Əliyev Ə.
Fransa mətbuatında azərbaycanlı
uşaqların konsertindən bəhs edilmişdir
Mayın 22-də
Strasburqun mərkəzindəki qədim və
möhtəşəm kilsədə Azərbaycan uşaq
simfonik orkestrinin, xor kapellasının, xoreoqrafiya
məktəbi rəqs qrupunun və muğam
ifaçılarının konserti ilə bağlı
Strasburqda gündəlik nəşr olunan "Alzasın son
xəbərləri" adlı qəzetinin 24 may tarixli
nömrəsində "Azərbaycanın səsləri"
adlı məqalə dərc edilmişdir.
Məqalənin əvvəlində
Avropa turnesinə çıxmış "Azərbaycanın
xoşməramlı mələkləri"
proqramı adı altında konsert vermiş azərbaycanlı
uşaqların istedadından,
strasburqluları heyrətə
salmalarından söhbət
açılmışdır. Dinlərarası dialoq çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı
ilə təşkil olunmuş konsertin ADR-in 90 illiyinə və 28 May - Respublika Gününə həsr olunması barədə məlumat verilmişdir.
Məqalədə yerli tamaşaçıların
Azərbaycanın zəngin
incəsənəti ilə
tanış olmalarından,
uşaqların peşəkar
müğənni, xanəndə
və musiqiçilər
kimi yüksək səviyyəli çıxışlarından,
Strasburqda böyük
tərkibdə belə
bir konsertin ilk dəfə səslənməsindən
bəhs olunmuşdur. Teymur Göyçayevin dirijorluq məharətinin,
Cəmilə Qarayusifli
və Ceyla Seyidovanın (skripkada) ifaçılıq məharətlərinin
tamaşaçıları heyrətə salmalarından
ayrıca söhbət
açılmışdır.
Sonda uşaq simfonik orkestrinin Avropanın Motsart, Albinoni, Hendel, Vivaldi və Şubert kimi tanınmış bəstəkarlarının
əsərlərini məharətlə
ifa etmələrinin tamaşaçılarda böyük
rəğbət hissi
oyatdığı, konsertin
şəhərdə geniş
əks-səda doğurduğu qeyd olunmuşdur.
Azərbaycan.- 2008.- 28 may.- S. 8.