Biz niyə Kann festivalında iştirak edə bilmirik?
Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi,
Şərq-Qərb kinofestivalının direktoru Abbas
Əliyevin fikirlərini oxuculara təqdim etməyi münasib
bildim
"Azərbaycan
yeganə böyük Şərq-Qərb festivalı olan Kann
festivalında hər-hansı böyük filmlərin
təqdimatı imkanından məhrumdur". Kann festivalında Bakıdan köçən ermənilərdən
bəhs edən "Qata" filminin nümayişinə və
festival çərçivəsində
ermənilərin "Qızıl
ərik" kinofestivallarının
təqdimetmə mərasiminin
keçirilməsinə münasibət
bildirən Abbas Əliyev deyib ki, ermənilərin öz festivallarını Kann festivalında və digər dövlətlərin keçirdiyi
müxtəlif forumlarda
təbliğ etmək
imkanları var: "Maliyyə imkanları varsa, deməli, həmin dövlət və yaxud da
həmin işlərlə
məşğul olan qurumlar daha effektiv
çalışırlar və
kinonun təbliğat imkanlarını daha dəqiq qiymətləndirirlər.
Və ondan daha yaxşı istifadə edirlər. Biz isə bu
imkandan məhrumuq. Şəxsən Azərbaycan
Kinematoqrafçılar İttifaqı
dövlətin dəstəyi
ilə keçirdiyi Azərbaycanda yeganə böyük Şərq-Qərb festivalı Kann festivalında hər-hansı böyük filmlərin təqdimatı imkanından
məhrumdur".
Abbas müəllimin
sözlərinə görə,
bütün dünyada
festivallarda nümayişdən
əlavə həm də bazarlar keçirilir. Hər bir ölkə öz filmlərini o bazarda satır:
"Buna bir növ kino yarmarkası
demək olar. Məsələn, Rusiyanın
Kinotavrında belə
bir bazar var və s.
Kino bir məhsuldur. Hər kəs çalışır
ki, bu məhsulu
çox sayda geniş ölkəyə satsın. Bu, birinci növbədə maliyyə artımıdır,
ikinci növbədə
isə təbliğat
vasitəsidir. Məsələn,
ötən il Berlin festivalı çərçivəsində keçirilən bazarda erməni filmi satılırdı. O bazarda
ermənilər iştirak
ediblər. Amma biz iştirak etməmişik. "Nəyə
görə iştirak
etməmişik?" sualı
isə Azərbaycanda kino siyasətini həyata keçirən adamlara yönəldilməlidir.
Hələ də gec deyil. Ola
bilər ki, biz inkişafımıza təzə başlayırıq.
Ora dəyərli-dəyərsiz film aparmaq olmaz. Hazırda Azərbaycanda xeyli filmlər çəkilib. Gələn
yarmarkalarda yəqin ki, biz də
inkişaf edəcəyik.
Mən bilirəm ki, bu məqsəd
bizim qarşımızda
durur. Mədəniyyət
və Turizm Nazirliyi bu sahəyə
fikir verir və görünür, həmin yarmarkalarda iştirak edəcəklər".
"Yarmarkalarda
iştirak etmək üçün pulu kim ayırmalıdır?"
sualına cavab verərkən isə A. Əliyev bildirib ki, yarmarkada iştirak etmək istəyən filmin sahibkarı dövlətdirsə,
öz filmlərini göndərməlidir, iştirakçı
üçün müəyyən
maliyyə ilə yer icarəyə götürməlidir. Şəxsi
filmdirsə, bu işi filmi
çəkən prodüser
mərkəzi etməlidir.
Bundan başqa, Ermənistan
mətbuatının yazdığına
görə, rus kinoşünası, incəsənət
elmləri doktoru Kiril Razloqov hesab edir ki,
hər il ənənəvi olaraq Ermənistanda keçirilən
"Qızıl ərik"
kinofestivalı regionda
daha nüfuzludur.
"Əgər regionda
keçirilən kinofestivallardan
danışsaq, Tiflis və Bakı festivalları formatlarına görə seçilirlər", deyə
Razloqov qeyd edib. Verilən məlumata görə, kinoşünas bildirib ki, Bakı festivalı
müəyyən "Şərq-Qərb" şüarı
altında keçirilir
və lokal xarakter daşıyır, festivalda cəmi bir neçə kino nümayiş olunur. "Bu festivalın rəhbərliyi
festivalın genişlənməsi
və onun regional və yaxud da beynəlxalq
miqyasda olmasını
qarşılarına məqsəd
kimi qoymayıblar",
deyə kinoşünas
bildirib. K. Razloqovun sözlərinə görə,
Bakıdan fərqli olaraq Tiflis festivalı
bütün bu məsələləri qarşısına
məqsəd kimi qoyub. Razloqov "Qızıl ərik"dən danışarkən
isə qeyd edib ki, İrəvan
festivalı düzgün
strategiya seçib.
A. Əliyev isə
K. Razloqovun dediklərini
şərh edərkən
bildirib ki, Şərq-Qərb festivalı lokal xarakter daşımır. Burda Şərq və Qərb sivilizasiyasından söhbət
gedir. Şərq və Qərb sivilizasiyası bütün
yer kürəsini əhatə edir. Ona görə də əgər Razloqov belə bir fikir söyləyibsə,
görünür, onun
təsəvvüründə bizim festival lokal xarakter daşıyır. Amma mən onun yazdıqlarını
oxumamışam ona görə də bu barədə dəqiq bir şey deyə bilmirəm", deyə A.
Əliyev qeyd edib.
Abbas Əliyevin
sözlərinə görə,
Şərq-Qərb festivalının qarşısına
qoyduğu əsas məqsəd bir-birinə zidd problemlərin filmlər vasitəsilə müzakirə
edilməsi və araşdırılmasıdır: "Bu isə bəşəri
məqsəddir, ona görə də lokal xarakterdən söhbət gedə bilməz. Bu, ümumbəşəri problemlərə
həsr edilən bir festivaldır".
A. Əliyevin sözlərinə görə,
Azərbaycan Kann kimi festivallara kiminsə çəkdiyi filmin qarşısına cavab olaraq film
çıxarmamalıdır. "Dövlət tərəfindən
kino çəkilişinə
bu il 6 milyon
manat vəsait ayrılıb. Vətənpərvər
filmlər də çəkilir. Azərbaycan
yaradıcı şəxslərdən
istifadə etməlidir.
Azərbaycanda da dövlət maliyyə vəsaiti ayırır və deyir ki,
film çəkin. Amma filmi çəkən
yaradıcı adamlardır.
Azərbaycanlılar günahkar deyil
ki, hər bir erməni yalnız millətçilik
ruhunda köklənib və ancaq millətçiliklə
məşğuldurlar. İkinci
bir tərəfdən
isə uzun illərdir ki, onlar yüz illərnən ürəklərində
yaşatdıqları təbliğat
problemini həmişə
qabardırlar, üzə çıxardırlar.
Fransada, Kanadada, başqa-başqa ölkələrdə
yaşayan erməni rejissorların çəkdikləri
filmlər də guya ermənilərin azərbaycanlılarla olan problemlərinə, Qarabağ
probleminə həsr olunur. Ermənilər bu xislətnən yaşayırlar. Buna cavab vermək üçün bizim yaradıcı şəxslərimiz
də var. Həqiqətləri çəkmək
və dünyaya çatdırmaq lazımdır.
Ona görə də belə forumlarda Azərbaycan kinematoqrafçılarını dəstəkləyən dövlət
və qeyri-dövlət təşkilatları
mütləq iştirak
etməlidirlər. Bu filmləri çəkdirən
və ya qəbul edən qurumlar əvvəlcədən
filmləri nə məqsədlə çəkdiklərini
qarşılarına məqsəd
kimi qoymalıdırlar".
"Azərbaycan" kinoteatrının
direktoru Rafiq Hüseynov isə erməni mətbuatının
yazdığına cavab
olaraq bildirib ki, K. Razloqov dəfələrlə Azərbaycanda
keçirilən festivallarda
iştirak edib və onun belə
fikirlər söyləməsinə
inanmır: "Məncə
bu, erməni mətbuatının yazdığı
uydurmadır. K. Razloqov
özü də bilir ki, Şərq-Qərb simvolik xarakter daşıyır və Bakının Şərqlə Qərbin
kəsişməsində yerləşməsi
anlamını verir. Bu baxımdam K. Razloqovun bu fikirləri
söyləməsinə inanmıram".
Yeri gəlmişkən,
sözardı:
Bakıda ənənəvi
Şərq-Qərb kinofestivalına hazırlıq
görülür
1-7 iyun tarixlərində
Azərbaycanda ənənəvi
Şərq-Qərb kinofestivalı keçiriləcək.
Bu barədə Azərbaycan Kinematoqrafçılar
ittifaqının katibi,
"Şərq-Qərb"
kinofestivalının direktoru
Abbas Əliyev məlumat verib. Festival çərçivəsində
gün ərzində iki film göstəriləcək.
Polşanın çox
məşhur rejissoru,
klassiki Kşıştov
Zanussinin retrospektivi çərçivəsində 3 klassik film göstəriləcək.
Bundan əlavə Azərbaycanın gənc rejissoru Lalə Axundovanın "Dost"
filminə xüsusi baxış keçiriləcək.
Beləliklə, festivalda
18 film göstəriləcək.
Bundan başqa,
kino və kinonun nümayişi problemlərinə, milli kinonun dünya bazarına çıxarılması
problemlərinə həsr
edilmiş "dəyirmi
masa" keçiriləcək.
Festival çərçivəsində
həmişə olduğu
kimi, bütün dünyada tanınmış
kinematoqrafçılar, kino
prodüserlər, aktyorlar
və rejissorlar Azərbaycanın qonağı
olacaq. Festivalda Azərbaycan filmləri ilə yanaşı, İran, Fransa, Polşa, Qazaxıstan, Rusiya və digər ölkələrdə
istehsal edilən filmlər də nümayiş olunacaq.
Ədalət.- 2008.- 15 may.- S. 6.