çəkiblər". Tədbir iştirakçıları sonda BMT, ATƏT ATƏT-in Minsk Qrupunun üzvü olan dövlət başçılarına rəsmi müraciət ünvanladılar.
   

Həftə içi.- 2008.- 15 may.- S. 3.