Mayın 15-də
Azərbaycan Prezidenti İlham Əliyev YUNESKO-nun dəstəyi
ilə yaradılan Beynəlxalq Muğam Mərkəzində
tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Muğam Mərkəzi ilə tanışlıqda
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva, habelə ölkəmizdə
səfərdə olan YUNESKO-nun baş direktoru Koişiro
Matsuura, təşkilatın xoşməramlı
səfirləri - İordaniya şahzadəsi xanım Ferial,
İslandiyanın sabiq prezidenti xanım Viqdos Finnboqadottir
də iştirak edirdilər.
Mədəniyyət naziri Əbülfəs Qarayev tikinti
işlərinin gedişi barədə ətraflı məlumat
verdi. Bildirildi ki, Heydər Əliyev Fondunun milli-mədəni
dəyərlərimizin qorunması və dünyada geniş
təbliği ilə bağlı
reallaşdırdığı möhtəşəm
layihələr sırasında xüsusi əhəmiyyəti
olan mərkəz fondun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə tikilir.
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın,
YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı
ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi
ümumi sahəsi 7,5 min kvadratmetr olan
üçmərtəbəli binadan ibarət olacaqdır. Bina
forması Azərbaycanın qədim musiqi
alətlərindən olan tarın hissələrini
xatırladır. Ən müasir texnologiyadan istifadə
edilməklə tikilən bina üçün lazımi
avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən
gətirilir. İnşaat işləri zamanı 2 mindən
çox müxtəlif ölçülü
şüşədən istifadə olunmuşdur.
Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə
tutulan Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert
salonu, klub, 80 yerlik restoran, dərs otaqları, səsyazma
studiyası olacaqdır. Bina müasir havalandırma və
istilik sistemləri ilə təchiz ediləcəkdir.
Tarın qolunu xatırladan dəhlizdə Azərbaycanın
görkəmli muğam ifaçılarının
büstləri qoyulacaqdır.
Prezident İlham Əliyev mərkəzin salonunu,
otaqlarını gəzdi, maketinə baxdı, tikinti
işlərinin yüksək səviyyədə və
vaxtında başa çatdırılması ilə
bağlı tapşırıqlarını verdi.
Azərbaycan.- 2008.- 16 may.- S. 2.