Azərbaycan Xalq Cümhuriyyətinin
90 illik
yubileyi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2008-ci il may
ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan
Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa
edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun
bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal
Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda
Respublika günü kimi qeyd olunur.
Müsəlman
Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq
Cümhuriyyəti xalqımızın qədim
dövlətçilik ənənələrini yaşadaraq,
müasir dövrə xas dövlət təsisatlarının
yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin
təşəkkül tarixi isə Azərbaycan Parlamentinin 1918-ci
il dekabr ayının 7-də keçirilmiş ilk iclasından
başlayır.
Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması mürəkkəb siyasi
dövrdə cərəyan edən hadisələrin və
Azərbaycan xalqının milli oyanışının məntiqi
yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli
Axundov, Həsən bəy Zərdabi, Cəlil
Məmmədquluzadə və digər görkəmli
şəxsiyyətlər tərəfindən təməli
qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın,
məktəbin və mətbuatın yaranması ilə
nəticələnmiş, milli özünüdərkin
gerçəkləşməsinə böyük təsir
göstərmişdir. Bakının neft paytaxtına
çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması
ilə yanaşı, dünyanın aparıcı universitetlərində
təhsil almış ziyalılar nəslinin yetişməsinə
şərait yaratmışdır. Əlimərdan bəy
Topçubaşov və başqa ziyalıların siyasi proseslərə
qatılması, Dumaya seçilməsi və Rusiya
müsəlmanlarının təşkilatlanmasında
oynadıqları rol tariximizin unudulmaz
səhifələrindəndir.
Rusiyada çar
üsul-idarəsinin ləğvi, baş verən fevral və
oktyabr çevrilişləri, Birinci dünya
müharibəsinin fəsadları və bir srra digər
amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin
qarşıdurma meydanına çevirmişdi. Dünyanın
aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi
maraq vəziyyəti daha da gərginləşdirirdi.
İlk qərarı
ilə milliyyəti, dini, sosial vəziyyəti və
cinsindən asılı olmayaraq, ölkəmizin bütün
vətəndaşlarına bərabər hüquqlar verən
Cümhuriyyətin yaranması çox mürəkkəb
şəraitdə elan olunmuşdur. Cəmi 23 ay
yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin
hər bir səhifəsi bütün azərbaycanlılar üçün
olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi
qürur hissi ilə dolduran hadisələrlə yanaşı,
ümummilli faciələrə yol açan səhifələr
də vardır.
Azərbaycan Xalq
Cümhuriyyətinin öz dövlətçilik
atributlarını qəbul etməsi, dövlət və
hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət,
təhsil və səhiyyə sahələrində
atdığı addımlar xalqımız üçün
taleyüklü əhəmiyyət kəsb etmişdir.
Cümhuriyyətin böyük uğurlarından biri Paris
sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın
müstəqil dövlət kimi tanınması olmuşdur.
Lakin ölkənin öz neftini xarici bazarlara
çıxarmaqdan təcrid edilməsi nəticəsində
yaranmış siyasi, iqtisadi və sosial böhran
güclənirdi. Həmçinin parlament daxilində hökm
sürən hərc-mərclik, Qarabağda və
Zəngəzurdakı erməni silahlı dəstələri
ilə qarşıdurmalar gündən-günə
dərinləşirdi. Əhalinin əsas hissəsinin
ağır durumü isə bolşevik təbliğatı
üçün münbit zəmin yaradırdı.
İrəvanın ermənilərə paytaxt kimi
verilməsindən sonra İrəvan mahalından
qaçqın düşmüş 150 mindən artıq
soydaşımızın vəziyyəti olduqca gərgin idi.
Belə bir vəziyyətdə parlamentin son iclasında
bolşevik ultimatumunun qəbul edilməsi aprel
işğalı ilə nəticələndi.
Aprel işğalı
Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini
Məhəmməd Əmin Rəsulzadə kimi mühacir
həyatı yaşamağa məhkum etdi, digər qismini
Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi
erməni terrorunun qurbanına çevirdi, qalanlarını da
bolşevizmin amansız repressiyalarına məruz qoydu.
1920-ci il aprelin 28-də
ikinci respublika - Azərbaycan Sovet Sosialist Respublikası
yaradıldı. İki il ərzində öz
müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci
ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz
müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi.
Yalnız onu əvəz edən dördüncü respublika
müstəqillik ideyasını yaşatmış və
Azərbaycan bütün sərvətlərinin, o
cümlədən neftinin tam sahibi kimi çıxış
edə bilmişdir.
Azərbaycan Xalq
Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər,
hətta ikicildlik ensiklopediya nəşr edilsə də,
tariximizin bu mərhələsi ilə bağlı çox
sayda sənədlər hələ xarici ölkələrin
qapalı arxivlərində saxlanılır və öz
tədqiqatçılarını gözləyir.
Azərbaycan Xalq
Cümhuriyyətinin ölkəmizdə milli dövlətçilik
tarixində xüsusi yer tutduğunu nozərə alaraq
qərara alıram:
1. Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada
geniş qeyd edilsin.
2. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə
həsr olunmuş tədbirlər planı hazırlayıb
həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Milli Məclisinə Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin yaranmasının 90 illiyi
münasibətilə xüsusi iclasın keçirilməsi
tövsiyə olunsun.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 fevral 2008-ci il
Mədəniyyət.- 2008.- 28 may.- S. 2.