Xəlilzadə F.

 

Sənət inciləri

 

Azərbaycan təsviri sənətinin korifeyi sayılan Hacağa Nəzərli ilk plakatçı-rəssamdır. Bəllidir ki, ötən əsrdə plakat janrı təsviri sənətin öncül sırasında dayanırdı. Elə bir yer olmazdı ki, ora müəyyən hadisələrlə bağlı plakatlar asılmasın. Plakat janrının ahəngindəki çağırış insanları həmişə gərəkli mövzu ətrafında həm birləşdirirdi, həm də düşündürürdü. Xüsusilə İkinci dünya müharibəsi dövründə Azərbaycan rəssamlarının ön cəbhədə fədakarlıq göstərən döyüşçülərin, eləcə də qələbənin qazanılmasında böyük əməyi olan əməkçi insanların fədakar surətləri plakatlarda dolğun əks olunurdu.
Plakat təsviri sənətin ən kütləvi növlərindən biridir. O, həm də operativliyinə görə çevik janr hesab olunur. Əslində, latın dilindəki "plakatium" sözündən götürülüb. Mənası "elan" olan bu təsviri sənət növü ötən əsrdə - müəyyən bir tarixi mərhələdə xalqın fikir və duyğularının kağız üzərində ifadəsidir. Bu janrın bir önəmli cəhəti də ondan ibarətdir ki, cəmi 3 rəngin köməyi ilə rəssam ürək sözlərini deyə bilirdi.
Öz yaradıcılığı ilə mədəniyyət xəzinəmizi daha da zənginləşdirən Hacağa Nəzərli ömrünün yarım əsrdən çoxunu incəsənətin məhz bu sahəsinə həsr edərək plakat ustası kimi məşhurlaşmışdı.
O, 1923-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Uşaqlıqdan rəssamlığa böyük maraq göstərməsi ailədən gəlirdi. Əmisi Nəcəf Rasim dövrünün peşəkar və məşhur rəssamı olmuşdu. Nəcəfin bir neçə əsəri, o cümlədən 12 akvareldən ibarət rəsm albomu R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Belə bir mühit, təbii ki, Hacıağanı da rənglər aləminə bağlayırdı.
1951-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən Hacağa Nəzərli yaradıcılığında plakat janrına üstünlük verərək bu sahədə ən gözəl əsərlərin müəllifinə çevrildi. Xalq rəssamı Kamil Əliyev unudulmaz həmkarı barəsində belə yazırdı: "Adətən rəssamların danışmaqla arası olmur. Onlar demək istədiklərini rənglərlə çatdırırlar. Hacağanın da ürək sözləri əsərlərindədir. O, mübariz rəssam idi. Belələrini indi barmaqla saymaq olar".
Ötən əsrin 50-ci illərində Hacağa Nəzərli adətən plakat çəkməklə müntəzəm məşğul idi. O bu sahənin, demək olar ki, "yükçəkən"i sayılırdı. Bu səbəbdən də plakat janrından söz düşəndə mütləq onun ilk yaradıcılarından biri Hacağa Nəzərlinin adı çəkilir. Günün hadisələri ilə səsləşən, müəyyən tələblər əsasında çəkilən plakatlarda rəssamın öz daxili hissləri, emossiyaları, fikirləri aydın duyulurdu. Əgər rəssam bir tərəfdən əmək adamlarının, siyasi xadimlərin, idmançıların portretlərini yaradırdısa, digər tərfədən ürəyindəki mövzuları unutmurdu. Məsələn, 1963-cü ildə çəkdiyi "Səadət" portreti. Burada xoşbəxt ananın və körpənin sifətindəki cizgilər çox aydın və təbii işlənmişdi. Rəssamın diqqətçəkən və maraqlı əsərlərindən biri də "Ağ şanı, qara şanı" tablosudur. Yurdumuzun təbii sərvəti və üzümçü qızlar barədə olan bu əsər yenə də aktualdır.
1965-ci ildə Hacağa Nəzərlinin bir arzusu rənglərlə həyat verdiyi "Qoy həmişə bahar olsun" əsərinə çevrilib. Üz-gözündən təbəssüm yağan, əlində gül-çiçək tutmuş qaraqaş, qaragöz azərbaycanlı qızın başına ağ göyərçinlər fırlanır. Nə qədər gözəldir. Bu sülh arzusu tək bir rəssamın ürəyində qərar tutmur. Bəşəriyyətin, bütün sülhsevər insanların ən böyük diləyi əmin-amanlıqdır.
Əməkdar rəssamın yaradıcılığında rəngkarlıq qrafikası xüsusi yer tuturdu. Gözəl əsərləri ilə neçə-neçə sərgilərdə iştirak etmiş Hacağa Nəzərli Səttar Bəhlulzadə, Mikayıl Abdullayev kimi sənətkarların layiqli davamçısı sayılır. M.F.Axundovun, N.Nərimanovun, H.Cavidin, M.Müşfiqin, C.Cabbarlının, İsmi bəy Nakamın portretlərini əzəmətli və təbii yaradan Hacağa Nəzərli bu məşhur əsərləri ilə Azərbaycan təsviri sənətində öz imzasını əbədi həkk etdirdi. Bu əsərlərə indi də heyrətlə baxaraq fikirləşirik ki, böyük rəssamın cani-dildən yaratdığı sənət incilərinin həqiqətən də əvəzi yoxdur. Hələ sağlığında bu plakatlar rəssama çox böyük şöhrət gətirmişdi. Tədqiqatçıların biri yazırdı ki, Hacıağa müəllim təkcə "Mikayıl Müşfiq" tablosunu yaratsaydı, bu, rəssamın sənət dünyasında əbədi qalmasına bəs edərdi.
Xalq artisti Zeynəb Xanlarova Hacağa Nəzərlinin rəngkarlıq, qrafika, illüstrasiya, plakat, dekorasiya, teatr, reklam janrlarında olan bir sıra dəyərli əsərlərinə baxarkən duyğularını belə dilə gətirib: "Dünyanın çox ölkəsində olmuşam. Hər yerdə çoxlu rəng görmüşəm. Amma Azərbaycan təbiətindəki əlvanlığı heç yerdə duymamışam. Maraqlıdır ki, bu rənglərin hamısı Hacağa Nəzərlinin əsərlərində var. Elə bil ki, o, mövcud rənglərlə yanaşı, həm də təzə rənglər işləyir. Biz bu gözəlliyi onun əsərlərində görürük".
Azərbaycan incəsənətində öz irsi, dəst-xətti və zəngin yaradıcılığı ilə seçilən Hacağa Nəzərli dəfələrlə xarici ölkələrdə olmuşdur. Onun əsərləri keçmiş SSRİ-nin əksər respublikalarında, eləcə də Yuqoslaviya, Bolqarıstan, Polşa, Hindistan, Sinqapur, Malayziya və başqa ölkələrdə keçirilən sərgilərdə, mədəniyyət ongünlüklərində nümayiş etdirilib.
Təsviri sənətin inkişafında əvəzsiz xidmətlərinə görə 1982-ci ildə "Əməkdar rəssam" adını alan Hacağa Nəzərli mədəniyyətimizə daim qayğı göstərən ümummilli lider Heydər Əliyev barəsində ötən əsrin sonlarında yazırdı: "Sənəti və sənətkarı ən çox sevən insanlar Azərbaycandadır. Ancaq sənəti sevmək azdır, sənətkara qayğı ilə yanaşmaq gərəkdir. Bu münasibətin özü də bir sənətkarlıqdır. Mən sənətə və sənətkara qayğı ilə yanaşan çox soydaşımızı görmüşəm. Ancaq heç kəs Heydər Əliyev qədər Azərbaycan mədəniyyətinə qayğı göstərə blməmişdir. Biz sənət adamları Heydər Əliyevin 1969-1982-ci illərdə, həm də 1993-cü ildən sonra ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu qayğını çox məmnuniyyətlə hiss etdik. Şair bu barədə gözəl deyib ki, dünyada qalacaq yalnız yaradan. Ancaq yaradıcı şəxsin qədrini bilən və onu dəyərləndirənlər isə daha çox yaşayacaqlar".
Unudulmaz rəssamın doğmaları söyləyirlər ki, Hacağa Nəzərli həmişə qürurla deyərdi: "Mənim əməyimə qiyməti əsl sənət xiridarı olan Heydər Əliyev və xalqım verib". O bununla çox fəxr edərdi.
İllər bir-birinə bağlanaraq aramızda olmayan Hacağa Nəzərlinin daim xatırlanacaq yaşının üstünə yaş gətirir. Yaxşı ki, sənətin ömrü həmişəlikdir. Bu mənada Hacağa Nəzərli bizə ərməğan qoyub getdiyi əsərlərində yaşamaqdadır.

 

Azərbaycan.- 2008.- 16 may.- S. 6.