Rəhimzadə M.

 

Bir əlimdə bahar, bir əlimdə yaz...

 

Üzeyirsünas Səadət Qarabağlının yaradıcılıq gecəsi keçirildi

 

Tədbiri giriş sözü ilə açan "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Nüşabə Məmmədli Səadət Qarabağlının yaradıcılıq bioqrafiyasından söhbət açdı.

"İxtisasca jurnalist olan Səadət xanım təyinatını dəryalar qədər sevdiyi xalqımızın deyil, bütün bəşəriyyətin musiqi korifeylərindən olan Üzeyir bəy Hacıbəyovun ev-muzeyinə alarkən onun taleyi əbədi olaraq bu sənət məbədinə bağlandı. Bütün fəaliyyəti boyu bu zəngin irsin tədqiqatçısı və təbliğatçısı olan Səadət Qarabağlı hətta 20 ildən artıq çalışdığı muzeydən indi aralı salınsa belə, Azərbaycan klassik musiqisinin kəhkəşanı olan Üzeyir Hacıbəyov irsini təbliğ etməkdən usanmır".

Çıxış edən Dünya Azərbaycanlıları Konqresinin və Əlaqələndirmə Şurasının rəhbəri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi Səadət xanımı yarıməsrlik yubileyi münasibətilə təbrik edərək onu xaricdə yaşayan azərbaycanlıların da çox sevdiyini, kitablarını sevə-sevə oxuduqlarını dilə gətirdi.

İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin rəhbəri Mirəhməd Əsgərov Səadət xanıma çoxmənalı bir musiqi çələngi ərməğan etdi.

Görkəmli şairimiz Səməd Vurğunun qızı Aybəniz Vəkilova çıxışında vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda rəhbərliyə yeni başladığı illərdə xalqımızın üç dahi şəxsiyyətinin - Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin və Səməd Vurğunun ev-muzeylərinin açılmasını gerçəkləşdirdi.

202 saylı liseyin şagirdləri Səadət xanımın yaradıcılığından kompozisiya nümayiş etdirdilər.

Şairlərdən Ramiz Heydər və Səyavuş Məmmədzadə çıxış edərək tədqiqatçıya yaradıcılıq uğurları arzulayaraq sonuncu kitabının "İlin kitabı" beynəlxalq mükafata layiq bilinməsi münasibəti ilə təbrik etdilər.

Tədqiqatçını uşaqlıqdan tanıyan yazıçı Əli Mahmud S.Qarabağlını mətin və mübariz tədqiqatçı, zərif və gözəl ana, ailə başçısı, etibarlı dost adlandırdı.

Hüseyn Cavidin ev-muzeyinin direktor müavini Amaliya Rzaqızı Səadət xanımla illərin o tayında xatirəyə dönmüş saf dostluğundan danışdı.

Qəzetimizin əməkdaşı Esmira Fuad maraqlı bir müqayisə apardı. Məsələn, Aybəniz xanım da, Turan xanım da öz atalarının adına layiq işlər görmüşlər, Səadət xanım isə mənəvi övlad borcunu yerinə yetirərək Üzeyir bəyin ruhu qarşısında daim ehtiramla çalışmışdır.

DAK-ın məsul əməkdaşı Əlirza öz təbrikini Üzeyir bəyin "Sənsiz" romansı ilə yetirdi.

"Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğlu tədbir keçirilən binanın böyük bir məbəd olduğunu dilə gətirdi. Bina 1900-cü ildə xalqımızın böyük oğlu, Üzeyir bəyin Peterburqda təhsil almasının himayədarı, mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən Qız məktəbi kimi tikilmiş ADR Parlamanının binası olmuş, indi isə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə dünya azərbaycanlılarının əlaqəyə görüş yerinə çevrilmişdir.

Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivinin direktoru Maarif Teymur tədbirin təşkilatçısı Qulamrza Səbri Təbriziyə belə orijinal və məzmunlu mərasim keçirdiyi üçün təşəkkür etdi.

Ötən əsrin əvvəlində aktrisa olmadığındah Üzeyir bəyin opera və komediyalarında qadın rollarını ifa edən Əhməd Ağdamskinin oğlu professor Telman Ağdamski Səadət xanımın yaradıcılığını mənəvi cəngavərlik hesab etdi. Filologiya elmləri namizədi Pərvanə Məmmədli, şairə Kəmalə Abıyeva, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva da yubilyara xoş duyğularını yetirdilər.

"AzTV-nin əməkdaşı, radionun "Şəbəkə" verilişinin redaktoru Gülbəniz Hüseynova, qocaman yazıçı Saleh bəy Qarabağlı, xalq şairi Gülhüseyn Hüseynoğlu içində yaradıcılıq bulağı çağlayan Səadət Qarabağlını, onun fədakarlığını, Üzeyir bəyin ev-muzeyinə qaytarılmasını tarixi ədalət hesab etdilər.

Tədbirin sonunda bir daha mərasim iştirakçıları yubilyarı çiçək dəstələri ilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladılar.

 

Respublika.- 2008.- 25 may.- S. 8.