YUNESKO-nun baş
direktoru nazirlərlə
görüşmüşdür
YUNESKO-nun
baş direktoru Koişiro Matsuura mayın 15-də “Avropada
subregional çərçivədə savadlılıq
problemlərinə baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması və innovativ
yanaşmaların tətbiqinə dəstək” mövzusunda
5-ci regional konfrans çərçivəsində
nazirlərlə görüşmüşdür.
Azərbaycanın təhsil, mədəniyyət və
turizm, səhiyyə, ekologiya və təbii sərvətlər,
gənclər və idman nazirlərinin, xarici işlər naziri müavininin, Ailə, Qadin və Usaq Problemləri
üzrə Dövlət
Komitəsi sədrinin
iştirak etdikləri
görüsdə bu sahələrin daha da
inkişaf etdirilməsi
ilə bağlı fikir mübadiləsi aparılmış, Ermənistanın
Azərbaycan torpaqlarını
işğalı ilə
bağlı yaranmış
problemlərin aradan qaldırılması yolları
müzakirə olunmuşdur.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev bildirmişdir ki, ümumbəşəri
mədəni dəyərlərin
qorunmasında böyük
xidmətləri olan
YUNESKO Dağlıq Qarabağda
və Azərbaycanın
işğal edilmiş
digər torpaqlarında,
habelə Ermənistan
ərazisində Azərbaycan
xalqına məxsus tarix-mədəniyyət
abidələrinin dağıdılmasına
öz münasibətini
bildirməlidir. Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarındakı
abidələri məhv
etməsinin qarşısının
alınması üçün
müəyyən təzyiq
göstərilməsinin, xalqımıza
məxsus mədəni
irsin qorunması üçün əməli
addımların atılmasının
arzuedilən olduğu
vurğulanmışdır.
Nazir vəziyyətlə
yerində tanış
olmaq üçün
YUNESKO-nun mədəniyyət
abidələri ilə
bağlı missiyasının
Ermənistana və işğal altındakı
Azərbaycan torpaqlarına
səfərini vacib hesab etdiyini bildirmişdir.
Cənab
Koişiro Matsuura YUNESKO-nun mədəniyyət
abidələri ilə
bağlı faktaraşdırıcı
missiyasının regiona
səfərini istisna etməyərək demişdir
ki, Dağlıq Qarabağdakı mədəniyyət
abidələrinin, ümumiyyətlə,
Azərbaycana məxsus
tarixi abidələrin
qorunması vacib məsələdir. Beynəlxalq təskilat kimi, YUNESKO vəziyyəti
izləyir. Biz regiona faktaraşdırıcı
missiya göndərməyi
planlaşdırırıq. Ancaq səfərin nə vaxt baş
tutacağını hələlik
dəqiq deyə bilmərəm. Səfərin vaxtı və
missiyanın tərkibi
müəyyənləşdirilməlidir.
İşğal olunmuş
ərazilərdəki abidələrin
dağıdılmasının yolverilməz olduğunu bildirən xarici işlər nazirinin müavini Vaqif Sadıqov Azərbaycanın
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı mövqeyini
bir daha açıqlamışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova rəhbərlik
etdiyi qurumla YUNESKO arasında əməkdaşlığa
dair təkliflərini
söyləmişdir. Qaçqın və məcburi köçkün ailələrinin
məşğulluğunun təmin
edilməsi üçün
peşəyönümlü kursların təşkili,
qadınlar arasında
savadsızlığın aradan
qaldırılması məqsədi
ilə xüsusi proqramların hazırlanması
sahəsində birgə
əməkdaşlıq da
daxil olmaqla, 20-dək təklif irəli sürülmüşdür.
Ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov ölkədə
ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün görülən
işlərdən danışmışdır.
Azərbaycan əhalisinin
66 faizini gənclərin
təşkil etdiyini deyən gənclər və idman naziri
Azad Rəhimov bu sahədə uğurlu dövlət siyasəti aparıldığını
xatırlatmışdır. Bildirilmişdir ki, bu ilin oktyabrında Azərbaycanda gənclər
arasında dünya məsğulluq sammiti keçiriləcəkdir.
Ölkədə bütün
sahələrdə inkişafı
yüksək qiymətləndirən
Koişiro Matsuura təhsil və mədəniyyət sahələrindəki
uğurları xüsusi
vurğulamışdır.
O, Bakıda YUNESKO-nun təhsil problemləri üzrə Avropa regional konfransının keçirilməsini təhsilə
verilən önəmin
göstəricisi kimi qiymətləndirmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı
səfiri seçilməsi
ilə təşkilatın
Azərbaycanla əlaqələrində
yeni mərhələnin
başlandığını deyən cənab Koişiro Matsuura əməkdaşlığın daha da inkişaf
edəcəyinə əminliyini
söyləmişdir.
Xalq qəzeti.- 2008.- 16 may.- S. 4.