Qaliboğlu E.

 

Rasim Babayevin nağıllı dünyası

 

Adətən nağıllara uşaqlar meyl edir. Hər birimiz uşaq vaxtı
çoxlu nağıllara qulaq asmışıq. Amma insan ağlı kəsdikcə, yetkinləşdikcə, sanki nağıl sehrinə, möcüzəsinə təbii olaraq mənəvi ehtiyac hiss edir. İncəsənətin demək olar, bütün janrlarında, xüsusən də rəssamlıqda mənalandırma daha çox nağılların təsiri ilə təbii şəkildə gerçəkləşir...
Nağıllaşdırmada bir sərhədsizlik, xəyalın qurtarmazlığı var. Əslində sənətdə nağıllaşdırma mənasızlıqdan qurtulmadır. Uşaq dünyasında insanın həyatı anlaması çox zaman uşaqlıq hikmətindən yetkin güc alır. Elə ki, dünya, həyat, təbiət, insan mövzuları ağlımızda yetkinləşir, o zaman nağıllaşmanın ifadə edildiyi sənət əsərlərində uşaqlıq çağımızın izlərini axtarırıq.
Azərbaycan rəssamlığında məşhur rəssam Səttar Bəhlulzadənin yaradıcılığında nağıllaşdırmanın daha mənalı, olduqca yetkin izlərini görmək mümkündür. Səttar Bəhlulzadə hər bir əsərində mövzunun daxilindəki mahiyyəti aydınca verə bilirdi. Bu, böyük rəssamın istər təbiət, istərsə də insan mövzulu əsərlərində özünü aydınca göstərirdi. Bu günlərdə Muzey Mərkəzinin sərgi salonunda çoxsaylı əsərləri düzənlənən mərhum rəssam Rasim Babayevin yaradıcılığında da həmin bu nağıllaşdırma meyli, gerçəkliyi var. Rəssamın əsərlərində avanqardçılıq xətti açıq-aydın sezilsə də, onun mümkün qədər milli yöndə çabaları diqqətdən yayınmır.
Rasim Babayev ötən il vəfat edib. Bu sərgidə onun müxtəlif illərdə çəkdiyi əsərlər nümayiş etdirilir. Əsərlərin əksəriyyətinin ölçüsü çox böyükdür. Rəssamı vaxtilə Fransaya dəvət edərək ona işgüzar təklif də ediblərmiş. Əməkdaşlıq o halda baş verə bilərmiş ki, rəssam sərgi keçirməsin və əsərlərini satmasın. Lakin o, bu təklifdən imtina edərək Azərbaycana qayıdır, bir daha Bakıdan qırağa çıxmır.
Rasim Babayevin əsərlərində metaforalar, məcazlar, nağıl
obrazları tamam başqa məna kəsb edir, rəssamın daxili aləmini, fərdi insan qavrayışının çalarlarını tamaşaçıya çatdırır. Zalın biri demək olar, adsız əsərlərdən ibarətdir.
Bu əsərlərdə insanın daxili aləminin təzadı həqiqət kimi tamaşaçının ürəyinə axır.
Rəssam bu tipli əsərlərdə rənglərin kəskin təzadından, biri-birinə keçidindən məharətlə istifadə edir; çox zaman rənglər biri-birinə elə çulğaşır ki, bunun gedişatın təbii ahəngindən doğduğunu yəqin edirsən. Mifoloji obrazların çoxçalarlığı, insan obrazına hakimliyi, onu çox hallarda daxildən yenməsi tablolarda qarışıq təsvirlərdən xəyallı həqiqət kimi sıyrılıb çıxır. Divləşən adamlar, divləri ağuşuna çağıran qadınlar, div cildində kişilər...
Divlər eybəcərdir, könül bulandırandır, amma insan onlardan əl çəkə bilmir. Əslində div həşəmətini yaradan insanın zəifliyi, ağız suyu axıdan həyat nemətləri qarşısında çox zaman dizin-dizin sürünməsi səbəbindəndir. Bu, artıq böyüklər üçün "nağıllardır". Çox zaman obrazlar tamam çılpaqlaşır, ayıblı yerlərin təsviri insanı qandırmaya yönəlir, şəhvani duyğulara bac vermir.
"Ağlayan qadın" əsərində qan rəngində sifət təsvir edilib, bu sifətin dəhşətini duymaq üçün insanın öz daxilinə yiyə durması gərək, çünki özünü tanıyan başqasının da müqəddəs könlünü oxuya bilər. Rəssamın əsərlərinin bir qismi ikisifətlidir: bir tərəfdə pislik, o biri tərəfdə isə yaxşılıq cənnət və cəhənnəm fonunda təsvir olunub.
"Qaçqınlar", "Qədim türk yazıları", "Türk yazıları", "Novruz", "Qoca və it" və başqa mövzulardakı əsərlər sırf gerçəklikdən xəbər versə də, təsvirlərdə həm də avanqard təxəyyül aparıcıdır. Bu mənada qədim türk yazılarından bəhs edən əsərin birində ümumiyyətlə, ərəb qrafikalı təsvirlər qabarır, yenə zalın girişindəki başqa, təxminən eyniadlı əsərdə isə nisbətən mövzuya yaxınlaşılır. "Mənim nənəm"də rəssamın xəyallı dünyası təsvir olunub. Hiss olunur ki, rəssamın uşaqlıq dövrünün ifadəsi bu əsərin əsas mövzusudur.

 

Xalq cəbhəsi.- 2008.- 2 may.- S. 14.