Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi
hadisə idi
Xalq Cümhuriyyətinin
90 illik yubileyinə həsr olunmuş mərasim
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin nitqi
Mayın 27-də “Gülüstan” Sarayında
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə
həsr olunmuş mərasim keçirilmişdir.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi
və xanımını hərarətlə
qarşıladılar.
Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi
orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı mərasimdə nitq
söylədi.
–Hörmətli xanımlar və cənablar!
Mən sizi və bütün Azərbaycan xalqını
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi
münasibətilə ürəkdən təbrik edirəm,
bütün Azərbaycan xalqına xoşbəxtlik və
yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya
miqyasında bir tarixi hadisə idi. İlk dəfə olaraq
Şərqdə, müsəlman aləmində demokratik
respublika yaranmışdı. Azərbaycan xalqı
üçün isə bu, xüsusi əhəmiyyətli
hadisə idi. Azərbaycan xalqı öz müstəqil
dövlətini yaratmışdı. Əsrlər boyu
müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı,
nəhayət, öz müstəqil dövlətinə sahib
olmuşdu.
Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin, onun
qurucularının fəaliyyətinə həmişə
böyük hörmətlə yanaşmışdır,
onların fəaliyyətinə böyük qiymət
vermişdir. Bildiyiniz kimi, keçən il Bakının
mərkəzində, İstiqlaliyyət
küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin
şərəfinə abidə ucaldılmışdır. Bir
müddət bundan əvvəl mənim tərəfimdən
imzalanmış sərəncama əsasən, Xalq
Cümhuriyyətinin 90 illik yubileyi Azərbaycanda geniş
şəkildə qeyd olunur. Müxtəlif yerlərdə,
ölkəmizin hər bir yerində böyük
tədbirlər keçirilir və bu, bir daha
xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinə
hörmətinin əlamətidir.
Bildiyiniz kimi, ilk respublikanın ömrü uzun olmadı və
iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut
etdi. Bunun həm obyektiv, həm də subyektiv
səbəbləri olmuşdur. Bu hadisə bir də onu
göstərir ki, müstəqilliyi əldə etmək onu
qoruyub saxlamaqdan daha asan məsələdir. Əfsuslar olsun ki,
bu acı tarix XX əsrdə ikinci dəfə 1990-cı
illərin əvvəllərində təkrarlana bilərdi. O vaxt da Azərbaycan öz dövlət
müstəqilliyini bərpa etmişdi və iki ildən sonra
ölkədə gedən xoşagəlməz proseslər
nəticəsində müstəqillik faktik olaraq əldən
gedirdi və Azərbaycan xalqı yenə də böyük
fəlakətlə üzləşə bilərdi.
1993-cü ildə vəziyyət böhran həddinə
çatmışdı – həm iqtisadi, həm siyasi, həm
də hərbi böhran, vətəndaş müharibəsinin
başlanması, torpaqlarımızın işğal
altına düşməsi. Xüsusilə
Şuşa, Kəlbəcər və Laçın
rayonlarının işğalı o biri rayonların
işğal altına düşməsinin təməlini qoydu,
yəni bunu şərtləndirən amillər olmuşdur. Çünki
artıq Ermənistanla Dağlıq Qarabağ arasındakı
ərazidə azərbaycanlıların yaşadıqları
rayonlarda heç kim qalmamışdı. Etnik təmizləmə
siyasəti nəticəsində bütün
azərbaycanlılar Şuşa, Laçın və
Kəlbəcər rayonlarından qovulmuşdu.
Beləliklə, müharibənin birinci mərhələsinin
nəticələri müəyyən olunmuşdu.
Ancaq ulu öndər Heydər Əliyevin
Azərbaycana rəhbərliyə qaydışından sonra
vəziyyət sabitliyə doğru inkişaf etməyə
başladı. Azərbaycan xalqı 1993-cü ildə,
demək olar ki, ən ağır, ən çətin
vəziyyətdən məhz ulu öndərin rəhbərliyi
altında şərəflə çıxa bilmişdir.
1993-cü ildən başlayaraq, ardıcıl
siyasət nəticəsində bütün
xoşagəlməz hallara son qoyuldu, böhrana son qoyuldu və
Azərbaycan inkişaf dövrünü yaşamağa
başladı. Bu dövr bizim hamımızın yaxşı
xatirindədir. Bu, inkişaf və sabitlik
dövrüdür və demokratik, inkişaf edən
ölkəni şərtləndirən bütün amillər
Azərbaycanda tətbiq edilməyə başlanmışdır.
Azərbaycan demokratiya yolunu, bazar iqtisadiyyatı yolunu
seçmişdir. Azərbaycanda gedən əsaslı iqtisadi
və siyasi islahatlar ölkəmizi böyük
dərəcədə gücləndirə bilmişdir.
1993-2003-cü illər Azərbaycan tarixində inkişaf
illəri kimi yadda qalır. Bu illər
ərzində, demək olar ki, əsas çətinliklər
arxada qaldı. Ölkəmiz beynəlxalq aləmə
sürətlə inteqrasiya etməyə başladı. Ən
cəsarətli və qətiyyətli iqtisadi islahatlar
həyata keçirilməyə başlandı. Heydər
Əliyevin neft strategiyası başlandı və bu salonda 1994-cü
ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, bu
gün də Azərbaycanın uğurlu və müstəqil
həyatını böyük dərəcədə təmin
edir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinin
keçmişinə böyük hörməti var idi və
məhz onun qərarları nəticəsində həm
yaxın, həm də uzaq keçmişimizə düzgün
və ədalətli qiymət verilmişdir.
Bu gün Azərbaycan dünyada öz yerini
möhkəmləndirir. Bizim həm iqtisadi cəhətdən,
həm də siyasi cəhətdən bütün
səylərimiz ölkəmizin möhkəmlənməsinə
yönəldilibdir. Mən bunu artıq bir neçə
dəfə qeyd etmişəm və bir daha demək
istəyirəm ki, Azərbaycanda bütün islahatlar - iqtisadi
islahatlar və siyasi islahatlar paralel şəkildə
aparılır. Biz keçmişdən və başqa
ölkələrin tarixindən yaxşı bilirik ki,
əgər bu islahatlar paralel şəkildə
keçirilməsə, xüsusilə, keçid
dövrünü yaşayan ölkələrdə
böyük çətinliklər yarana bilər. Bizim
əldə etdiyimiz nəticələr, Azərbaycanda
görülən işlər və bunların düzgün
istiqamətdə getməsi bir daha onu göstərir ki, bu,
yeganə düzgün seçimdir, yeganə düzgün
siyasətdir. Bu siyasət nəticəsində Azərbaycanda
həm sabitlik qorunub saxlanılır, möhkəmlənir,
həm də ictimai-siyasi asayiş tam şəkildə
bərqərar olmuşdur.
Azərbaycan demokratiya yolu ilə inkişaf edir. İqtisadi
və sosial islahatlar uğurla icra edilir. Biz dünya
birliyinə sürətlə inteqrasiya edirik və bu
inteqrasiya, əlbəttə ki, ölkəmizin
hərtərəfli inkişafı üçün
böyük rol oynayır. Ona görə bu gün
əminliklə deyə bilərik ki, artıq Azərbaycan
müstəqil dövlət kimi tam şəkildə
formalaşıbdır. Müstəqillik o deməkdir ki,
ölkə müstəqil siyasət aparmaq iqtidarında olsun
və bunu biz görürük. Azərbaycan bütün
sahələrdə müstəqil siyasət aparır. Bu
siyasət Azərbaycan xalqının milli maraqları üzərində
qurulur, onun təməlində Azərbaycan xalqının
maraqları dayanır. Müstəqil siyasət
aparmaqla biz, eyni zamanda, bütün ölkələrlə
və beynəlxalq təşkilatlarla bərabər hüquqlu,
qarşılıqlı hörmət əsasında
ikitərəfli və çoxtərəfli
münasibətlərin yaranmasına da nail ola bilmişik.
Biz açıq siyasət aparırıq. Bizim
sözümüzlə əməlimiz arasında fərq
yoxdur. İstər beynəlxalq münasibətlərdə,
istər daxili siyasətdə bizim siyasətimiz xalq
tərəfindən dəstəklənir və bu,
əlbəttə ki, gələcəkdə islahatların davam
etdirilməsi üçün bizə əlavə
qüvvə verir. Çünki hər bir hakimiyyətin
mənbəyi xalqdır və Azərbaycan xalqı öz
strateji seçiminə sadiqdir. 1993-cü ildə bu seçimi
edib və bu gün ona sadiqdir.
Biz çalışmalıyıq ki, gələcəkdə
Azərbaycanı daha da sürətlə inkişaf etdirək.
Bunu etmək üçün bütün imkanlar var. Mən
qeyd etdim ki, Azərbaycan açıq qapılar siyasəti
aparır. Biz dünyaya açığıq,
əməkdaşlığa, dostluğa meyilliyik. Çox
sevindirici haldır ki, Azərbaycan bütün
ölkələrlə normal, işgüzar,
qarşılıqlı hörmətə əsaslanan
münasibətlərin qurulmasına nail ola bilmişdir. Biz
beynəlxalq təşkilatlarla uğurla
əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlara
üzv olanda müəyyən öhdəliklər
götürmüşük və biz bu öhdəlikləri
yerinə yetiririk. Biz istənilən beynəlxalq
təşkilata könüllü şəkildə daxil
olmuşuq. O təşkilatlara ona görə daxil olmuşuq
ki, öz maraqlarımızı daha da böyük
dərəcədə müdafiə edək, islahatları daha
da dərinləşdirək və dünya birliyinə daha da
sürətlə inteqrasiya edək. Ancaq indiki
şəraitdə biz onu da bilirik ki, Azərbaycanın
önəmi artır. Azərbaycan güclü dövlət
kimi dünyada, bizim bölgədə böyük
hörmətə malik olan bir ölkədir. Bizim xarici
siyasətlə bağlı təşəbbüslərimiz
dünyada çox yüksək qiymətləndirilir.
Azərbaycanın birmənalı siyasəti və dostluğa,
əməkdaşlığa istiqamətlənmiş
siyasət, əlbəttə ki, bütün dünyada
yüksək qiymətləndirilir.
Biz siyasi islahatları davam etdirməklə
ölkəmizi müasirləşdiririk, gücləndiririk.
Çünki siyasi islahatlar hər bir ölkə
üçün vacibdir. İstər inkişaf etmiş
ölkə olsun və tam şəkildə özünü
demokratik ölkə kimi tanıtsın, yaxud da keçid
dövrünü yaşayan ölkələr - hər bir
ölkədə siyasi islahatlar getməlidir. O cümlədən
Azərbaycanda. Biz bu siyasətə sadiqik və
bügünkü Azərbaycanın inkişafı o
cümlədən siyasi islahatlar nəticəsində
mümkün olmuşdur. Demokratikləşmə prosesinin
dərinləşməsi nəticəsində mümkün
olmuşdur və əlbəttə ki, bunun çox
güclü iqtisadi bazası olmalıdır. Çünki
əks-təqdirdə bu siyasətin uğuru olmaz.
Biz iqtisadi bazanı yaratmışıq. Dünyada ikinci
belə ölkə yoxdur ki, iqtisadiyyatı dörd il
ərzində iki dəfə artsın, sənaye istehsalı
iki dəfə artsın, yoxsulluq kəskin şəkildə
aşağı düşsün və işsizlik probleminin
böyük əksəriyyəti həll olunsun. Biz
bütün bunlara öz əməyimizlə, öz
siyasətimizlə və Azərbaycan xalqının bizə
verdiyi dəstək hesabına nail olmuşuq. Bu gün
Azərbaycan iqtisadi cəhətdən nəinki
özünü təmin edir, dost, qonşu ölkələr
üçün də çox güclü və etibarlı
tərəfdaşa çevrilir. Biz lazım olan hallarda öz
dostlarımıza da yardımımızı
əsirgəmirik. Mən hesab edirəm ki, bundan sonra da belə
olmalıdır. Çünki biz iqtisadi imkanlarımızdan
dostluğun, əməkdaşlığın inkişafı
üçün istifadə edirik.
Biz böyük enerji resurslarına malikik. Azərbaycan
neft-qazla zəngin olan ölkədir və indi bu resurslar
həm Azərbaycan xalqının maraqlarına, həm də
geniş mənada Avropa qitəsində bizə dost olan
ölkələrin maraqlarına xidmət edir və bu iki
tərəf arasında heç bir ziddiyyət yoxdur. Biz
onu sübut etmişik. Biz nümayiş etdirmişik ki, enerci
resursları dostluğun, əməkdaşlığın
inkişafına xidmət göstərməlidir və biz
onlardan məhz bu istiqamətdə istifadə edirik. Demək
olar ki, bu sahədəki bütün planlarımız
həyatda öz əksini tapıbdır.
Bir daha demək istəyirəm ki, 1994-cü ildə ulu
öndər Heydər Əliyevin təşəbbüsü
ilə başlamış uğurlu neft strategiyamız bu
gün Azərbaycanın iqtisadi və siyasi potensialını
böyük dərəcədə
müəyyənləşdirir. Sirr deyil ki, dünyada iqtisadi
və siyasi maraqlar hər bir ölkə üçün
əsas şərtdir. Hər bir ölkə öz
maraqlarını təmin etməlidir, öz maraqlarını
müdafiə etməlidir. O cümlədən Azərbaycan.
Biz bu resurslarımızı işə salmaqla öz
maraqlarımızı tam şəkildə təmin edirik
və şübhə yoxdur ki, bizimlə daha yaxşı
münasibətlər qurmaq istəyən ölkələrin
sayı artmaqdadır. Burada həm enerji resurslarının
önəmi var, bizim coğrafi mövqeyimizin, uğurlu siyasi
və iqtisadi islahatlarımızın, eyni zamanda,
bütövlükdə Azərbaycanın artan önəminin
rolu vardır. Bu gün Azərbaycanla yaxşı
münasibətlər yaratmaq və onları
gücləndirmək istəyən ölkələrin
sayı artır. Biz bunun şahidiyik və əlavə
şərh etməyə ehtiyac yoxdur. Gələcəkdə,
əlbəttə ki, Azərbaycanın qarşısında
duran vəzifələr çox böyükdür.
Biz böyük uğurları əldə etmişik,
ölkəmizdə güclü iqtisadi inkişaf
üçün möhkəm bazanı yaratmışıq.
Bu gün bizim büdcə xərclərimiz sürətlə
artır və son 4-5 il ərzində on dəfədən
çox artmışdır. Bütün sosial proqramlar,
infrastruktur layihələri, bizim xaricə qoyduğumuz
sərmayələr, – onlar da strateji xarakter daşıyır,
– bütün bunlar artan iqtisadi imkanlar hesabına
mümkündür. Bizim strateji valyuta ehtiyatlarımız artır.
Son məlumata görə, Azərbaycanın valyuta
ehtiyatları 10 milyard dolları ötübdür. Bu,
böyük məbləğdir. Bu, yalnız
başlanğıcdır. Biz elə etməliyik ki,
Azərbaycanın uzunmüddətli, dayanıqlı
inkişafını təmin edək. Hazırda aparılan
islahatlar və başlanan layihələr bir neçə
ildən sonra böyük nəticələrə gətirib
çıxaracaqdır.
Qeyri-neft sektorunun inkişafı, sahibkarlığın,
kənd təsərrüfatının inkişafı,
işsizliyin aradan qaldırılması – bütün bunlar
Azərbaycanın reallıqlarıdır. Güclü sosial
siyasət, insanların rifah halının
yaxşılaşması, təhsilə,
mədəniyyətə, səhiyyəyə, informasiya
texnologiyalarına göstərilən diqqət və
ayrılan vəsait - bütün bunlar insan kapitalına qoyulan
sərmayədir.
Biz öz təbii sərvətlərimizdən
səmərəli istifadə edərək, onları
təhlükəsiz və çoxşaxəli yollarla
dünya bazarlarına çıxararaq, insan kapitalına
vəsait qoyuruq. Bu gün Azərbaycanı dünya enerji
bazarları ilə birləşdirən yeddi kəmər var.
Onlardan üçü neft kəməri, dördü isə
qaz kəmərləridir. Azərbaycan istənilən
istiqamətə öz enerji resurslarını ixrac edə
bilər və beləliklə, neft hasil və ixrac edən
ölkələrin qarşısında duran əsas
vəzifəni – ixracın şaxələndirilməsini biz
təmin etdik. Bundan sonra bizim qarşımızda duran
vəzifələr daha da qlobal xarakter daşıyır: Azərbaycanın nəinki bu bölgədə,
dünyada rolunun möhkəmlənməsi, dünya
miqyasında önəmli ölkəyə çevrilməsi,
sosial rifahın tam şəkildə təmin olunması,
işsizliyin, yoxsulluğun tam şəkildə aradan
qaldırılması, bütün regionların inkişaf
etdirilməsi, güclü infrastruktur layihələrinin
davam etdirilməsi və başa çatdırılması,
səhiyyə, təhsil, mədəniyyət
sahələrində bütün məsələlərin
həlli. Beləliklə, Azərbaycanın bütün
sahələrində müsbət nəticələrin
əldə olunması vəzifələri qarşıda
dayanır. Bildiyiniz kimi, bizim hər bir sahəni əhatə
edən proqramlarımız var,
düşünülmüş strategiyamız var.
Bütün proqramlar konkret xarakter daşıyır. Hər
bir proqramın əsasında maddi resurslar var və biz
uğurla irəliyə gedirik.
Mən şübhə etmirəm, biz qarşıda duran
vəzifəyə – Azərbaycanın inkişaf etmiş
ölkəyə çevrilməsinə nail olacağıq. Bunun üçün imkanlar var: həm
xalqımızın istedadı, həm xalqla iqtidar arasında
olan birlik, həm də bizim coğrafi vəziyyətimiz, enerji
resurslarımız, nəqliyyat imkanlarımız,
bölgədə artan rolumuz, nüfuzumuz, qonşu, dost
ölkələrlə işgüzar
münasibətlərimiz, Azərbaycanın dünya
miqyasında artan nüfuzu və rolu. Bax, budur bizim uğurumuzu
şərtləndirən amillər. Mən şübhə
etmirəm ki, Azərbaycan dövlət müstəqilliyi
yolunda daha da böyük nailiyyətlərə
çatacaqdır.
Bir daha demək istəyirəm ki, mən bizim
qarşımızda heç bir maneə görmürəm,
sadəcə, qəbul olunmuş bütün qərarlar
vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai
nəzarət olmalıdır. Biz siyasi islahatları aparmaqla
yanaşı, güclü ictimai nəzarətə də
diqqət göstəririk ki, dövlətin, hökumətin
bütün addımları xalq tərəfindən
izlənilsin, ona güclü təhlil verilsin. Lazım
gələrsə, müəyyən islahatlarda
düzəlişlər də edilməlidir. Geniş
müzakirələr keçirilmədən biz buna nail ola
bilmərik. Ona görə Azərbaycanda bütün qəbul
edilmiş əsas qərarlar həm ictimaiyyətdə, həm
Milli Məclisdə, həm də hökumətdə, ictimai
təşkilatlarda geniş müzakirə predmetinə
çevrilir. Azərbaycan xalqının və Azərbaycan
iqtidarının o istiqamətdəki baxışları,
yanaşmaları, mövqeyi üst-üstə
düşür.
Bizim qarşımızda yeganə ciddi problem
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
məsələsinin həll olunmamasıdır. Siz mənim
mövqeyimi bilirsiniz. Mən bu barədə öz
fikirlərimi dəfələrlə bildirmişəm. Bu
məsələ yalnız və yalnız Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
öz həllini tapa bilər. Məsələnin bu
dərəcədə uzanmasının səbəbi də
yəqin məhz bundadır ki, Azərbaycan prinsipial mövqeyindən
bir addım da geriyə çəkilmir.
Baxmayaraq ki, müxtəlif yollarla Azərbaycanı daha da
böyük güzəştlərə sövq etmək
istəyən tərəflər də var və
müəyyən mənada təzyiq mexanizmləri də
işə salınır. Bu təzyiq mexanizmlərinin
bəzilərində guya ki, Azərbaycanda demokratiyanın
inkişafında hansısa problemin mövcudluğu haqqında
deyilən sözlər də rol oynayır. Bu və ya
digər irad, yaxud təklif nə üçün, nə vaxt
və hansı məqsədlə olub – bütün bunları
Azərbaycan xalqı yaxşı bilir. Ancaq Azərbaycan
dövlətinə, onun rəhbərliyinə, Azərbaycan
xalqına hər hansı təzyiqin heç bir mənası
yoxdur. Çünki bizim siyasətimiz açıqdır, xalq
tərəfindən dəstəklənir, prinsipial, ədalətli
siyasətdir.
Mən hesab edirəm ki, növbəti aylarda,
yəqin ki, ilin sonuna qədər və 2009-cu ildə biz
Dağlıq Qarabağ məsələsinin həlli ilə
bağlı öz fikirlərimizi artıq daha da böyük
mənada bildirəcəyik. Çünki məsələnin
uzadılması qəbuledilməzdir. Eyni zamanda,
Azərbaycan tərəfindən əlavə
güzəştlər də mümkünsüzdür. Bir
tərəfdən, bizi sülh danışıqlarına
dəvət edirlər və biz xoş niyyət
göstərərək, bu danışıqlarda hələ
ki, iştirak edirik. Digər tərəfdən,
irəliləyişə nail ola bilmirik. Düzdür,
müzakirə zamanı müəyyən irəliləyiş
var və deyə bilərəm ki, Azərbaycanın mövqeyi
bu gün müzakirə olunan məsələlərdə
nəzərə alınır. Ancaq nəticə yoxdur.
Sevindirici haldır ki, bizim mövqelərimizin
möhkəmlənməsi sayəsində danışıqlar
mövzusunda Azərbaycanın ərazi bütövlüyü
birinci yer tutur. Yəni danışıqların bütün
mahiyyətində Azərbaycanın ərazi
bütövlüyünün bərpası və işğal
olunmuş bütün rayonların azad edilməsi dayanır.
Danışıqlar masasında Dağlıq Qarabağın
Azərbaycandan nə vaxtsa ayrılma mexanizmləri yoxdur. Bu,
reallıqdır və Ermənistan tərəfi bu
məsələyə dair öz subyektiv, təhrif edilmiş
fikirlərini nə qədər söyləsə də, bunun
əhəmiyyəti yoxdur. Çünki
danışıqları təkcə biz aparmırıq.
Vasitəçilər də bu işin
içindədirlər. Dağlıq Qarabağın
ayrılması mexanizmi yoxdur. Yəni bu müsbət haldır
və imkan verir ki, əgər Ermənistan tərəfi
konstruktivlik göstərərsə, biz tezliklə sülh
razılaşmasına nail ola bilərik.
Ancaq, əlbəttə, hər şey Ermənistan
tərəfinin mövqeyindən asılıdır. Onlar
anlamalıdırlar ki, təcavüz siyasəti, etnik
təmizləmə siyasəti nəticəsində
müvəqqəti olaraq torpaqlarımızın işğal
altında saxlanması onlara xeyir gətirmir. Onları bütün
layihələrdən təcrid edir, onların inkişafına
əngəl törədir. Bu gün reallıq belədir ki, bu
bölgənin ən önəmli, ən güclü ölkəsi
Azərbaycandır. Bizimlə heç kim rəqabət apara
bilməz. Sadəcə olaraq, indi bəzi statistik
rəqəmlərə diqqət yetirsək, kifayətdir.
Hazırda Azərbaycanın dövlət xərcləri
Ermənistanın dövlət xərclərindən
təxminən 8 dəfə çoxdur. Bizim hərbi
xərclər Ermənistanın bütün dövlət
xərclərinə bərabərdir. Biz bu vəzifəni
qarşıya qoymuşduq və ona nail olmuşuq. Ona görə Ermənistan tərəfi özü
qərar verməlidir: ya o, bundan sonra daha da çətin
vəziyyətə düşəcək, təcrid olunmuş
vəziyyətə düşəcək, ya da
işğalçı siyasətinə son qoyaraq, Azərbaycan
torpaqlarından çəkilərək, bölgəyə
sülhün gətirilməsi üçün konstruktiv
siyasət aparacaqdır.
Hər halda, Ermənistanda baş vermiş son
hadisələr bir daha onu göstərir ki, orada yaşayan
insanlar o siyasətə dəstək vermirlər.
Çünki özünü təcrid etmiş,
Azərbaycana, azərbaycanlılara düşmənçilik
mövqeyi ilə yaşayan rəhbərlik xalq
tərəfindən dəstəklənmir.
Ermənistandakı qanlı hadisələr bunun əyani
sübutudur.
Bir sözlə, bir daha demək istəyirəm ki,
Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geri
çəkilməyəcəkdir. Biz həm diplomatik, həm
siyasi, həm də iqtisadi gücümüzü
artıracağıq. Uğurlarımız hər yerdə var.
Bu yaxınlarda BMT-nin Baş Məclisində keçirilən
səsvermə bir daha bizim gücümüzü
göstərdi. Bizi dəstəkləyən bütün
ölkələr bir daha öz prinsipiallığını
göstərmişlər. Bu, böyük siyasi və diplomatik
qələbədir. Belə qələbələr hər
sahədə var. Biz iqtisadi sahədə, enerji, hərbi
quruculuq, ordu quruculuğu sahəsində güclənirik. Bu,
reallıqdır. Bizi istəyən, bizimlə dostluq edən
ölkələr buna sevinirlər. Bizə
düşmənçilik mövqeyində dayanan bir
ölkə, əlbəttə ki, bundan nəticə
çıxarmalıdır.
Əziz dostlar, mən hər bir Azərbaycan vətəndaşı
üçün əziz olan bu gündə bir daha demək
istəyirəm ki, bizim üçün, Azərbaycan xalqı
üçün müstəqillik ən böyük nemətdir,
ən böyük sərvətdir. Azərbaycan xalqı
əsrlər böyü müstəqillik həsrətində
idi, bu müstəqilliyi yaxınlaşdırmaq istəyirdi.
Nəsillər gəlirdi, gedirdi, insanlar doğulurdu,
həyatdan gedirdi, ancaq biz başqa ölkələrin
tərkibində yaşayırdıq. Bu gün
bizim nəsillərimiz və bu salonda olan, bu gün
Azərbaycanda yaşayan bütün insanlar
xoşbəxtdirlər ki, biz bu müstəqilliyi
görürük və müstəqil ölkənin
inkişafı üçün, möhkəmlənməsi
üçün əməli, praktik işləri görürük.
Birinci Xalq Cümhuriyyəti iki il yaşadı, bu gün
müstəqil Azərbaycan dövləti təxminən 17
ildir yaşayır. Bundan sonra da yaşayacaq və əbədi
yaşayacaqdır.
Bu gözəl bayram münasibətilə bütün Azərbaycan
xalqını bir daha təbrik etmək istəyirəm, hər
bir vətəndaşa cansağlığı, ailə
səadəti arzulayıram.
Sağ olun.
(Dövlətimizin başçısının nitqi
böyük diqqətlə dinlənildi və alqışlarla
qarşılandı).
Azərbaycan.- 2008.- 28 may.- S. 1-2.