Azərbaycan heykəltəraşı Natiq Əliyev Rusiya Rəssamlıq Akademiyasının akademiki seçilmişdir

 

Tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı, professor Natiq Əliyev Rusiya Rəssamlıq Akademiyasının (RRA) akademiki fəxri adına layiq görülmüşdür.
Bu münasibətlə Rusiya Rəssamlıq Akademiyasında təntənəli mərasim keçirilmişdir. Mərasimdə RRA-nın prezidenti Zurab Sereteli Azərbaycan heykəltəraşına akademiyanın medalını, "Dostoynomu" medalını, fəxri fərman akademik mantiyasını təqdim etmişdir. Zurab Sereteli heykəltəraşın yaradıcılığını yüksək qiymətləndirərək vurğulamışdır ki, N.Əliyev bu ada akademiyanın rəyasət heyətinin yekdil qərarı ilə layiq görülmüşdür.
Mərasimdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, Natiq Əliyev Azərbaycanın ən istedadlı heykəltəraşlarından biridir. O, sənətkarın sonuncu işini - görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə mayın 10-da ölkəmizin Rusiyadakı səfirliyində açılmış qorelyefini xatırladaraq demişdir ki, Heydər Əliyev 1990- ilin yanvarında məhz həmin binada sovet qoşunlarının Bakıya yeridilməsinə etirazını bildirərək Sovet İttifaqı rəhbərliyini öz xalqına qarşı təcavüz etməkdə təqsirləndirmişdir.
Heydər Əliyevin qorelyefi səfirliyin binasında açılmazdan əvvəl Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli akademiyanın vitse-prezidenti, Azərbaycanın xalq rəssamı Tahir Salahov bu işlə tanış olub, onu "yüksək bədii dəyərlərə malik incəsənət əsəri" adlandırmışdılar. Məhz buna görə akademiyanın rəyasət heyəti həmyerlimiz Natiq Əliyevin RRA-nın fəxri üzvü seçilməsi barədə yekdilliklə qərar qəbul etmişdir.
Xatırladaq ki, Natiq Əliyev ulu öndərin ötən il Azərbaycanın Rusiyadakı səfirliyində açılmış mərmər büstünün müəllifidir.

Azərbaycan.- 2008.- 22 may.- S. 5.