“Yenə
əvvəlki günlərin qayıtmasını
istəyirəm”
Ənvər Həsənov, aktyor-reyissor:
"Ümidsiz yaşamağın mənası yoxdur"
Bu gün bütün kino
işçilərinin içində bir ümid var.
Gənclər kinonun yenidən inkişafda olması, yeni
filmlərin çox çəkilməsi, yaşlılar
isə ötən illərdəki kimi intibahın baş
verməsi ümidi ilə yaşayır. Prezidentin milli kinomuzun
inkişafı ilə bağlı məlum
sərəncamından sonra bu ümidlər bir qədər
də canlanıb.
Əməkdar
artist Ənvər Həsənov da kinomuzun sabahına
ümidlə baxanlar sırasındadır.
- Siz
üç il bundan qabaq "Sevil" kinoteatrının
direktoru vəzifəsində
çalışırdınız. Nə üçün
oradan uzaqlaşdınız?
- Əgər idarə
fəaliyyətini dayandırıbsa, orada qalmağın
mənası varmı?
- Axı
kinoteatrın təmir edilib normal fəaliyyət
göstərməsi üçün şərait yaradılacağına
söz vermişdilər. Siz həmçinin sponsorların
köməyinə ümid bağlayırdınız.
- Bütün
bunlar üç-dörd il bundan qabaq olub. İndi bu
barədə danışmaq istəmirəm. Mən onda da
kinostudiyanın işçisi idim, indi də burada
çalışıram. 1965-ci ildən- 15 yaşımdan bu
günədək kinodayam. Həyatım elə kino ilə
bağlıdır. O vaxt rəhmətlik Adil
İsgəndərov kinostudiyanın direktoru idi. O mənə
sənət yollarını anladan bir insan olub. Onun
rəhbərliyi ilə 1965-ci ildə "Azərbaycanfilm"
kinostudiyasında kinoaktyor bölməsi açıldı. O
vaxt müsabiqədən keçənlər
içərisində mən də vardım. Mən həm
kursda, həm də gecə məktəbində oxuyurdum. Bir il
keçəndən sonra kursu qurtarmasam da, kinostudiyada reyissor
köməkçisi vəzifəsində
işləməyə başladım. Rəhmətlik Arif
Babayev onda "İnsan məskən salır" filmini
çəkirdi. Mənim də Ariflə
tanışlığım
İçərişəhərdə qonşu
olmağımızdan başlamışdı. Həm də
kinokursda oxuyanda o bizə dərs keçirdi. O
zaman Adil müəllim kinostudiyada iş prosesini elə
qurmuşdu ki, Azərbaycanın ən gözəl
reyissorları - Hüseyn Seyidzadə, Həsən
Seyidbəyli, Şamil Mahmudbəyov, Əlisəttar
Atakişiyev bizə dərs deyirdi. Çox təəssüf
ki, mənə dərs deyən o reyissorların heç biri
indi sağ deyil. Nədənsə Arif müəllimin
gözü məni tutdu. Onun çəkdiyi filmə də
reyissor köməkçisi vəzifəsinə daxil oldum
və fəaliyyətə başladım. Gördüm tez-tez
deyir ki, hazırlaş, səni filmə
çəkəcəm. Görünür,
bərabər işlədiyimiz müddətdə Arif
müəllim görkəmimə,
danışığıma, hərəkətlərimə,
oturuşuma, duruşuma göz qoyurmuş. Tədricən
mən də peşəkarlıq qazandıqca fikir verdim ki,
əgər reyissor bir filmi başlamaq, o filmin
qəhrəmanını kiməsə
bənzətmək istəyirsə, həmin adamın
bütün həyatını izləməlidir. Gərək
ki, 66-cı ildə Şamil Mahmudbəyov "Torpaq, dəniz,
od, səma" filmini çəkirdi. Həmin film 4 novelladan
ibarət idi. 4-cü novellada gənc əsgər rolunu
mənə tapşırmışdı. Deyəsən, ondan
qabaq da Əlisəttar Atakişiyev "İstintaq davam
edir" filmində məni epizodik bir rola çəkmişdi.
Mən kinokursda oxuya-oxuya həmin filmlərdə
çəkilmişdim. Arif Babayev filmini təhvil verdi.
"Uşaqlığın son gecəsi" filmini
başlayanda məni də dəvət etdi.
Fotosınağın, kinosınağın və s.
proseslərin necə keçməsindən danışmaq
istəmirəm. Hamı süzgəcdən
keçəndən sonra zəiflər bir tərəfə,
bir az üstünlər digər tərəfə
yığılırdı. Elə oldu ki, mən o sınaqdan
keçdim. Filmin çox gözəl
yaradıcı heyəti vardı. Film
çəkiləndən sonra tamaşaçıların
böyük rəğbətini qazandı. 69-cu ildə
birdən-birə Kiyevdə keçirilən Ümumittifaq kino
festivalında operator, ssenari, aktyor, bəstəkar, reyissor
işinə görə 5 diplom aldıq. Bu, çox
böyük nailiyyət idi. Mən də "Ən
yaxşı kişi roluna görə" diplomuna layiq
görüldüm. Kinofəaliyyətim belə başladı.
- İndi kinostudiyada işləriniz
necədir?
- "Cavad
xan" filmini başa çatdırmışıq. Artıq
film təqdimata hazırlanmaq üzrədir. Mən həmin
filmdə həm ikinci reyissor, həm də Gəncə
xanı Səlim xan rolunun ifaçısıyam. Yeganə
aktyoram ki, həm də ikinci reyissor vəzifəsində
çalışıram.
- Reyissuraya həvəsiniz aktyor kimi
deyə bilmədiyiniz sözü demək istəyinizlə
bağlıdır?
- Reyissorluq
və aktyorluq kino sənətində vəhdət
təşkil edir. Aktyorsuz
reyissor, reyissorsuz da aktyor ola bilməz. Bu fəaliyyətlərimin hər ikisi kinostudiyaya
bağlıdır. Mən 91-ci ilə
qədər intensiv çəkilmişəm. Onda fəaliyyət çox idi. Sonra Qarabağ
müharibəsi və s. problemlər kinonu ikinci plana atdı. Yaxşı ki, Allah bu istedadı da mənə
vermişdi. Mən
mərhələləri keçə-keçə reyissor
oldum. Fəaliyyətim bu gün də davam
edir. Sevinirəm ki, yaxşı
filmlərin kinoreyissor kimi fəaliyyəti mənlə
bağlı olub. Elə olurdu ki,
işlədiyim filmlərdə həm də
çəkilirdim. Bu mənə
fəaliyyətimi dayandırmamağa imkan yaradırdı.
Həmişə formada olurduq. İş
prosesində beyin o qədər fəaliyyət göstərir
ki, hər şey - aktyorların adı, soyadı,
oynadıqları obrazlar, rolun mətnləri və s. hər
şey yadda qalırdı. Artıq ikinci reyissor
kimi 16 filmdə çalışmışam.
- Bəs hər
hansı filmin quruluşçu reyissoru kimi
çalışmamağınız öz istəyinizlə
bağlı olub, yoxsa imkan və şəraitin olmaması
ilə?
- Sözün düzü,
quruluşçu reyissor kimi çalışmağa
hələ vaxtım olmayıb. Bu barədə
o qədər dərindən də
fikirləşməmişəm.
- Deyə
bilərsinizmi, aktyor kimi oynadığınız, yoxsa reyissoru
olduğunuz filmlərin taleyindən daha çox
razısınız?
- Hər ikisindən. Mən
onları necə ayıra bilərəm? İkisinə
də can qoymuşam, ikisinə də ürək
yanğısı ilə yanaşmışam. Sevinci
də, kədəri də mənimdir.
-
Özünüz aktyor ola-ola film çəkərkən
həmkarlarınıza münasibətiniz necə olur?
- Çox gözəl... Hərdən mənə deyirlər ki, sən
aktyorlara üstünlük verirsən. Mən
də deyirəm ki, ömür boyu belə olub, belə də
olmalıdır. Mən keçmiş
reyissorların aktyorlara münasibətini
görüb-götürmüşəm. Onların
aktyorlara qarşı hörmət-izzəti o qədər
yüksək olub ki, o məhəbbəti ürəyimdə
saxlamışam. Fəaliyyət
göstərdiyim filmlərdə də
çalışmışam ki, aktyorlara eyni münasibəti
göstərim. Filmin taleyini həll
edən reyissor olsa da, sonda o da, operator da, rəssam da kadr
arxasında qalır. Filmin ürək
yanğısını, istəyini ancaq aktyorlar
vasitəsilə tamaşaçılara
çatdırırlar. Ona görə
hörmət-izzət birinci növbədə aktyorlara
olmalıdır.
- Söz
düşmüşkən, ikinci reyissoru olduğunuz
"Ovsunçu" filminin quruluşçu reyissoru Oqtay
Mirqasımov müsahibəmiz zamanı analoyi sualıma
"aktyor mənimçün yaxşı mənada alətdir"
cavabını verdi. İki reyissorun
haçalanan münasibəti iş prosesində
narazılıq yaratmırdı ki?
- Elə bir film olmur ki, sakit
keçsin. Kino elə bir şeydir ki, orda
qalmaqal da, səmimi münasibət də olur. Bütün bunlar filmin sona çatmasına
səbəb olan amillərdən biridir. Kim
deyir ki, qalmaqal olmur, yalandır. 45 ilə
yaxın fəaliyyətimdə hələ yadıma gəlmir
ki, hansısa filmdə qalmaqal, söz-söhbət olmasın.
Harda iş varsa, orda mübahisə var. Mübahisə
həqiqəti yaradır.
- Bir dəfə
"bütün həyatımız nostalgiyadan
ibarətdir" demisiniz. Ən çox nəyin
xiffətini çəkirsiniz?
- Mən
həyatımı kino ilə bağlamışam. O vaxt
elə idi ki, təyyarəyə oturub ürəyin
istəyən vaxt sakit, problemlərsiz hara istəsən
gedib-gələrdin. İndi nə gedə, nə gələ
bilirsən. Əvvəllər kinostudiyanın həyəti
bilirsiniz necə olurdu? 7-8 film birdən çəkilirdi.
Dəhlizdə adam, həyətdə maşın
əlindən tərpənmək olmurdu. İndi kinostudiyada
həyat əvvəlki kimi deyil. Gözləyirsən ki,
dəhlizin o başından kimsə çıxacaq. Mən
yenə əvvəlki günlərin qayıtmasını istəyirəm.
İstəyirəm yenə studiyanın həyəti
qaynayıb-qarışsın, studiyanın qabağı
maşınla dolsun, işçilər
çəkilişə getsinlər, kinoteatrlar fəaliyyət
göstərsin!
- Arzularınızın həyata
keçməsinə ümidləriniz necədir?
- İndi kino
işçilərinin hamısı ümidlə
yaşayır. Kinonu inkişaf etdirmək üçün
prezidentin sərəncamı var. Hamımız bu
sərəncama ümidlə yanaşırıq. Artıq
kinoda inkişaf hiss olunmaqdadır. Hazırda ildə 5 film
çəkilir. Kinostudiyanın təmirindən, müasir
avadanlıqlarla təchizindən sonra yeni proyektlərin
həyata keçməsinə ümidlər çoxdur.
Həm filmlərin sayı, həm də keyfiyyəti artacaq.
Onda kinostudiyadan uzaqlaşan adamlar yenidən qayıdacaq.
Ümidsiz yaşamağın mənası yoxdur.
- "Mən aktyor-reyissor
olmuşam, əlim bala batıb?" - deyə
övladınızın aktyor olmasına razı deyildiniz. Bu
gün necə, fikriniz dəyişibmi?
- Zarafat deyil,
necə olsa, mən Azərbaycan kinosunda nəyəsə nail olmuş
adamam. SSRİ və Azərbaycan Kinematoqrafçılar
İttifaqının, Konfederasiyanın üzvü, kino
əlaçısıyam. Ensiklopediyada adım var. Mənə
elə gəlir ki, ailədə sənətdə bir
nəfərin olması bəsdir.
Kaspi.- 2008.- 23 may.- S. 12.