Aliyə

 

Demokratik cümhuriyyət rəsm əsərində

 

May ayının 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirə ölkənin ictimai, siyasi. elm, ədəbiyyat və incəsənət xadimləri toplanmışdı. Yubiley törənini tarix elmləri namizədi Firdovsiyyə Əhmədova giriş sözü ilə açaraq cümhuriyyət tariximizin parlaq səhifələrini yazmış insanları, hadisələri xatırlatdı.

Daha sonra mərasimin əsas hadisəsi olan bir əsər - 1918-ci ildə cümhuriyyət xadimlərinin Gəncədə qarşılanma mərasimini əks etdirən tablo təqdim olundu. Əsərin müəllifi Rəssamlar İttifaqının üzvü, rəssam Arif Məmmədov, ideya müəllifi isə tablonun meydana gəlməsində maddi və mənəvi xidmətləri olan Yüksəl Bağırovdur. Qeyd edək ki, tabloda cümhuriyyətin Gəncədəki ilk binası qarşısında Gəncə ziyalıları və ictimai xadimləri ilə cümhuriyyət nümayəndələrinin görüşü təsvir olunub. Həmçinin bu rəsm əsərində Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhəsən Hacınski, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Milli Şura sədrinin müavini Həsən Ağayev, Xosrov Sultanov, şair Əhməd Cavad, Firudin bəy Köçərli, Əliağa Şıxlinski, Gəncə tərəfdən Pişnamazzadə,  Xudadat  bəy Rəfibəyli kimi məşhur simaları görmək olur. Arxa planda isə artıq Gəncəyə daxil olmuş Nuru paşanın dəstəsini və əllərdə dalğalanan türk bayrağını görmək olur.  Arif Məmmədov  tablo üzərində uzün müddət - illərlə işlədiyini söylədi və onun araya-ərsəyə gəlməsində Yüksəl Bağırova və ünlü tarixçilərə, tədqiqatçılara təşəkkürünü bildirdi.

Mərasimdə iştirak edən "Cavad xan" tarix və mədəniyyət fondunun  rəhbəri,  Cavad  xan nəslinin varislərindən olan İmran Ziyadlı öz soy-kökləri barədə qısa tarixi arayış verdikdən sonra fondun yubiley münasibəti ilə fəxri diplomlar təqdim edəcəyini bildirdi. Cümhuriyyətin 90 illiyi münasibəti ilə "Cavad xan" fondu cümhuriyyət tarixinin tədqiqi və radioda işıqlandırılması  sayəsindəki  xidmətlərinə görə Xanlar Bağırovu, cümhuriyyət haqqında dərc olunmuş tarixi və araşdırma məqalələrinə görə “Zerkalo” və “525-ci qəzet”i, cümhuriyyətə həsr olunmuş tabloya görə rəssam Arif Məmmədovu,  Azərbaycan dövlətçiliyi uğrunda prinsipial mövqeyinə görə ANS yayım və media şirkətini, cümhuriyyətə həsr olunmuş silsilə verilişlərə görə İctimai televiziyanı fəxri diplomlarla təltif etdi.

Mərasimin daha bir əhəmiyyətli hadisəsi cümhuriyyət xadimləri varislərinin tanıdılması oldu. Tədbirdə Rəfibəylilər nəslindən yazıçı Anar, Rəsulzadənin nəslindən rəssam Rəis Rəsulzadə, Əhməd bəy Ağayevin nəslindən Surxay Tağızadə, Gəncə üsyanının oncül nümayəndələrindən olan Fatoğlu nəslindən isə kinorejissor Eldar Quliyev iştirak edirdi.

Çıxışçılar arasında Rəsulzadə irsinin araşdırıçısı  Nəsiman Yaqublu maraqlı məqamlara aydınlıq gətirdi. O, 28 mayın - Respublika Gününün istiqlal bayramı kimi anlaşılmasını istədi. "İstiqlal   daha geniş məfhumdur. O özündə müstəqilliyi də, demokratiyanı da əhatə edir". Yazıçı Anar  isə diqqəti tabloda təsvir olunmuş tarixi obyektə cümhuriyyətin Gəncədəki ilk binasına yönəltdi. O, bu binanın muzey kimi daha çox fəaliyyətini davam etdirməsini məqsədəuyğun olduğunu söylədi. Tarixçi Cəmil Həsənli isə cümhuriyyətin yaranmasında  səciyyəvi məqamları  qeyd etdi: "Osmanlı imperiyası  kimi monarxiya dövlətindən yardım alaraq, demokratik cümhuriyyət yaratmaq analoqu olmayan hadisədir".

Cümhuriyyət xadimlərindən, xüsusən M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən, o zamankı proseslərdən bəhs edən, yenicə çap olunmuş "Dirilik gəmisi" kitabının müəllifi Teyyub Qurban da çıxış edərək, M.Ə.Rəsulzadənin oğlu Azərlə bağlı xatirəsini bölüşdü. Həmçinin tədbir iştirakçılarına "Azərbaycan" qəzetinin 1919-cu il 28 may buraxılışınm yeni əlifbada təzədən çap olunmuş nüsxəsi təqdim olundu.

 

Mədəniyyət.- 2008.- 28 may.- S. 8.