Azərbaycanlı heykəltəraş Rusiya Rəssamlıq Akademiyasının akademiki seçilib

 

Tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı, professor Natiq Əliyev Rusiya Rəssamlıq Akademiyasının (RRA) akademiki fəxri adına layiq görülüb. Bu münasibətlə Rusiya Rəssamlıq Akademiyasında təntənəli mərasim keçirilib. Mərasimdə RRA-nın prezidenti Zurab Sereteli Azərbaycan heykəltəraşına Akademiyanın medalını, "Dostoynomu" medalını, fəxri fərman və akademik mantiyasını təqdim edib. Zurab Sereteli heykəltəraşın yaradıcılığını yüksək qiymətləndirərək vurğulayıb ki, N.Əliyev bu ada Akademiyanın Rəyasət Heyətinin yekdil qərarı ilə layiq görülüb. Mərasimdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Natiq Əliyev Azərbaycanın ən istedadlı heykəltəraşlarından biridir. O, sənətkarın sonuncu işini - görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə mayın 10-da ölkəmizin Rusiyadakı səfirliyində açılmış qorelyefini xatırladaraq deyib ki, Heydər Əliyev 1990-cı ilin yanvarında məhz həmin binada sovet qoşunlarının Bakıya yeridilməsinə etirazını bildirərək, Sovet İttifaqı rəhbərliyini öz xalqına qarşı təcavüz etməkdə təqsirləndirib.

Heydər Əliyevin qorelyefi səfirliyin binasında açılmazdan əvvəl Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli və Akademiyanın vitse-prezidenti, Azərbaycanın xalq rəssamı Tahir Salahov bu işlə tanış olub, onu "yüksək bədii dəyərlərə malik incəsənət əsəri" adlandırıblar. Məhz buna görə də Akademiyanın Rəyasət heyəti həmyerlimiz Natiq Əliyevin RRA-nın fəxri üzvü seçilməsi barədə yekdilliklə qərar qəbul edib.

Xatırladaq ki, Natiq Əliyev Ulu öndərin ötən il Azərbaycanın Rusiyadakı səfirliyində açılmış mərmər büstünün də müəllifidir.

 

Yeni Azərbaycan.- 2008.- 22 may.- S. 6.