Ayxan

 

Mədəniyyət və Turizm Nazirliyi yubileyə hazırlaşır

 

ADR-in 90 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənib

 

Dövlət başçısının Azərbaycan Demokratik Respublikasının 90 illiyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi artıq müəyyən layihələr hazırlayıb. Bu barədə məlumat verən nazirliyin mətbuat katibi İntiqam Hümbətov tədbirlər planının təsdiq olunduğunu bildirib: "Nazirliyin təsdiq etdiyi tədbirlər planına əsasən çoxsaylı geniş və yüksək səviyyədə tədbirlər keçiriləcək. Bir neçə gündən sonra bu tədbirləri açıqlayacağıq".

Bu arada Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən ADR tarixinə dair sənədiərin elmi siyahısı və məlumat kitabçası hazırlanıb. Qurumun direktoru Maarif Teymurovun APA-ya verdiyi məlumata görə, məlumat-bələdçidə sabiq diplomat Ramiz Abutalıbovun arxivə təhvil verdiyi materiallar üstünlük təşkil edir: "Cümhuriyyətin yaradıcıları haqqında ayrı-ayrı fondlarda olan sənədlər və Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Almas İldırım, Əhməd Cavad və başqalarının şəxsi fondunda yer alan materiallar bir yerə toplanıb istifadəçiyə təqdim olunur. Məlumat-bələdçidə həmçinin Versal sülh müqaviləsinə dair sənədlər, cümhuriyyət dövründə xaricə təhsil almağa göndərilən 100 tələbənin şəxsiyyəti barəsində qeydlər və fotoşəkillər, cümhuriyyətin fəaliyyətinə dair o dövrdə "Azərbaycan" qəzetində çap olunan məqalələr də yer alıb". ADR-in 90 illiyinə həsr edilən təbliğat xarakterti məlumat-bələdçidə 200-ə yaxın arxiv materialının elmi siyahısı verilib.

 

Ekspress.- 2008.- 16 may.- S. 11.