Məhərrəmova
T.
Məkan rəssam üçün
əhəmiyyətsizdir
Mustafa Mustafayev:
"Daxilində böyük sevgi olan adamlar səhnəyə
gələ bilərlər"
Bu gün gənc rəssamların
dolanışığı o qədər də
ürəkaçan deyil. Küçələrdə
əsərlərini satanlar, emalatxanalarında qalaq-qalaq şəkilləri
yığıb saxlayanlar, dolanışıq
üzündən emalatxanadan həmişəlik və
müvəqqəti uzaqlaşanlar çoxdur. Ancaq
elələri də var ki, "müvəqqəti" deyib
sənətindən uzaqlaşsalar da, içlərində
nə vaxtsa ilk və əbədi sevgilərinə qayıtmaq
istəyi yaşayır. Yenidən bu dünyanın
qayğılarından qopub emalatxanalarında - kətanla,
fırçayla, rənglərin qoxusu ilə baş-başa
qalmaq istəyirlər.
Gənc rəssam Mustafa Mustafayev
də bu sənətə ötəri bir həvəs kimi
baxmır.
- Rəssam olmağınızı
ailə ənənəsinin davamı adlandırmaq olarmı?
-
Elə ailələr var ki, valideynləri rəssam olsa da,
övladları onların davamçısı olmur.
Məncə, bu, Allah vergisidir. Uşaq olanda bəzən
rəssamın emalatxanası, məişəti ona təsir
edir və o, gələcəkdə bu yolu seçir.
- İlk dəfə
çəkdiyiniz rəsm yadınızdadırmı?
-
İki yaşım olanda kağız üzərində
nəsə çəkməyə başlamışam. Atam da anama
deyib ki, deyəsən, bu uşaq rəssam olacaq. Gerçəkdən
rəssam olmaq istəyimi 6 yaşımdan hiss etməyə
başlamışam. Yadımdadır ki, Moskvada
Puşkin muzeyinə getmişdik. Muzeyin
girişində Mikelancelonun nəhəng "David"
heykəli qoyulmuşdu. Heykəl o
qədər qüdrətli idi ki, içəri
girənləri valeh edirdi. Eləcə
də məni valeh etdi. Elə ordaca atama dedim ki,
rəssam olacağam. Ondan sonra özüm
üçün bu istiqaməti
müəyyənləşdirdim.
- İlk işləriniz necə qarşılandı? Sərgilərdə iştirak edirdinizmi?
- 15 yaşım olanda
"br" Bakıda təzəcə fəaliyyətə
başlamışdı. Onlar balaca rəssamlar
üçün üç qrup üzrə sərgi
təşkil etmişdi. Mən həmin
sərgidə birinci yerə layiq görüldüm. Bu həm də mənim ilk sərgim idi. Sərgidə nümayiş olunan işlərim
yaxşı qarşılandı. Onu da qeyd
edim ki, rəssam olana qədər heç bir
dərnəyə, kluba getməmişəm. Atam özü rəssam olduğundan məni o cür
fəaliyyətlərdən uzaqlaşdırmağa
çalışırdı. "Uzaqlaş
ki, nəsə öyrənə biləsən. Rəssam olmaq üçün sənə başqa
şeylər lazımdır. Azadlıq daha
çox lazımdır" - deyə atam bildirirdi. Mən yalnız indi bu sözlərin nə demək
olduğunu başa düşürəm. Çünki
elə şeylər var ki, rəssamın fikrini
məhdudlaşdırır. Rəssam olmaq
üçün akademik şəkil çəkməyə
malik olmaq azdır. Rəssamın
formalaşmasında başqa amillər də vacibdir.
-
Yaradıcılığınız təkrarçılıq
baxımından atanızın işləri ilə
üst-üstə düşmədi ki? Yoxsa
öz yolunuzu erkən müəyyənləşdirə
bildiniz?
- Atam mənə
məsləhətləri ilə çox kömək
elədi. Ancaq o, dünyasını çox tez
dəyişdi. Demək olar ki, bəzi
şeyləri mənə başa salmağa vaxt
çatmadı. Ancaq mən ondan o
qədər informasiya əldə etmişəm ki,
ömrümün axırına qədər bəs edər.
Yaradıcılığımıza
gəlincə, təkrarçılıq olmadı. Bu baxımdan atamla mənim aramda çox
böyük fərq var.
-
Bəzən yaradıcı adamlar haqqında: "Filankəs
anadangəlmə aktyor və ya reyissordur" - deyirlər. Yəni həmin adamlara təhsil lazım deyil,
fitrən istedaddırlar. Maraqlıdır,
bəs, rəssamlıqda təhsil nə qədər rol
oynayır? İlahi tərəfindən
verilən vergiyə nəzəriyyə nə qədər
kömək edir?
- Rssamlıq elə bir yoldur
ki, orda düzgün verilməmiş istiqamət Allah vergisini
öldürə, məhv edə bilər. Bəxtim
onda gətirib ki, mənim çox yaxşı
müəllimlərim olub. İncəsənət
İnstitutunda oxuyanda müəllimlərimiz Zaur Abbasov və
Tamella xanım bizə düzgün istiqamət
göstəriblər. Onlar
şəkildən çox fikrə üstünlük verir
və tövsiyə edirdilər ki, rəssam
fikirləşməlidir. İşdə
fikir olmasa, mənasız bir şey alınacaq. Tutaq ki, "Ermitay"da gəzib
şəkillərə baxırsınız. Bəzən baxıb görürsən ki, hansısa
əsər çox gözəldir, ancaq o səni cəlb
eləmir. Birdən sizi hansısa bir
şəkil ayaq saxlamağa məcbur edir. Sizi
ora çəkib aparan hansısa mənəvi gücdür.
- İndi rəssamların çoxu emalatxana problemi
ilə üz-üzədir. Sizin də
belə probleminiz varmı?
- Tələbə
yoldaşlarımdan və bir çox rəssamdan fərqli
olaraq, bəxtim onda gətirib ki, atamdan qalan əmlakım -
emalatxanam var. Həqiqətən də mən burda
çalışıb nəsə edə bilirəm. Düz deyirsiniz ki, bu, bir çox gənc rəssam
üçün böyük problemdir. Ev
şəraitində yağlı boya ilə işləmək
qeyri-mümkündür. Rəssam
üçün emalatxana qadın qədər intimdir. Emalatxana rəssamın intim dünyasıdır.
Emalatxanada özünlə təkbətək
qalırsan, istədiyini çəkə, yarada bilirsən.
Emalatxananın böyük və
kiçikliyinin rəssam üçün fərqi yoxdur.
Məkan onun üçün əhəmiyyətsizdir.
Əsas odur ki, içindəki eneryini orada
sərf edə biləsən.
-
Rəssamların emalatxana problemi öz yerində, bəs
həmkarlarınızın bugünkü
dolanışığı haqqında nə deyə
bilərsiniz? Rəssamlar öz
əsərlərini satıb güzəranlarını
təmin edə bilirlərmi?
- Desəm ki, rəssamlar
işlərini sata bilmirlər, yanılaram. Elə
rəssamlar var ki, işlərini yaxşı satırlar.
Daha doğrusu, onlar öz
alıcılarını tapıblar. Bəlkə
kimsə ondan da güclü rəssamdır, ancaq öz
alıcısını tapa bilmir. Bu həm
bəxtdir, həm də özünü reklam eləmək
bacarığı. Özünün
piarını yaratmaq böyük amildir. Hər
rəssam da bunu bacarmır. Ona görə
də rəssamların çoxu başqa işlə
məşğul olur, dolanışıq pullarını
başqa sahələrdən qazanırlar.
- Teatr
rəssamı olmağınız da ailə
ənənəsidir?
- Sadəcə, teatra sevgidir.
Özünüz bilirsiniz ki, teatrda maaşlar
çox simvolikdir. Ailəsini normal dolandırmaq
istəyən adam teatra üz tutmaz. Ancaq daxilində teatra böyük sevgi olan adamlar
səhnəyə gələ bilərlər. Mən demək olar ki, teatrda
böyümüşəm. Anam Almas
xanım Gənc Tamaşaçılar Teatrının
aktrisasıdır. Qardaşım Tural isə
"Yuğ" Teatrının reyissorudur. Böyük qardaşım Rövşən Mustafayev
İnsan Haqları İnstitutunun direktorudur. O da
sənət yolumuzu müəyyənləşdirməkdə
bizə çox kömək edib. Həmişə
bizə mənəvi yardımçı olub.
- Teatrda
ilk dəfə hansı tamaşanın quruluşçu
rəssamı oldunuz?
-
Əvvəla, onu qeyd edim ki, teatr rəssamı ayrıca bir
ixtisasdır.
Azərbaycanda çox az rəssam var ki, bu
sahədə böyük nailiyyətlər əldə edib. Emalatxanada kağızla işləyirsənsə,
səhnədə eskizlərlə işləyirsən. Teatr rəssamı yalnız kağız
üzərində işləməməlidir. O,
materialı, fakturanı, həcmi,
heykəltaraşlığı da bilməlidir.
Rəssamlıq sexində çox az
rəssamımız var ki, istədiyini ortaya çıxara
bilər. Hal-hazırda teatr texniki
tərəfdən çox böyük böhran
yaşayır. İncəsənət
İntitutunda da teatr rəssamı olmaq istəyən
tələbə yoxdur. Bu, böyük bir
böhrana səbəb olacaq. Məcbur
qalıb ya Rusiyadan, ya da başqa xarici ölkələrdən
rəssam dəvət edəcəyik. Bu
isə böyük xərcdir. Ən
yaxşısı özününkünü
yetişdirməkdir. Teatra qayğı
çoxalsaydı, bu sahədə də artım olardı.
Hal-hazırda 5-6 peşəkar rəssam
qalıb. Onların da yaşı 70-i
ötüb. Ona görə də onları
əvəz edə biləcək teatr rəssamları
yetişməlidir. Bu gün Rusiyada
200-dən çox teatr, hər teatrın da öz
tamaşaçısı var. Orada bu sahədə inkişaf
hiss olunur. Dövlət
tərəfindən teatra mütləq dəstək
olmalıdır. Bütün dünyada
belədir. Çünki sonradan hər
şeyi sıfırdan başlamaq o qədər də asan
olmayacaq.
Teatrda ilk
işimə gəlincə, 1998-ci ildə Nicat Kazımov
məni Gənc Tamaşaçılar Teatrında
səhnələşdirdiyi "Ələddinin sehirli
lampası" tamaşasına dəvət etdi. O vaxta qədər o
mənimlə işləməmişdi. Nicat
özü də reyissor kimi təzəcə
fəaliyyətə başlamışdı. Bizim tandemimiz yaxşı alındı. Tamaşa uğurla qarşılandı və indi
də repertuardadır. Bu tamaşadan sonra
14 tamaşada quruluşçu rəssam
işləmişəm. Elə tamaşalar
var ki, təkcə Azərbaycanda deyil, bir sıra
ölkələrdə qastrol səfəri
çərçivəsində göstərilib. Xüsusən Nicat Kazımovla işlədiyim
tamaşaların taleyi çox uğurlu alınıb. Ona görə Nicat Kazımova minnətdaram ki,
tanımadan mənə inandı.
-
Gərək ki, Bələdiyyə Teatrında da hansısa
tamaşanın quruluşçu rəssamı olmusunuz?
-
Amalya xanımla Hüseyn Cavidin "İblis"
faciəsində işləmişəm. Təəssüf ki,
hazırda həmin teatr binasızlıq üzündən
problemlə üzləşib. Nəticədə tamaşanın
məşqləri yarıda qalıb. Yerlə təmin
olunduqdan sonra işimizi davam etdirəcəyik.
- İndi teatrların
əksəriyyəti təmir dövrünü yaşayır.
Yəqin ki, boş qalmamaq üçün daha çox
emalatxanada məşğul olursunuz?
- Mən hazırda dizaynla
məşğul oluram. Bir ara yalnız
qazanmaq məqsədi ilə ora gəlmişdim. Ancaq sonradan
gördüm ki, burda teatrla bir uyğunluq var. Ona görə
də bu iş ürəyimcə oldu. Düzdür, bu iş
məni bir az emalatxanadan uzaq saldı. Demək olar ki, yarım ildir emalatxanaya getmirəm.
Yaşın elə bir dövrü olacaq ki,
bəlkə də onu ancaq emalatxanaya sərf
edəcəyəm.
-
Gələcəkdə fərdi sərgi keçirmək
fikriniz varmı?
- Yəqin ki, nə vaxtsa
olacaq. Deyirlər ki, rəssamlar 50-60
yaşlarında hiss edirlər ki, öz hisslərini
göstərmək vaxtıdır və öz real
dünyasını göstərməlidir. Bunun üçünsə bütün
əsərləri toplamaq lazımdır.
-
Həyat yoldaşınız Eleonora xanım vokal
ifaçısıdır. Sənət
adamlarının ailədə tandemi necə alınır?
- Ailədə hər ikisi
incəsənət adamı olanda bir-birinə çox
kömək edir. Həmişə deyirəm ki,
əgər başqa bir sahənin adamı ilə ailə
qursaydım, mənə bu qədər asan olmazdı. Onda ayrı-ayrı dünyalarımız olardı.
İndi isə bir-birimizə çox
kömək edir, məsləhətlər veririk. Bu,
daha yaxşıdır.
Kaspi.- 2008.- 7 may.- S. 12.