Əliyev Z.
Plastikanın
psixoloji yükü
Bu,
heykəltaraş Zeynalabdin Isgəndərovun hər bir
əsərində mövcuddur Otuz yeddinci ilin tuthatutunda “kulak”
damğası vurulmuş ailəsini birtəhər repressiya
maşınının ağzından xilas edib Şamaxıdan
Bakıya gətirən Əli Isgəndərovun on iki il sonra
paytaxtın ad çıxarmış məhəlləsində dünyaya gələn altıncı
övladı Zeynalabdinin Şirvanda ad çıxarmış
bir nəslin layiqli davamçısı olacağını o
vaxt heç kəs hələ təsəvvür etmirdi. Artıq on yaşında pionerlər evindəki
heykəltaraşlıq dərnəyinə üz tutan balaca
Zeynalabdin də özünün mavi arzularına uzanan yolun bu
qədər çətin və yaşantılı, amma eyni
zamanda şirin olacağını düşünmürdü.
Amma qərar qəbul edilmişdi və gələcək heykəltaraşın
gündəlik həmdəmi də artıq plastilin və gil,
sarbanı isə Tanrı tərəfindən ruhuna
hopdurulmuş ali niyyətə yetişmək istəyi idi... O, meylini rənglərə salan
həmyaşıdlarından fərqli olaraq
düşünürdü ki, heykəl vasitəsilə daha
tutumlu bədii söz deyə bilər. Özünün də
qədim və müasir plastika nümunələrimizlə
tez-tez təmasda olması buna inamı artırırdı.
Inadkarlığa və qətiyyətə köklənmiş
beş illik zəhməti hədər getmədi və o,
müvəffəqiyyətlə imtahan verib məşhur
“Əzimzadə məktəbi”nə qəbul olundu. Heç
şübhəsiz Zeynalabdinin bui lk uğuruna onun
müxtəlif miqyaslı uşaq yaradıcılığı
yarışmalarında, beynəlxalq Kanada sərgisində
mükafata layiq görülməsi də dəstək
olmuşdu. Bakıdakı nüfuzlu təhsil ocağında sənətin
sirlərinə yiyələnmə illəri də (1966-1970)
hiss olunmadan keçdi. 1971-ci ildən isə o, artıq
V.I.Surikov adına Moskva Rəssamlıq Institutunun
tələbəsi idi. Daha iki il sonra onun o dövrün
məşhur tişə ustası olan, SSRI Rəssamlıq
Akademiyasının prezidenti Nikolay Tomskinin (asisenti Mixail Baburin
idi) emalatxanasına dəvət olunması isə artıq
çox şeydən xəbər verirdi. Az sonra onların
məhdud tələbə-müəllim münasibəti
əhatəsini aşdı və çoxlarının
həsəd apara biləcəyi
sənət-yaradıcılıq dostluğuna çevrildi. Moskva illəri Zeynalabdinin Moskvadakı təhsil
illərini xatırlayan həmkarları bildirirlər ki, o,
hələ tələbə ikən əsərlər
yaradırdı. Başqa sözlə desək, onun proqram
çərçivəsində gildən
hazırladığı etüdlər sözün əsl
mənasında plastik tutumuna və bədii şərhinə
görə diqqət çəkən və adi
“tələbə işi” çərçivəsinə
sığışmayan idi. O vaxtlar tələbələrin
daha çox ideoloji məzmunlu diplom işləri
yetirmələri qarşılığında ona istisna olaraq
sərbəst mövzuda işləməyə imkan
vermişdilər. O da bu müstəqillikdən
yetərincə yararlanaraq milli koloritli “Bulaq başında”
adlı bir kompozisiya işləmişdi. Əlindəki
səhəngi su ilə dolduran gənc qızı təsvir
edən əsərdə ifadəli siluet, zərif plastika
və axıcı ritm kompozisiyanın romantik-lirik ruhunu
təsdiqləyən bədii-estetik məziyyətlər
idi. “Əla” qiymətə layiq görülən bu iş
bədii yönlü ali təhsil məktəbləri
tələbələrinin Ümumittifaq sərgisində də
böyük uğur qazandı. Ən maraqlısı bu ilk
və ciddi sənət uğuruna görə SSRI
Rəssamlıq Akademiyasının prezidentinin ona SSRI
Rəssamlar Ittifaqına qəbul olunmaq üçün
zəmanət verməsi idi. Görünür Nikolay Tomski
nə etdiyini və kimə zəmanət verdiyini bilirmiş! Bakıda - problemlər şəhərində 1977-ci
ildə Bakıya qayıdan Zeynalabdinin ilk addımı
M.A.Əliyev adına Azərbaycan Dövlət
Incəsənət Institutunda gənclərə sənətin
sirlərini tədris etməyə başlaması oldu.
fikirlərini, əldə etdiyi vərdişləri
tələbələri ilə
bölüşməkdən rahatlıq tapan Zeynalabdin
müəllim özü də əriməkdə olan
gənclik illərini səmərəli keçirir, yeni-yeni
əsərlər yaradır, müxtəlif
sərgilərdə iştrak edirdi. Içində
gəzdirdiyi arzu isə hələ göyərməmişdi.
Bunu isə onun özü kimi, başqaları da, daha dəqiq
desək, istedadına qibtə edən bədxahları da
duyurdular və bu da haradasa təbii idi. Axı hansı
heykəltaraş əsərinin paytaxtda ucaldılmasını
istəməzdi? Sənət məkanında onun hansı
potensiala malik olduğunu “bilənlər” bu
görüşün baş tutmasını mümkün
qədər ləngitməyə
çalışırdılar. Odur ki, bu bəlkə də
gözlənilən psixoloji təzyiqi azaltmaq üçün
gənc heykəltaraş niyyətini əvvəlcə
əyalətdə reallaşdırmağa qərar verdi. Tovuzda
Sovet Ittifaqı Qəhrəmanı Yusif Sadıqovun (1979)
və Astarada Sovet Ittifaqı Qəhrəmanı Mirzə
Cəbiyevin (1981) şərəfinə ucaldılan
abidələr bunun ilkin görüntüləri idi. Tuncda və betonda reallaşan bu
əsərlərdə müəllifin böyük
üstünlüyü belə məzmunlu əsərlər
üçün səciyyəvi olan patetikadan uzaq olub, duyulası
dərəcədə sadə və təbii
olmasındaydı. Açıq-aydın
görünürdü ki, gənc müəllif öz səsi
ilə “oxuyur” və bu səs çox harmonikdir.
Kürsüdən kürsüyə 1982-ci ili Zeynabdin
Isgəndərov üçün müəyyən mənada
dönüş ili də hesab etmək olar. Belə ki, onun
əsəri nəhayət ki, Bakıda “məskunlaşa” bildi.
Düzdür, əsər “Karl-Marks”, “XI Ordu”,
“Qəzənfər Musabəyov”, “Ayna Sultanova”, “Alyoşa
Çaparidze”, “Məşədi Əzizbəyov” kimi
Azərbaycan tarixinə və müstəqilliyinə
yabançı heykəllər kimi gözəgəlimli
yerdə yox, Azərbaycan Politexnik Institutunun
həyətində ucaldıldı. Elə həmin ildə
energetiklər şəhəri Əli Bayramlıda
isə onun yaratdığı V.I.Leninin abidəsinin
açılışı oldu. Ictimai siyasi hadisələrin
axarında bir çox heykəllər kimi bu iki əsər
də 90-cı illərdə “kürsüdən”
salındılar. Yeri gəlmişkən qeyd edək ki, bu iki
heykəlin kimlərə həsr olunmasından və
özlərində müəyyən ideoloji yük
daşımasından asılı olmayaraq onlarda müsbət
bədii-estetik məziyyətlər kifayət qədər
çoxdu. Elə bu əsərlərə görə onun
respublika komsomolu mükafatına layiq görülməsi
də bunun təsdiqi idi. Bizcə,
müstəqillik dövründə bədii məziyyəti
yüksək olan belə əsərləri məhv etmək
əvəzinə (S.Merkurovun “Mübarizlik”,
C.Qaryağdıoğlunun “V.I.Lenin”, P.Sabsayın “S.M.Kirov”
və s. heykəlləri), onları bir guşəyə
toplamaqla “Tariximizin ağ səhifələri”ni zaman-zaman
bugünkü və gələcək nəsillərə
təqdim etmək olardı... Xalça
heykəl Bir il sonra isə onun yaratdığı
“Görkəmli xalçaçı Lətif Kərimov”
əsəri milli heykəltaraşlığımızın
portret janrına duyulası bir töhfə oldu. 1983-cü
ildə Bakıda Şərq xalçaları üzrə
beynəlxalq simpoziumun keçirilməsi ilə əlaqədar
L.Kərimov adına Azərbaycan xalçası
və xalq tətbiqi sənəti Dövlət muzeyində yer
alan bu əsər indiyə qədər də
daşıdığı psixoloji-intellektual yükün
çoxqatlılığına görə sənət
xiridarları tərəfindən yüksək
dəyərləndirilməkdədir. Demək olar ki, bu
portret az sonra Zeynalabdin Isgəndərovun
yaradıcılığında duyulası
dərəcədə davamlı olacaq bir
mərhələyə başlanğıc oldu. Onun
insan psixologiyasına bələdçiliyi, bu sirli dünyaya
plastik görkəm verə bilməsi ona Bakının
müxtəlif guşələrini bəzəyəcək
xatirə abidələrinin və lövhələrinin
bədii həllinin həvalə olunmasını
şərtləndirdi. Bu gün o, belə
əsərlərin ən yaxşı
yaradıcılarındandır desək, səhv etmərik. Iç dünyasına nüfuz Ictimai xadim Yunis Rzayev
(1984), xalq artistləri Sara Qədimova (2004), Leyla
Bədirbəyli (2005) və Mikayıl Mirzə (2007), xalq
rəssamı Kamil Əliyev (2007) və Mikayıl Abdullayev
(2003), eləcə də yazıçı Xalidə
Hasilovanın (2004) məzarüstü abidələri milli
xatirə heykəltaraşlığımızın
ən yaxşı nümunələrindəndirlər. Realizmi əbədi irəli sürülən və
dəyişməzliyi qəbul olunan ehkam hesab etməyən,
onu gerçəkliyin ifadəçisi kimi daima inkişafda
görən Zeynalabdin bu müxtəlif xarakterli obrazlarda
onların sözün əsl mənasında iç
dünyalarına nüfuz edə bilmişdir. Etiraf
edək ki, bəzən məşhur
şəxsiyyətlərin belə
duyğulandırıcı, anım yaradacaq obrazını
yaratmaq çətin olur. Bu yerdə əlavə edək ki, bunu
çox vaxt heykəltaraşın potensialının
azlığı yox, daha çox əsərin həsr
olunduğu adamın özünün və sənətinin
böyüklüyü şərtləndirir. Bütün
bu təzadlı yaradıcılıq məqamlarına
baxmayaraq heykəltaraşın rəsam Mikayıl
Abdullayevə, aktyor Mikayıl Mirzəyə, ictimai xadim Yunis
Rzayevə həsr etdiyi abidələr zamanın hər cür
sınağına tab gətirə biləcək sənət
nümunələridir. Hazırda o, tanınmış
fırça ustası Böyükağa Mirzəzadənin
məzarüstü abidəsini tamamlamışdır. Ecazkar
səsli Cabbar Qaryağdıoğlunun eyni xarakterli heykəli
isə iş prosesindədir. Hər iki əsərdə
obrazlar düşüncəli, özümlü sənət
dünyasına qapılmış
vəziyyətdədirlər. Zeynalabdin Isgəndərovun
paytaxtımızı bəzəyən xatirə
lövhələri də diqqətçəkəndirlər.
Inamla demək olar ki, belə plastik nümunələri yaratmaq
qat-qat məsuliyyətlidir. Heç şübhəsiz bunun
arxasında həmin lövhə sahibi haqqında zaman
çərçivəsinə sığışmayacaq
bədii-psixoloji informasiyanı təqdim etmək gizlənir.
Bu da yaradıcıdan bu informasiyanı təşkil
edəcək ən gərəkli əlamətləri,
cizgiləri təsirli və yaddaqalan görüntüyə
çevirmək istedadı tələb edir. Bu
mənada heykəltaraşın xanəndə Sara Qədimova
(2007) və bəstəkar Emin Sabitoğlu (2007), aktyor
Möhsün Sənani (2004), müharibə
qəhrəmanı Xəlil Məmmədov (2005) və
polşalı memar Iosif Qoslavskiyə (o, XX əsrin
əvvəlində Bakının baş memarı olub) həsr
olunmuş (2006) xatirə lövhələrinin
daşıdıqları bədii məziyyətlərin
yaşarılığına inanmaq olar.
Heykəltaraşın portret yaradıcılığından
söz açanda xalq rəssamı Maral Rəhmanzadəyə
həsr olunmuş əsəri (1997) xüsusi qeyd etmək lazımdır.
Zeynalabdin Isgəndərovun fəza-məkanla bağlı bir
neçə əsərinə xas olan bədii-estetik
məziyyətləri də dəyərləndirərsək,
onun çoxşaxəli yaradıcılığının
daha tutumlu olduğunu təsdiqləmiş olarıq. Həmin
əsərlər içərisində onun Təbriz şəhərində
altı şəhid generala ucaldılmış beton
kompozisiyanın (1990-cı illər), əmək
qəhrəmanı Vasili Nikitinin Ismayıllı rayonundakı
(2007) tunc abidəsini xüsusi qeyd etmək lazımdır. Bu
bədii yüksəkliyi biz onun müxtəlif məzmunlu
və monumental biçimli dəzgah
heykəltaraşlığı nümunələrində
görürük. “Namaz”, “Səttar”, “Külək”,
“Mütəfəkkir”, “Musiqiçi” və s. kompozisiyaları
əsl sənətin obrazlarda ifadə olunması
həqiqətini bir daha təsdiqləyən təsiredici
plastika nümunələridir. Insanı hər
şeyin meyarı hesab edən heykəltaraş
maddiləşən obrazlarında bunu müxtəlif
forma-biçimlə ifadə etməyə nail olmuşdur.
Əllərini Tanrı dərgahına yönəldib onunla
mənəvi-ruhi təmasa yetişən imanlı adamın da,
sol əlində tutduğu quru kəlləni ətrafına
nümayiş etdirməklə Xəyala dalan
fəlsəfi düşüncə
daşıyıcısının, uzun dalğın
saçların altından haldan-hala düşən
musiqiçi baxışlarının müxtəlif
materiallarda gerçəkləşən plastik tutumu olduqca
duyğulandırıcı, yaddaqalan və təsirlidir.
Bunları həm də plastik melodiya da adlandırmaq olar.
Çünki, onlar da mahnı kimi qəlbdə yaranandan sonra
maddiləşir, duyum melodiyanı tamamlayan kimi bunlarda da plastik
ritm yaşantıları gerçəkliyə çevirir. Bütünlükdə respublikanın əməkdar
rəssamı Zeynalabdin Isgəndərovun
yaradıcılığının təxəyyülü
qanadlandıran gücü bizcə onun həm də təhsil
illərində rəsmi şəkildə
öyrədilənlərə əks gedən qayda-qanunları
da özünün aşkarlaya bilməklə
yetişməsindədir. Yəqin ki, bu da ilk
növbədə onun dünyanı olduğu kimi görmək
cəsarətinə malik olmasından qaynaqlanır.
Gördüklərini, duyduqlarını mexaniki yox, təfsir və
təhlil etməklə, əsərin ruhuna tabe etməklə
gücləndirən heykəltaraş bizcə
yaşantılarında həm də çox səmimidir. Bu
isə sənət əsərinin tamaşaçı
tərəfindən qəbulu və yadda qalması
üçün çox önəmli məziyyətdir...
Azadlıq .-
2008.- 11-12 may.- S. 13.