Mehdiyev R.
Portret ustası
O, ilk dəfə
əlinə kağız, qələm götürüb şəkil
çəkəndə cəmi 6 yaşı vardı.
Evdəkilər balaca qızcığazı bu işdən
çəkindirməyə çalışsalar da,
daxilindəki istedad cücərtiləri onun varlığında
daha dərinə işləyir, şaxələnirdi. 1956-cı
ildə ailənin yaxın dostu jurnalist Sevil
Ələkbərova Böyükxanımı
İncəsənət Muzeyinin direktoru Kazım
Kazımzadənin yanına gətirir. Onun əl
işlərinə baxan rəssam Böyükxanımın
gələcəkdə rəssam olacağına böyük
ümid bəsləyir, bir neçə il ona dərs deyir,
rənglər dünyasının sirrini-sehrini öyrədir.
İllər ötür, sənət dünyasında öz
dəst-xəttini seçən Böyükxanım
Dadaşovanın palitrası təzə-təzə
rənglərlə zənginləşir, təsviri
sənətə bələdçiliyi artır, portret
ustası kimi püxtələşir.
Böyükxanım
Dadaşova 1948-ci il noyabrın 9-da Bakıda dünyaya gəlib.
O, 1968-ci ildə Əzim Əzimzadə adına
Rəssamlıq məktəbinin tərtibatçı
rəssam fakültəsini bitirib. 1974-cü ildə Çingiz
İldırım adına Azərbaycan Dövlət Politexnik
İnstitutunu bitirən Böyükxanım memar ixtisasına
yiyələnib. 45 ildir ki, Azərbaycan Dövlət Qoruq Tarixi
Memarlıq Muzeyi-Şirvanşahlar kompleksində
tərtibatçı rəssam işləyir. Rəssamlar
İttifaqının üzvüdür. 1986-cı ildən
mütəmadi olaraq respublikada təşkil olunan təsviri
sənət sərgilərində fəal iştirak edir.
Natürmort və portret janrında işləməyə
üstünlük verir.
Portret
yaradıcılığı incəsənətdə,
xüsusən də rəssamlıqda mürəkkəb, eyni
zamanda şərəfli bir janr sayılır. Bu janrda
işləyib böyük uğurlar qazanan
rəssamlarımız çoxdur. Hazırda Azərbaycan
portret ustalarının əsərləri dünya
muzeylərinin bəzəyidir. Tanınmış
rəssamlardan Mikayıl Abdullayevin "Səməd
Vurğun", Tahir Salahovun "Qara Qarayev", Toğrul
Nərimanbəyovun "Rəsul Rza", Baba Əliyevin
"Qız", Tağı Tağıyevin
"Tələbə", Vəcihə Səmədovanın
"Dərs vaxtı", Səttar Bəhlulzadənin "Füzuli",
Toğrul Sadıqzadənin "Hüseyn Cavid", Kamil
Nəcəfzadənin "Müşfıq" adlı
portretləri Azərbaycan rəngkarlıq
incəsənətinin qızıl fonduna daxil edilmişdir.
Böyükxanım
Dadaşova da bu ənənəni davam etdirir,
yaratdığı portretlər tamaşaçının
zövqünü, ruhunu oxşayır. Onun
çəkdikləri o qədər orijinal, canlıdır ki,
bu əsərləri həyəcansız seyr etmək olmur.
Portret
çəkmək çoxlarına çətin gəlsə
də, bu sahədə işləmək ona heç bir problem
yaratmır, çünki o, təsadüfi heç nə
etmir, mövzunu ətraflı öyrənir, hazırlaşır,
sonra molbert arxasına keçir. Portretini işlədiyi
insanlar arasında çoxlu dostlar qazanıb, özü
üçün rənglərdən ibarət bir sənət
dünyası yaradıb. Yeni üslubda yaratdığı
sənət abidələri Böyükxanım
Dadaşovanın professional səviyyəsindən xəbər
verir. Vaxtilə xalq rəssamı, akademik Mikayıl Abdullayev
Böyükxanımın yaradıcılığı
barədə aşağıdakı fikirləri söyləmişdi:
"Rəssamlarımızın emalatxanalarına tez-tez
gedirəm, Böyükxanımın da əsərləri
mənə tanışdır. Əsas etibarilə portret
janrında fəaliyyət göstərir və bu janrda
tutarlı əl işləri, rəsmləri, etüdləri
vardır. Şəxsən məni bu Azərbaycan
qızının keçdiyi sənət yolu, taleyi digər
bir səbəbdən də maraqlandırır. Nə
yaxşı ki, hələ Məhsəti Gəncəvidən
başlamış, xan qızı Natəvana kimi keçib gələn
böyük sənət yolunun gözəl
davamçıları vardır və onlar böyük
sənət yükünü öz çiyinlərində
ləyaqətlə aparırlar".
Böyükxanım Dadaşovanın
portretlərinin hər biri bir sənət abidəsidir.
Tanınmış adamlara həsr etdiyi portretlər isə
təkcə işlənmə texnikasına görə deyil,
həm də mövzu baxımından əhəmiyyətli,
dəyədidir. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevlə bağlı çox rəssamlar
sənət əsəri yaradıb, lakin Böyükxanımın
yaratdığı əsərdə Heydər Əliyev
obrazı daha mənalı, daha canlıdır.
Bu fikirləri onun
"Atatürk" portreti barədə də
söyləmək mümkündür. Rəssam bu
əsərlə Azərbaycan incəsənətinə yeni
nəfəs gətirə bilmişdir. Məhz bu işdən
sonra Böyükxanım Dadaşova türk hərb tarixi
generallarının obrazlarından ibarət silsilə
əsərlər işləyir. Türkiyə Hava Silahlı
Qüvvələrinin keçmiş Baş Qərargah
rəisi Hüseyn Kıvrıkoğlu, hazırda bu
vəzifəni daşıyan Hilmi Öztürk, NATO-nun
Türkiyə üzrə Cənub Qoşunlarının
Baş Komandanı Ergün Saygün və generallar Ömər
Bayraklı, Ərtan Demirtaş, Ülkər Başbulud və
başqalarının canlı portretlər qalereyasını
yaradır. Onu da qeyd edək ki, Ərtan Demirtaş
Gülhanə Hərbi Hospitalının həkimi, Prezident
Heydər Əliyevin şəxsi həkimi olmuşdur. Böyükxanım
Dadaşova deyir:
"Türklər
portretdə dəqiqliyə daha çox üstünlük
verirlər. Bu isə mənim üslubuma çox
yaxındır: insanların xarakterini açmaq...
Üzlərindəki ifadələri verməklə
yanaşı, cizgiləri də dəqiq
işləməyə çalışıram. Sifətdə
ifadəyə kölgə gətirən artıq cizgiləri
vermirəm. Portret sahibi şəklinə baxanda
özünü yaşlı, qocalmış, kimi deyil,
xəyalında saxladığı kimi görə bilir".
Böyükxanım
Dadaşova bu dəqiqliyi surətini
çıxardığı əsərlərdə də
qoruyub saxlayır.
2002-ci ildə Strasburqda
təşkil olunmuş beynəlxalq sərgidə Böyükxanım
Dadaşovanın milli üslubda sulu və yağlı boya
ilə işlənmiş natürmortları nümayiş
etdirilib. O, bu şərəfə layiq görülən ilk
və yeganə qadın rəssam idi. Ümumiyyətlə, onün
əsərləri ABŞ, Türkiyə, Fransa və s.
ölkələrdə nümayiş olunub, tamaşaçı
rəğbəti qazanıb. Sevindirici haldır ki, onun adı
V.Səmədova, E.Şaxtaxtlı, M.Rəhmanzadə kimi
rəssamlarla yanaşı çəkilir. Biz də ona
yaradıcılığında yeni-yeni uğurlar
arzulayırıq.
Respublika.- 2008.- 13 may.- S. 9.