Hacıxanoğlu İ.
“Mövsümün
musiqili premyeraları”
Bildiyimiz kimi, bu
yaxınlarda Ukraynanın paytaxtı Kiyevdə
"Mövsümün musiqili premyeraları" adlı XVIII
Beynəlxalq Musiqi Festivalı keçirildi. Tanınmış
bəstəkarlarımızın da iştirak etdiyi
ənənəvi festival böyük əks-səda
doğurub. Belə ki, Ukraynanın yerli qəzetləri Kiyevin
sakit həyatını "pozan" festivalın ilk
günlərindən müasir akademik musiqi
dinləyicilərinin böyük həvəslə
konsertlərə qatıldıqlarını qeyd ediblər.
Musiqi bayramma
çevrilən festival, Vladimir Sirenkonun idarə etdiyi Ukrayna
Dövlət Simfonik Orkestrinin ifasında Anna Qavriletsin
"Paralellər" əsərinin səsləndirilməsi
ilə açılıb. Dinləyicilər Dmitri
Tkaçenkonun ifasında tanınmış ingilis
bəstəkarı Bendjamin Brittenin Skripka və orkestr
üçün konsertinə, Svitslav Lunevin "Ranta Rei"
simfoniyasına qulaq asıblar. Sevindirici hal isə
təntənəli açılış mərasimində
Azərbaycanın dünyaşöhrətli
bəstəkarı, xalq artisti, professor Firəngiz
Əlizadənin "İthaf" əsərinin də ifa
olunmasıdır. Maraqlı yaradıcılıq mübadiləsinə
yol açan səfər barədə
təəssüratlarını bölüşən
Firəngiz xanım vaxtilə Ukraynaya tez-tez getdiyini və orada
çoxlu sənət dostlarının olduğunu dedi:
"Ukrayna bəstəkarlarının
yaradıcılığını daima diqqətlə
izləmişəm. Çünki onların
bəstəkarlıq məktəbi keçmiş SSRİ-də
ən qabaqcıl və güclü məktəblərdən
idi. Görkəmli bəstəkar, müasir Ukrayna musiqisinin
aparıcı simalarından olan Vadentin Silvestrovla dostluğum,
tanışlığım hələ tələbəlik
illərimə təsadüf edir. Festivalda bu böyük
bəstəkarı yenidən görmək, onunla tamamilə
yeni səpkidə yazılan xor əsərlərini
dinləmək olduqca maraqlı idi.
Yeni musiqi
axtarışlarına çağıran səfər
zamanı həm də köhnə dostlarımızı
görmək, Ukraynanın zəngin musiqi həyatının
müasir durumu ilə yaxından tanış olmaq imkanı
qazandıq. İki həftə davam edən bu
möhtəşəm forumun keçirilməsini Ukrayna
Bəstəkarlar İttifaqının, xüsusilə onun Kiyev
təşkilatının sədri, gözəl bəstəkar
İqor Şerbakovun böyük əməyinin nəticəsi
hesab edirəm". Festivalda diqqət çəkən ən
önəmli məqamlardan danışan həmsöhbətim,
burada simfonik və çoxsaylı xor kollektivlərinin
yüksək ifa nümayiş etdirmələrini
vurğuladı.
Qeyd edək ki, tədbir
çərçivəsində musiqi
məsələlərinə həsr olunmuş konfrans da
keçirilib. Firəngiz xanımın Azərbaycan musiqisi
barədə ətraflı məruzəsindən sonra festivalın
qonaqları, müxtəlif ölkələrdən
gəlmiş tanınmış musiqiçilər,
bəstəkarlar musiqimizin bugünkü durumu ilə
bağlı suallar vermlş, forumda səsləndirilən
əsərləri yüksək
qiymətləndirmişlər.
Yeri gəlmişkən
deyək ki, Kiyev qəzetlərində də Firəngiz
xanımın festivalda səsləndirilən
əsərlərinə geniş yer ayrılıb, onun
yaradıcılığı barədə müxtəlif
səpkili yazılar dərc edilib. Yerli "Den" (Gün)
qəzeti bəstəkarımızın adını dodekafon
musiqinin görkəmli nümayəndələri Vebern, Berq,
Şenberq, Messian, Jon Keycin sırasında qeyd edib.
Məqaladə deyilir: "Firəngiz Əlizadə
Azərbaycanda və keçmiş SSRİ-də Vebern, Berq,
Şenberq, Messian, Jon Keyc kimi bəstəkarların əsərlərini
ilk dəfə ifa edən sənətçi kimi tarixdə
qalıb. Onun öz əsərləri bu gün Avropa və
Amerikanın məşhur festivallarında səsləndirilir.
Buna görə də, o, 2003-cü ildə Kembric bioqrafik
mərkəzinin diplom və medalına layiq görülərək
adı "XXI əsrin intellektləri" siyahısına
salınıb. Kiyevə isə bəstəkar, Parisdən,
YUNESKO-nun baş direktoru Kaişiro Matsuuranın onu dünya
incəsənət tarixinin ən şöhrətli titulu olan
"Dünya artisti" fəxri adı ilə təltif
etməsindən sonra gəlib".
Mədəniyyət.- 2008.- 22 may.- S. 9.