Babayeva T.

 

Vasif Babayev: "Elə ssenarilər var ki, onları çəkəcək rejissorları mən hələ görmürəm"

 

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi gənc kinematoqrafçılara dəstək olmaq məqsədilə keçirdiyi "Bu meydan, bu ekran" kino layihələri müsabiqəsinin nəticələrini açıqladı. Peşəkarlardan ibarət münsiflər heyətinin qərarına əsasən, bu il yeddi ssenari əsasında qısametrajlı bədii film lentə alınacaq.
Bunlar "İki" ("RTV" şirkəti, prodüser Azər Məmmədov, rejissor Hacıbaba Həsənov), "Xəbər" (Azərbaycan Qoçyu Ryu "Okinava Karate-Do və Kobudo" Növləri Federasiyası İctimai Birliyi, prodüser Tanrıverdi Allahverdiyev, rejissor Elməddin Alıyev), "Saat" ("Nur+" şirkəti, prodüser Vəfalı Qasımov, rejissor Türkan Hüseynova), "Kor və korluq" ("İMPER QRUP" prodüser mərkəzi, prodüser Rəşad Qasımov, rejissor Alina Abdullayeva), "Daş atan" ("Ratio TV" şirkəti, prodüser Əbdülnəsir Kutiyev, rejissor Elruz Fətiyev), "Koramal" ("EXA Prodakşn" şirkəti, prodüser Xəyyam Abdullayev, rejissor Elməddin Alıyev), "Qocalar" ("İMPER QRUP" prodüser mərkəzi, prodüser Fariz Əhmədov, rejissor İsmayıl Məmmədov) filmləri olacaq. Müsabiqəyə təqdim olunmuş layihələrin seçim prosesi ilə yaxından tanış olmaq üçün münsiflər heyətinin üzvlərindən biri - xalq artisti, prezident təqaüdçüsü, rejissor Vasif Babayevlə görüşdük.Vasif müəllimin münsiflər heyətində əyləşməsi heç də təsadüfi deyil. Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Vasif Babayev milli televiziya və kino aləmində öz sözünü demiş təcrübəli sənətkarlardandır. Sovet dövründə bir çox Ümumittifaq festivalların mükafatına layiq görülən rejissor Azərbaycan kinosuna ilk "Qran-Pri"ni gətirib, həm də beş Ümumittifaq festivalın münsiflər heyətinin üzvü olub. Bu gün isə qocaman sənətkar öz savad və təcrübəsini gənc nəsillə bölüşür. Vasif müəllim Mədəniyyət və Turizm Nazirliyinin kino sahəsindəki gənc mütəxəssislərə kömək məqsədi daşıyan layihələrini yüksək qiymətləndirir.
- Təqdirəlayiq haldır ki, Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətin digər sahələrinə olduğu kimi, kinonun inkişafına da böyük diqqət yetirir. "Bu meydan, bu ekran" müsabiqəsi də audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək verir, gənc kino kadrlarına özlərini sınamaq üçün imkan yaradır. Bu da Azərbaycan kinosunun dirçəlməsinə, dünya miqyasında tanınmasına gətirib çıxaracaq. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Olkəmizin iqtisadiyyatı, siyasəti gücləndikcə, onun mədəniyyətinə də diqqət artır. Ölkə başçısı İlham Əliyev bu günlərdə 85 illik yubileyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin incəsənətlə bağlı müəyyən etdiyi prinsipləri rəhbər tutur.
- Yeri gəlmişkən, Vasif müəllim, səhv etmirəmsə, Heydər Əliyevin rəhbərliyə gəldiyi dövr sizin televiziyada baş rejissor işlədiyiniz vaxtlara təsadüf edir. Həmin illərdə ümummilli liderin fəaliyyətini əks etdirən film və verilişlərin çoxunun müəllifi də siz olmusunuz//...////
- Elədir. Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlayan dövrdə mən televiziyada baş rejissor təyin olundum. Həmin gündən başlayaraq mənə Azərbaycanın inkişaf dövrünü, həmçinin Heydər Əliyevin fəaliyyətini lentə almağı həvalə etdilər. Demək olar ki, həmin illərdə Heydər Əliyevlə bağlı bütün materialları mən çəkmişəm və bundan fəxarət hissi keçirirəm. Həmin dövrdə ümummilli liderin keçirdiyi görüşləri, istər ittifaqdaxili, istərsə də xarici ölkələrə etdiyi səfərlərini, inşa edilən zavod və fabrikləri lentə köçürmüşəm. Bu gün həmin arxiv materialları efirə gedəndə, gənc rejissorlar bu materiallardan istifadə edərək, ümummilli liderə həsr olunmuş filmlər çəkəndə mən qürur hissi duyuram, fəxr edirəm ki, elə bir dahi şəxsiyyətlə ünsiyyətdə olmuşam, onun fəaliyyətini əks etdirən filmləri, verilişləri hazırlamışam. Həmin dövr Azərbaycanda bütün sahələr üçün bir renessans erası oldu. Ümummilli liderimiz həm də gənclərə, incəsənətə böyük qayğı göstərirdi. Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi də Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə hörmətin göstəricisidir.
- Vasif müəllim, bu il "Bu meydan, bu ekran" müsabiqəsinə neçə layihə təqdim olunmuşdu və onları hansı meyarlara əsasən seçdiniz?
- Bu il müsabiqəyə 45 ssenari təqdim olunmuşdu. Bu, keçənilki göstəricidən beş film çoxdur. Münsiflər heyəti bu layihələrin içindən yeddi film seçdi. Ssenarilər bizə məxfi - kodlaşdırılmış şəkildə təqdim olunur. Yəni, münsiflər ssenarilərin kimə məxsus olduğunu bilmirlər. Onu da qeyd edim ki, münsiflər heyəti peşəkarlardan, təcrübəli mütəxəssislərdən ibarətdir. Ssenarilərin məzmununa, formasına, bədii səviyyəsinə diqqət edirik. Bu il səkkiz ssenari əsasında film çəkilməliydi. Onlardan üçü Qarabağ mövzusunda, qalanları isə sərbəst mövzularda olmalıydı. Amma biz Qarabağ mövzusunda olan ssenarilərdən yalnız ikisini seçdik. Təəssüflər olsun ki, biz bu mövzuda yazılmış üçüncü layiqli ssenari tapa bilmədik. Ona görə də bu il yeddi film çəkiləcək. Bizə təqdim olunan layihələr arasında çox yüksək səviyyəli ssenarilər də olur. Bəzən biz düşünürük ki, bu ssenariləri kim lentə ala bilər… Düzünü deyim, elə ssenarilər olur ki, mən onları çəkəcək rejissorları hələ görmürəm.
- Bəs, belə halda nə edirsiniz?
- Qərara gəlmişik, o ssenariləri çəkəcək rejissorlarla da görüşək, onların intellektual səviyyəsi ilə tanış olaq. Münsiflər heyətinin seçdiyi ssenarilərin səviyyəsi yüksəkdirsə, gərək, onları lentə alacaq gənc rejissorlar da savadlı, istedadlı olsunlar və ssenariyə layiq film çəkə bilsinlər. Rejissorun qarşısında duran vəzifə ən azı ona verilən ssenari səviyyəsində film çəkməkdir. Elə rejissorlar var ki, ssenarinin üzərində işləyirlər və həmin ssenaridən daha güclü, daha keyfiyyətli film çəkir, hətta şah əsər yaradır. Tamaşaçılar, kino mütəxəssisləri rejissora o zaman qiymət verirlər ki, o, ssenari səviyyəsində və ya ondan yüksək səviyyəli ekran əsəri yarada bilsin.
- Bu müsabiqə çərçivəsində elə bir hal olubmu ki, rejissora təqdim olunan ssenari öz ekran həllini tapmayıb?
- Bir dəfə belə hal olub. Ssenari müəllifi rejissorun işindən narazı qalıb və xahiş edib ki, titrlərdə onun adı qeyd olunmasın. Rejissor isə əksinə, ssenaristin bu fikri ilə razılaşmayıb. Düzü, mən o filmi görməmişəm, ona görə də kimin haqlı olduğunu deyə bilmərəm. Bilirsiniz, bu, yaradıcılıqdır və birmənalı fikir yürütmək olmaz. Amma hər hansı bir sənət əsərinə baxanda istər-istəməz rejissorun səviyyəsini müəyyənləşdirmək olur. Müsabiqədə iştirak edən rejissorlar hələ gəncdirlər, çoxları ilk bədii filmlərini çəkirlər.Bu müsabiqənin məqsədi də gənclərə özlərini sınamaq üçün imkan yaratmaq, onların arasından istedadlıları seçməkdir.
- Keçən illə müqayisədə bu il təqdim olunan ssenarilər arasında səviyyə baxımından fərq hiss olunurmu?
- Mən münsiflər heyətinin üzvləri adından danışa bilmərəm. Amma mənim fikrimcə, bu il təqdim olunan ssenarilər keçən illə müqayisədə daha güclüdür. Münsiflər heyətində çox qızğın müzakirələr gedirdi. Hər kəs öz fikrini söyləyir, heç kim güzəştə getmirdi. Münsiflər heyəti də, nazirliyin kino şöbəsinin rəhbərliyi də seçim məsələsinə çox həssas yanaşırlar. Çalışırıq, kənardan bir nəfər deyə bilməsin ki, biz kiməsə kömək və ya güzəşt etmişik. Bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməz. Ən layiqli ssenarilər seçilib.
- Vasif müəllim, seçilən layihələrdən biri idman federasiyasına aiddir. Bu, təşkilata film həvalə edilməsi müzakirə obyektinə çevrildi/////...
- Burda təəccüblü heç nə yoxdur. Həmin təşkilatın öz prodakşnı və onların istənilən audiovizual məhsul istehsal etməyə ixtiyarları var. Hər bir təşkilat, nəzdində hökumət qeydiyyatından keçmiş prodakşnı varsa, ssenari təqdim edə bilər. Əsas odur ki, həmin prodakşnın film çəkmək üçün lazımı texniki bazası və kadrları olsun. Azərbaycan Qoçyu Ryu "Okinava Karate-Do və Kobudo" Növləri Federasiyası ictimai Birliyi Qarabağ mövzusunda ssenari təqdim etmişdi. Orada idman fəndlərindən də geniş istifadə olunur.
- Ötən il qalib olmuş ssenarilər əsasında çəkilən filmlər barəsində nə deyə bilərsiniz? Onlardan razı qalmısınız?
- Əksəriyyətindən razı qalmışam. Təbii ki, aralarında zəifləri də var. Ümumilikdə isə gənc rejissorların səviyyəsindən çox razıyam. Bu layihə gənc kinematoqrafçılara çox böyük dəstəkdir. Tələbələr Mədəniyyət və İncəsənət Universitetini bitirirdilər və uzun müddət film çəkə bilmirdilər. İndi isə nazirlik gənclər üçün hər bir şərait yaradır. Onları maliyyə, texnika, vəsaitlə təmin edir. Gənc rejissorlara isə intellekt və bacarıq nümayiş etdirmək qalır. Əminəm ki, bu layihə çərçivəsində özünü göstərə bilən, uğurlu film çəkən gənc rejissorlara gələcəkdə tammetrajlı bədii filmlər həvalə olunacaq. Sifarişçilər özləri onları tapacaqlar və iş təklif edəcəklər. Əgər rejissorun səviyyəsi yüksəkdirsə, o, işsiz qalmayacaq. Bu günlərdə Əbülfəs Qarayev cənabları qalib gəlmiş layihə müəllifləri ilə görüşəcək. Rejissor və ssenari müəlliflərinə öz fikrirlərini bildirəcək, tövsiyələrini verəcək. Müsabiqə çərçivəsində çəkilmiş filmlərlə bağlı çatışmazlıqları, nöqsanları qeyd edəcək. Biz də həmin görüşdə iştirak edəcəyik və filmləri çəkəcək rejissorlarla tanış olmaq imkanımız yaranacaq. Onda bu gənc rejissorların səviyyəsi, onların təqdim olunan ssenarilər əsasında film çəkə biləcəyi imkanları üzə çıxacaq. Düzdür, biz prodakşn rəhbərlərinə rejissor seçimi ilə bağlı heç bir göstəriş verə bilmərik. Amma öz məsləhətlərimizi verəcəyik. Ümid edirəm ki, gənclər bizim ümidlərimizi doğruldacaqlar və tamaşaçılar ekranlarda yüksək bədii səviyyəli filmlər görə biləcəklər.

 

Xəzər.- 2008.- 17 may.- S. 18.