Sevda
Məmmədəliyeva AŞ-də vəzifə aldı
Nazir müavini qurumun
mədəniyyət üzrə rəhbər komitəsinin
bürosuna üzv seçilib
5-6-may tarixlərində
Avropa Şurasının mədəniyyət üzrə
rəhbər komitəsinin iclası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi
İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə,
tədbirdə Mədəniyyət və Turizm nazirinin
müavini Sevda Məmmədəliyevanın rəhbərliyi
altında nümayəndə heyəti iştirak edib.
İclasda Bakıda
keçiriləcək Avropa Şurasmın
mədəniyyət nazirlərinin konfransı, regional proqramlar
(Kiyev təşəbbüsü, Cənub-Şərqi Avropa
Regional proqramları) və digər məsələlər
müzakirə olunub. Avropa Şurasının
Mədəniyyət, Mədəni və Təbii irs üzrə
direktoru Robert Palmer konfransın təşəbbüskarı
olan Azərbaycan hökumətinə öz
təşəkkürünü bildirib: "Avropa
Şurasının mədəniyyət nazirlərinin Bakıda
keçiriləcək konfransı ilə müasir
beynəlxalq mədəni proseslərdə yeni bir
təşəbbüsün - Bakı Prosesinin
əsasını qoymuş olarıq. Konfransın Avropa ilə
qonşu regionlar arasında mədəniyyətlərarası
dialoqun inkişafı üçün əhəmiyyətini
və bu prosesdə Azərbaycanın Şərq və
Qərb arasında körpü rolunu nəzərə alaraq
Avropa Şurasının baş katibi Terri Devis
sözügedən tədbirdə iştirak etməyə
razılıq verib".
İclasda
həmçinin AŞ-nin Mədəniyyət üzrə
Rəhbər Komitəsinin bürosuna seçkilər
keçirilib. Nazir müavini Sevda Məmmədəliyeva
2008-2010-cu illər üçün büronun üzvü
seçilib. Qeyd edək ki, büro Sədr, müavin və altı
üzvdən ibarətdir.
Ekspress.- 2008.- 8 may.- S. 10.