Nizamiqızı H.
Böyük hədəflərin
ardınca
Dünyanın
sənət və sənətkar tandemində gedən
proseslər fonunda nəsillər bir-birini əvəz edir.
Hər yeni nəsil də möhkəm təməl
üzərində qurulan sənət xəzinəsinə
əlavələr edir, yeniliklər gətirir. Bu təbii
və gözlənilən prosesin axarında sarsılmaz
qüvvə olan gənclik durur.
Bu mənada
Dövlət Gənclər Simfonik Orkestrinin yaradılması
da maraq doğurur. İstedadlı gəncləri
səhnəyə qazandırmağı hədəfləyən
orkestr Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə yaradılıb.
Bu kollektivin yaranması
həm də müasir dövrümüzün dahi
musiqiçisi Mstislav Rostropoviçin adı ilə də
bağlıdır. Bakıya səfərlərinin birində
Azərbaycanda gənclər simfonik orkestrinin yaradılmasının
vacibliyini vurğulayan və bu istiqamətdə
tövsiyələrini verən həmyerlimiz yeni gənc
musiqiçilər kollektivinin yaranmasına bir növ təkan
vermiş oldu. Bununla da Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə 2006-cı ilin
martında kollektivin formalaşmasına başlanıldı.
Perspektivlər vəd olunan heyətə ölkənin
müxtəlif musiqi məktəblərinin 10-19 yaşlı
istedadlı gəncləri dəvət aldı. Beləcə,
paralel olaraq musiqi məktəbində təhsil alan
gənclər həm də orkestrinin heyətində
peşəkar ifaçı kimi yetişməyə kökləndilər.
Böyük
ümidlər bəslənilən orkestrə bədii
rəhbər və dirijorluq missiyası da respublikanın xalq
artisti Teymur Göyçayevə həvalə olundu. Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii
rəhbəri və baş dirijoru kimi geniş konsert
fəaliyyətinə malik maestro həm də Zaqafqaziyanın
skripkaçılar müsabiqəsinin laureatıdır. Onun
zəngin sənət tərcümeyi-halı və
böyük pedaqoji təcrübəsi qısa
müddətdə öz nəticəsini verdi.
Fəaliyyəti dövründə bir çox respublika və
beynəlxalq müsabiqələr laureatları
yetişdirən Teymur Göyçayev bu işin də
öhdəsindən məharətlə gəldi.
Elə bütün bunların
nəticəsi olaraq qısa müddətdən sonra
kollektivə Dövlət Gənclər Simfonik Orkestri statusu
verildi.
Yarandığı
gündən 20-dən artıq konsert vermiş orkestrin 2007-ci
ilin 15 dekabrında M.Rostropoviç adına I Beynəlxalq
Musiqi Festivalında çıxışı özünün
yaradıcılıq uğurlarının ilki kimi tarixə
düşdü. Anşlaqla keçən konsert festivalın
təşkilatçısı, M.Rostropoviçin həyat
yoldaşı, dünyaşöhrətli müğənni
Qalina Pavlovna Vişnevskaya tərəfindən bəyənilir.
Yüksək səviyyəli çıxış və
peşəkar hazırlıqla dünyaşöhrətli
ifaçını təəccüblədirməyə
müvəffəq olan orkestr bununla da özünün
böyük uğurlara imza atacağı hədəfini
göstərmiş oldu.
Hazırda orkestrin
repertuarında bir sıra məşhur dünya
musiqiçilərinin 30-dan çox əsəri daxil edilib. Azərbaycan
klassik musiqisinin banisi Ü.Hacıbəyovun
"Koroğlu" operasının üverturası,
"Arşın mal alan" operettasından parçalar,
"Arazbarı" kimi məşhur musiqi əsərləri,
həmçinin digər məşhur bəstəkarlarımız
Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Vasif
Adıgözəlov, Tofiq Quliyev, Vaqif Mustafazadənin rəngarəng
musiqiləri onların ifasında daim
səslənməkdədir.
Həmçinin
L.Vaynşteyn, Q.Qurbanov, M.Mirzəyevin vokal-xor
əsərləri, Q.Qendel, A.Vivaldi, E.Kapuan, T.Albinonin,
İ.Haydn kimi bəstəkarların əsərləri orkestrin
konsertlərinin bəzəyinə çevrilib.
İfalarında
mürəkkəb əsərlərə üstünlük
verən heyətin repertuarında rus bəstəkarlarının
əsərləri - P.Çaykovskinin, S.Prokofyevin, Q.Sviridovun,
İ.Frolovun, Avropa musiqiçilərindən D.Vilyams, V.Yumens,
M.Şmits, C.Pyerpontan və İ.Ştrausun əsərləri
mütəmadi olaraq səslənir.
Zaman keçdikcə
uğurlarının sayını da artıran heyət
üçün 2008-ci il əlamətdar hadisə ilə
başladı. Belə ki, beynəlxalq festivalda yüksək
səviyyəli çıxış nümayiş etdirən
orkestr Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən pul mükafatına layiq
görülür. Dövlət tərəfindən
göstərilən bu qayğı və diqqətin onların
ifaçılıq sənətinin daha da inkişaf etməsinə,
yeni konsert proqramları üzərində
çalışmalarına həvəsləndirdiyini deyən
gənclər musiqimizi bundan sonra da tanıtmaq və
Azərbaycanın adını şöhrətləndirmək
üçün əllərindən gələni
edəcəklərini deyirlər.
Hazırda Heydər
Əliyev Fondunun dəstəyi ilə Avropanın üç
böyük ölkəsində konsert proqramı ilə
çıxışa hazırlaşan 140 nəfərlik
Dövlət Gənclər Simfonik Orkestri rəngarəng
proqramları ilə Qərb dinləyicilərini də
sehrləmək niyyətindədir.
Mədəniyyət.- 2008.- 15 may.- S. 5.