Yeni mədəniyyət
məkanına inteqrasiya
problemlərinin təhlilinə
həsr olunmuş sanballı əsər
"Müstəqillik azad siyasəti, yəni öz inkişafını suveren
milli maraqlardan çıxış edərək
qurmağı nəzərdə
tutur. Ümummilli liderin siyasi uğurunun ana xəttini məhz milli maraqların prioritet hədəf kimi seçilməsi təşkil etmişdir. Hazırda bütün postsovet məkanında çoxçalarlı
"demokratiya" anlayışını
bəsit mənada, kimlərinsə diktə etdiyi universal model kimi başa
düşənlər, öz
siyasi proqramlarını
Qərbə ünvanlayan,
hər bir məsələyə müxtəlif
mənbələrdən bildirilən
münasibətlər müqabilində güzəştə
getməyi şüar
tutan, buna ümid edən təqlidçi və təslimçi siyasi qüvvələr məğlubiyyətə
uğramış, marginal
qurumlara çevrilmişlər.
Demokratik
transferin, vətəndaş
cəmiyyətinin hazır
reseptlər və
"ixrac modelləri"
əsasında deyil, Azərbaycanın özünəməxsus
tarixi, siyasi, mədəni spesifikasından
irəli gələn milli maraq və
təməllər üzərində
qurulmasını üstün
tutan H.Əliyev siyasi kursu davamlı
qələbələrin
rəhninə çevrilmişdir".
Bu sitat fəlsəfə elmləri
doktoru, professor Rəbiyyət Aslanovanın
"Nurlan" nəşriyyatında
yenicə çapdan çıxmış "XXI əsr:
Yeni mədəniyyət
məkanına inteqrasiya"
kitabından götürülmüşdür.
Yeni yüzillikdə hansı mədəniyyət məkanında
yaşadığımızı, inteqrasiyanın nə kimi mədəni-mənəvi amillərlə
şərtləndiyini göstərən
kitabda ümummilli lider Heydər Əliyevin siyasəti mədəni müqəddəratımızın
təminatçısı kimi
dəyərləndirilir, bu
müdrik siyasi xadimin sayəsində Azərbaycanda
milli mənəvi intibah və mədəni inteqrasiya üçün geniş üfüqlər açıldığı
vurğulanır.
Üç bölmədən
ibarət fundamental tədqiqat əsərində
filosof alim qloballaşma dövründə
mədəniyyətimiz haradadır,
hara gedəcək, hər birimiz dövlətimizin bu sahədə apardığı
çoxşaxəli fəaliyyətə
yardımçı ola
bilirikmi suallarına cavab axtarır. Başqa sözlə, Azərbaycan alimi də müasir
dünyada öz həllini tələb edən taleyüklü problemlərdən biri olan mədəni inteqrasiyanın mükəmməl
modelini müəyyənləşdirməyə
çalışır. Çünki
mədəni inteqrasiya
bəşəriyyətin mənəvi
potensialının qorunması,
inkişafı və
sintezini təmin etmək baxımından dünya birliyi qarşısında duran humanitar və sosial problem kimi çıxış edir.
Əsərdə Avropada
sosial-mədəni inteqrasıya məkanının
kəşfindən, yeni
mədəniyyət məkanının
spesifikasından, mədəniyyətin
elektron əsrindən
və mədəni analitikadan bəhs olunur, ölkəmizə münasibətdə
universal inteqrasiya modelindən və milli praktikadan söhbət açılır.
Müəllif vurğulayır
ki, Azərbaycan da bəşəri ideallara doğru uzun yolda faciələrlə,
ağrı-acılarla
üzləşmiş, zaman
keçdikcə həmin
tarixi problemləri bir-birinin ardınca dəf edə bilmişdir. Filosof alimin qənaətinə
görə, bunun ən mühüm vasitələrindən biri
bəşəri ideyaların,
dünya mədəniyyətinin
müqəddəs və
universal irsi ilə çox yaxından səsləşən,
onların daşıyıcısı
olan mədəni-tarixi ənənələrimiz,
yaşadığımız coğrafi məkanın özünəməxsus
missiyası olmuşdur.
"Öz coğrafi mövqeyinə görə,
dünyəvi dəyərlərə
malik olan tarixi-mədəni ənənələrinə görə
Azərbaycan Avropanın
strateji partnyorudur. Müasir dünyanın qlobal enerji layihələrinin
gerçəkləşdiyi məkan, Şərqlə
Qərb arasında nəqliyyat dəhlizi, qlobal təhlükəsizliyin
təşkili üçün
Azərbaycan Avropaya lazımdır. Qarşılıqlı
inteqrasiyanın bərabərhüquqlu
subyektləri kimi çıxış etmək
bu prosesin nüfuzunu daha da artırır. Azərbaycan vətəndaş
cəmiyyəti, demokratik
və hüquqi dövlət quruluşu istiqamətində Avropa hüquq formalarına doğru hər gün daha da
inamla addımlayır.
Lakin öz siyasətini yalnız özü müəyyən
edir... XXI əsrdə
Azərbaycanda zamanın
inkişafının başlıca
meyilləri aşkar təzahür edir. Azərbaycan siyasi, iqtisadi, mədəni özünütəsdiq mərhələsini
yeni əməkdaşlıq
formalarının yaradılması
ilə uğurlu şəkildə tamamlayır".
Kitabda inteqrasiyanın
baş verdiyi "böyük məkanlar"
nəzəriyyəsi, həmçinin
onun praktiki konsepsiya kimi Avropada tətbiqi faktları ilk dəfə diqqətə çəkilir.
Eyni zamanda, alim dünya
şöhrətli siyasi
lider və dövlət xadimi Heydər Əliyevin ideya-siyasi, nəzəri-praktiki irsinin sistem kimi öyrənilməsini
elmimizin şərəf
borcu sayır, ulu öndəri Şərqin və Qərbin etiraf etdiyi siyasət və dövlət lideri adlandırır, Heydər Əliyevin yaratdığı tarixin beş məqamı üzərində düşünür, ümummilli
liderin irsi, milli suverenlik prinsipi və dünyaya inteqrasiya problemini araşdırır.
Tədqiqatçı alim
dahi şəxsiyyətin
nəzəri-praktiki irsinin öyrənilməsi
məsələsindən danışarkən
AzərTAc-ın buraxdığı "Dünyanı
heyran qoyan insan" kitabının əhəmiyyətini vurğulayır.
Onun qənaətinə
görə, burada
"Şərq və
Qərb məkanının
tarix boyu yetişdirdiyi ən görkəmli, bənzəri
olmayan şəxsiyyət
mövqeyindən dəyərləndirilməyə
ilk cəhd edilmişdir". Professor xatırladır
ki, "Dünyanı
heyran qoyan insan" kitabında Heydər Əliyevi dünyanın məşhur
dövlət xadimləri
necə tanımışlar,
müasir dünya tarixində onun müstəsna rola malik olduğunu necə görə bilmiş, qiymətləndirməyə
nail olmuşlar, özlərinin dövlətçilik
fəaliyyətində
Heydər Əliyevin idarəetmə elminin nəticələrindən hansı
mürəkkəb məqamlarda
necə bəhrələnə
bilmişlər suallarına
cavab verilir. Müəllif həmin kitabdan filosof, akademik Ramiz Mehdiyevin fikirlərini misal gətirir və özünün kitabdan aldığı ilk təəssüratlarından
birini belə bölüşür: "Heydər Əliyev müstəqillik arzularına
tuş gələn Azərbaycan adlı məmləkətdə tarix
boyu dövlətçilik,
idarəetmə və
siyasi liderlik ənənəsinin və
təcrübəsinin çox
dərin köklərə
malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Əsrlər boyu dünya siyasətində yaxın-uzaq
qonşuların bəd
əməlləri sayəsində,
dünya nizamı və modelində Azərbaycan varlığını
əhəmiyyətsizlik dərəcəsinə
endirmək, ona qapalı, miskin bir yer ayırmaq
arzularını puça
çıxardı..."
Şübhəsiz, suveren
Azərbaycanın mədəni
yüksəliş və
intibahının Heydər
Əliyev tərəfindən
müəyyən edilmiş
xətti hazırda dövlətin bu sahədə siyasətinin
əsasını təşkil
edir, mütərəqqi
inkişafın real mexanizminə çevrilir.
Qədəm qoyulan hər növbəti il qloballaşmanın məkanlarının daha da genişlənməsini və çulğaşmasını
şərtləndirir və
yaxın perspektivlər
üçün daha konkret məqsədləri
hədəfə almağı
zəruri edir. Müəllif əmindir ki, bu məqsədlərə
nail olunacaqdır: "Azərbaycanlıların indiki nəsli Prezident İlham Əliyevin rəhbərliyi
ilə qarşıda duran fərqli, yeni vəzifələrin həlli üçün səfərbər olaraq, tariximizdə iyirmi birinci yüzilliyin yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətində
əlindən gələni
etməkdədir".
Ön sözdə deyildiyi kimi, bu gün hər
bir ölkənin tərəqqisi, bütövlükdə
güclü, rəqabətədavamlı
mədəni informasiya
məkanının formalaşmasından,
humanitar potensialın hərtərəfli reallaşdırılmasına
şərait yaradan mədəni mühitdən
birmənalı şəkildə
asılıdır.
Lakin alim xəbərdarlıq edir ki, informasiya yalnız təhrif edilən deyil, həm də qərəzli ola bilər. "Həqiqətə
xidmət edən informasiyanın ayırd edilməsi qlobal, taleyüklü məsələdir.
İnformasiyanın alınıb-satıldığı, müəllifinin
anonim olduğu vəziyyətdə sübutedilmə
statusunu itirməsi acınacaqlı nəticələrə
səbəb olur".
Ona görə də Rəbiyyət xanım əsərində yeni mədəniyyət məkanında,
informasiya müharibələrinin
səngimədiyi şəraitdə
ölkəmizdə informatika
analitikasının vəziyyətini
də araşdırır.
Əsərdə inteqrasiya
prosesləri, tolerantlıq
və din amili də təhlil
edilir, Avropa məkanında islama
münasibətdən bəhs
olunur, qətiyyətlə
vurğulanır ki, qlobal sivilizasiyanı sülhə aparan yol tolerantlıqdan keçir. Müəllif yazır ki, "Azərbaycanda dözümlü
ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə təmin
edən tolerantlığın
praqmatik konsensus modeli daim inkişafdadır.
Tolerantlıq prezumpsiyası
insanlar, dinlər və mədəniyyətlərarası
ünsiyyətin rəhbər
prinsipinə çevrilmişdir".
Kitabda vurğulanır ki, dünya və insan mövcud olduqca digər sahələrlə yanaşı,
mədəniyyətə də
həyati ehtiyac duyulacaqdır. "İnsanların
yaradıcı və dağıdıcı energetikasının
əbədi savaşı
prosesi məhz burada, bu məkanda
baş verəcəkdir.
Heç
bir mükəmməl
texnologiya insan ruhunu, qəlbini, mənəvi dünyasını
əvəz edə bilməyəcəkdir. İnsanın
özünü və
dünyanı təkmilləşdirmək
əzmi yalnız siyasət və qanunlarla deyil, həm də etik-mənəvi sanksiyalarla müşayiət
olunmalıdır. Yalnız
bu halda dünyanın gələcəyi,
əmin-amanlığı
insanların hansı statuslu, fövqəl və ya lider
ölkələrə mənsub
olması ilə deyil, hansı bəşəri mədəniyyət
məkanına mənsub
olması ilə müəyyən olunacaqdır".
Azərbaycan.- 2008.- 14
may.- S. 6.