Mükərrəmoğlu M.
Uşaq
muğam ifaçılarının IV Respublika
müsabiqəsi
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
xalqımızın mədəni sərvətlərini qoruyub
saxlamaq, inkişaf etdirmək, milli musiqimizə, xalq
mahnıları və təsniflərə, muğam
sənətinə marağı artırmaq və yeni gənc
istedadlı muğam ifaçılarını aşkara
çıxarmaq məqsədilə 2008-ci ilin aprel-may
aylarında Uşaq muğam ifaçılarının IV
respublika müsabiqəsini keçirir. Bununla əlaqədar
2008-ci il aprel ayının 1-dən respublikanın
şəhər və rayonlarında müsabiqənin I turu
keçirilmişdir. İlk turun nəticələrinə
görə, respublikanın 56 şəhər və rayonundan
152 nəfər gənc ifaçı may ayının
14-dən 18-dək Astara rayonunda keçiriləcək yekun
turda iştirak etmək üçün vəsiqə
qazanmışdır.
Müsabiqənin münsiflər heyətinə görkəmli
muğam ustaları - respublikanın xalq artistləri Canəli
Əkbərov, Ağaxan Abdullayev, Səkinə
İsmayılova, Mənsum İbrahimov, Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestrinin
bədii rəhbəri və dirijoru, əməkdar
incəsənət xadimi Ağaverdi Paşayev, əməkdar
artist Gülyaz Məmmədova və Mədəniyyət
və Turizm Nazirliyi Aparatının regionlarla iş sektorunun
aparıcı məsləhətçisi Oqtay Muxtarov daxildirlər.
Beş gün davam edəcək müsabiqəyə mayın
18-də yekun vurulacaq. Qaliblərin təltifolunma mərasimi
və onların iştirakı ilə konsertin Bakı
şəhərində R.Behbudov adına Mahnı Teatrında
keçirilməsi nəzərdə tutulmuşdur.
Xalq qəzeti.- 2008.- 16 may.- S. 9.