Mustafa M.

 

 Kinomuzun gələcəyi necə olacaq?

 

Azərbaycan kinosunun qürub dövrü keçirdiyini xatırlamaq özü belə son dərəcə kədərlidir. Hər halda milli kinomuzun özünəməxsus tarixi ənənələri olub. Əsrin əvvəllərindən üzü bəri tamaşaçıların rəğbətini qazanan, həm xarici ölkələrdə müvəffəqiyyətlə tamaşaya qoyulan kinofilmlərimiz olub. Təkcə "Arşın mal alan" filmi xarici ölkələrdə dəfələrlə tamaşaya qoyulub həmişə alqışlarla qarşılanıb. Bu gün heç kəs deyə bilməz ki, sovet hakimiyyəti mədəniyyətin aparıcı sahələrindən olan kinonun qayğısına qalmırdı. İttifaqın mövcud olduğu yetmiş il müddətində Azərbaycanda da kinoların çəkilməsinə kifayət qədər vəsait ayrılıb bu sahə ilə mütəxəssislər, dövlət məmurları ciddi məşğul olurdu. Bunun nəticəsində "Arşın mal alan", "Şərikli çörək", "Mehman", "Əhməd haradadır", "Ögey ana", "Bizim Cəbiş müəllim", "Nəsimi", "Qaynanan", "Axırınıcı aşırım" kimi gözəl maraqlı kinolarımız meydana çıxıb. Düzdür bu filimləri dünya miqyasına çıxara bilməsək , hər halda öz tamaşaçılarımız bu kinofilimləri maraqla qarşılayıb. Hələ bu gün biz bu əsərlərə dəfələrlə tamaşa etməkdən yorulumuruq. Səbəb budur ki, həmin kino-filmlərdə həyat həqiqətləri olduğu kimi əks olunur. Onları aktyor seçimi yerli-yerindədir. Müasir kinonun ən yaxşı cəhətlərini həmin kinofilmlərdə görə bilərik. Şübhəsiz ki, bu kinofilmlərdə yeni dövrün tələbləri baxımından nöqsanlı cəhətlər var. Lakin kinomuzun bu gününə baxanda keçmişinə şükür etməmək mümkün deyil.
   Sovet hakimiyyəti dağılandan sonra Azərəbaycan kinosunun çox ağır günləri başlandı. Keçid dövründə obyektiv subyektiv səbəblərdən bu sahəyə diqqət azaldı. Elə bu günün özündə Azərbaycan kinostudiyasının binasına bazasına baxanda milli kinonun bərbad gündə olduğu dərhal nəzərə çarpır.
   Teatr, kino milli mədəniyyətin aparıcı sahələridir. İndi bu sahənin hər ikisi ayaqüstə durmaq iqtidarında deyil. İllərboyu davam edən bu vəziyyət kino sənətimizin gələcəyini şübhə altında qoyub. Qəzetlərin yazdığına inansaq bu il kino çəkilişinə Azərbaycanda cəmi 6 milyon manat vəsait ayrılıb. Əlbəttə ki, bu rəqəm çox azdır. 6 milyon mantla Azərbaycan kinosunun yarasına heç tənzif almaq mümkün deyil. Sadəcə olaraq kinonun inkişafına adi görüntü yaratmaqdan başqa bir şey deyil.
   Azərbaycan kinosunun inkişaf etdirmək, onu beynəlxalq miqyasa çıxarmaq üçün bu sahəyə tələb olunan qədər vəsait ayırmaq lazımdır. Azərbaycandakı kino-teatrların demək olar 95%-i öz təyinatından uzaqlaşdırılıb, kommersiya strukturlarına verilib, bir qismi isə mebel başqa kommersiya strukturuna çevrilib. İndi onların yenidən mədəniyyət ocağı kimi bərpa etmək xeyli çətinliklərlə bağlıdır. Dünyanın heç yerində mədəniyyət sahəsinə bu cür ögey münasibət bəslənmir.
   Azərbaycan tamaşaçısı milil kinolara baxmaq ehtiyacı hiss edir. Bu xalqımızın mənəvi təlabatıdır. Axı biz nəyə görə bütün günü ancaq xarici kinofilmlərə, o cümlədən türk seriallarına baxmalıyıq. Bizim özümüzün kino sənətimiz solmaldıdır. Çox istedadlı dünya miqyasına çıxarıla biləcək aktyorlarımız qocalıb artıq əldən düşüb. Kimin imkanı çatırsa toylarda tamadalıq eləməklə ailəsini güc-bəla ilə dolandırır. Qalanları isə maddi ehtiyac içində boğulur. Əgər kino çəkilmirsə, aktyor pulu hardan qazana bilər?
   Bu yaxınlarda 61-ci beynəlxalq Kan film festivalı başlayıb. Bu festivala dünya miqyasında oskar mükafatı kimi maraq var. Keçmiş ittifaq respublikaları, o cümlədən Ermənistan həmin beynəlxalq festivalda təmsil olunub. Azərbaycan isə Kan festivalına heç bir əsər təqdim eləməyib. Dövlət Fil Fondunun sədri Cəmil Quliyev belə qənaətə gəlir ki, indi festivala göndərilə biləcək filmimiz olmasa da, risq etmək olardı. Yəni hansısa bir kino filmi festivala çıxara bilər. C.Quliyev belə qənatə gəlir bir neçə ildən sonra Azərbaycanın beynəlxalq festivalıları göndərəcək filimləri olacaq. Ancaq biz onun nikbin proqnozuna heç cür inanmaq istəmirik. On illər boyu Azərbaycan kinosuna elə bir zərbə dəyib ki, yaxın müddətdə onu düzəltmək mümkün deyil. Təsəvvür edin ki, müxtəlif vaxtlarda maarqlı kino festivallar keçirilir. Həmin kino festivallardakı kinoları tamaşaçılara çatdırmaq üçün hal hazırda layiqli bir kinoteatrımız da yoxdur. Bu halda kinonun vaxtsa inkişaf edəcəyindən söhbət etməyə dəyərmi?
   Kinoşünas Aydın Kazımovun kinomuzun taleyi ilə bağlı söylədikləri daha məqsədəuyğundur. Bu belə qənaətə gəlirm ki, Kan festivalına kino göndərsək , qəbul olunmayacaqdır. Ən yacxışısı isə göndərməməkdir. Kino çəkilişinə pul lazımdır. Kommersiya maraqları olmayanda heç kəs bu sahə ilə maraqlanmaz. Pul olmayan yerdə kino da yoxdur. Bu adi həqiqətləri hələ bizdə dərk etməyənlər çoxdur.
   
Ədalət.- 2008.- 16 may.- S. 6.