Mayın 23-də Milli
Məclisin Aqrar siyasət daimi komissiyasının iclası
keçirildi. İclası açan komissiyanın
sədri Eldar İbrahimov gündəlikdə
üç məsələnin
olduğunu bildirdi. Əvvəlcə "Turizm
haqqında" Azərbaycan
Respublikasının Qanununa
dəyişiklik və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2007-ci il
5 iyun tarixli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər
edilməsi haqqında"
qanun layihəsi müzakirə edildi. Bildirildi ki, layihədə yeddi qanuna dəyişikliklər
nəzərdə tutulur.
Bu dəyişikliklərlə
həmin qanunların bir sıra müddəaları
"Turizm haqqında"
qanuna uyğunlaşdırılacaq.
Sonra komissiya üzvləri "Şərti
maliyyə vahidi məbləğlərinin mütləq
rəqəmlərlə əvəz
olunması məqsədilə
Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarında dəyişikliklər
edilməsi barədə"
qanun layihəsinə baxdılar. Qanun layihəsinə əsasən
bəzi qanunlarda şərti maliyyə vahidi məbləğlərinin
mütləq rəqəmlərlə
əvəzlənməsi nəzərdə
tutulur. O cümlədən
"Atçılıq haqqında"
qanunun 30.2-ci maddəsinin
ikinci cümləsində
"şərti maliyyə
vahidinin 200 misli" sözləri "iki yüz iyirmi manat", "şərti
maliyyə vahidinin 500 mislindən" sözləri
"beş yüz əlli manatdan" sözləri ilə əvəz olunması təklif olunur.
İclasda "Ekoloji təmiz kənd təsərrüfatı haqqında"
qanun layihəsi də müzakirə edildi. Qeyd olundu
ki, Milli Məclisdə birinci oxunuşda müzakirədən
keçdikdən sonra
layihədə deputatların
dəyərli təklifləri
nəzərə alınmaqla
130-dan artıq əlavə
və dəyişiklik
edilib. Layihənin adında və preambula hissəsində də dəyişiklik olunub. İclasda iştirak edən kənd təsərrüfatı
nazirinin müavini Bəhram Əliyev, deputatlardan Eldar Quliyev, Vidadi Məmmədov, Novruz Aslanov, müxtəlif dövlət strukturlarının
nümayəndələri layihə
ilə bağlı fikirlərini diqqətə
çatdırdılar.
Hər üç qanun layihəsi müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Azərbaycan.- 2008.- 24 may.- S. 3.