Sümərinli C.

 

Məzahir Məmmədov: “Regionlardakı sənət­karlar kölgədə qalıblar”

 

60 yaşını qeyd edən tarzən hökumətin bölgələrdə muğamın inkişafı üçün konsepsiya hazırlamasını zəruri sayır

 

10 may Azərbaycanın bütün bölgələrində sabiq prezident Heydər Əliyevin 85 illik yubileyinin qeyd olunması ilə yadda qaldı. Salyan rayonunda isə bu hadisəyə daha bir əlamətdar tarix əlavə olundu. Məhz mayın 10-da uzun illərdir Salyan incəsənətində öz sözünü demiş Məzahir Məmmədovun 60 yaşı tamam oldu. Tarzən Məzahir Məmmədov Muğan zonasında öz sözünü demiş sənətkarlardan hesab olunur. "1958-ci ildən bəri tarı əlimdən yerə qoymuram. Bu gün mənim 60 yaşım, sənətimin 50 yaşı tamam olur" deyir Məzahir müəllim.
Məzahir Məmmədov 1948-ci ildə Salyan şəhərində musiqiçi ailəsində anadan olub. Atası, mahir zurna ifaçısı Mənəf Məmmədov məşhur "Cəngi" ansamblının yaradıcısı olub və uzun illər ona rəhbərlik edib. Bundan başqa, ailənin, demək olar, bütün üzvləri - 8 qardaşın hər biri musiqi ilə məşğul olub. SSRİ dövründə bu qardaşlar keçmiş ittifaqın bir çox şəhərlərində, xarici ölkələrdə müntəzəm qastrollarda olublar. Sonradan tale onların bəzilərini bu sənətdən ayırsa da, Məzahir, İbrahim və Heydər Məmmədovlar bu gün rayon incəsənətinin inkişafında öz sözlərini deməkdə davam edirlər. Sonuncusu bu gün "Cəngi" ansamblına rəhbərlik edərək atasının - rəhmətlik Mənəf kişinin yolunu davam etdirir.
Məzahir Məmmədov 10 yaşından etibarən tarla maraqlanıb. Sonradan muğama olan həvəsi onu bu istiqamətdə daha da irəliyə getməyə sövq edib. Artıq 12 yaşı olanda yaxınları onun ifasına qulaq asmaqdan yorulmurdular.
Məzahir müəllim 1975-2006-cı illərdə rayondakı "Gənclik" xalq çalğı alətləri ansamblına rəhbərlik edib. SSRİ dövründə Xalq Nailiyyətləri Sərgisində iştirak edib və bu mötəbər sərginin diplomuna layiq görülüb. Rəhbərlik etdiyi dövrdə "Gənclik" ansamblının ifa etdiyi 10 musiqi yazısı Rusiyanın qızıl fonduna daxil edilib. SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanına layiq görülüb. Azərbaycanın müstəqilliyi dövründə Mədəniyyət Nazirliyi tərəfindən dəfələrlə diplomlarla təltif olunub, təşəkkürlər alıb. Yaradıcılığı dövründə Rusiya, İspaniya, Yuqoslaviya, Ukrayna, Baltikyanı ölkələr, İran, Orta Asiya ölkələrində və s. dövlətlərdə qastrollarda olub. Hazırda Salyan şəhərindəki Qulu Əsgərov adına İncəsənət Məktəbinin tar müəllimidir.
- Ənənəvi sualdan başlayaq. Sizin tara maraq göstərməyinizə nə səbəb oldu? Musiqiçi ailəsində doğulmağınız?
- Musiqiçi ailəsində doğulmağımın musiqiçi olmağıma təsiri, sözsüz, böyükdür. Eyni zamanda, o dövrlərdə yaşayıb fəaliyyət göstərmiş Əhsən Dadaşov, Həbib Bayramov, Bəhram Mansurov və digər ustad tarzənlərin ifasi məni bu yolu seçməyə sövq etdi və necə deyərlər, mən tara vuruldum. Orta məktəbin üçüncü sinfindən başlayaraq bu yolu seçdim. 60-cı illərdə, Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alan zaman Bəhram Mansurovdan, Əhməd Bakıxanovdan tar sənətinin bir çox sirlərini öyrəndim. Düzdür, o zaman müəyyən səbəblərdən təhsilimi başa vura bilmədim. Amma bu o demək deyildi ki mən tardan ayrıldım. Salyana qayıdıb musiqi məktəbində çalışdım. Məhz 20 ildən sonra - 1988-93-cü illərdə Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda təhsil aldım. Beləliklə, 1958-ci ildən etibarən tar sənəti ilə məşğulam.
- Artıq 50 ildən artıqdır tar sənəti ilə məşğulsunuz. Sizin üçün tar nə deməkdir?
- Tar mənim həyatımdır. Əslində, bütün ömrümü bu alətə bağlamışam. Əslində, tarın mənim üçün çox fərqli fəlsəfəsi var. Hesab edirəm ki, tar təkcə mənim üçün deyil, ümumiyyətlə, cəmiyyət üçün çox faydalı bir sənətdir. Bir qədər qəribə görünsə də, deməliyəm ki, tar insanları, bütünlükdə cəmiyyəti tərbiyə edir, maarifləndirir və onları düzgün yola istiqamətləndirir. O səbəbdən bu aləti ifa edən hər bir insan çox böyük məsuliyyət daşıyır. Çünki onun cəmiyyətin maarifləndirilməsində birbaşa əməyi var.
Tar onu ifa edənlərin psixologiyasını da açır. Hər bir sənətkarın ifasından onun hansı xasiyyətdə olduğunu aşkar etmək olar. Tarı yüksək səviyyədə ifa edən insan ağır, zəkalı və düşüncəli olmalıdır. Tar onu ifa edən şəxsin, onu dinləyən insanların, ümumilikdə cəmiyyətin simasını göstərir.
- Belə olduqda bu gün Azərbaycanda tar sənəti hansı mövqeni tutur? Son vaxtlar insanların bayağı musiqiyə həvəsi artdığı bir dövrdə qədim xalq sənətinə cəmiyyətin münasibəti necədir?
- Bunu dəqiq demək mənim üçün çox çətindir. Amma bayağı musiqiyə meyl edənlərin sayı artsa da, gözəl tar ifa edənlərin sayı azalmır. Xüsusilə gəncləri qeyd etmək istəyirəm: bu sırada Elçin Həşimov, Əliağa və başqaları istedadlı tarzənlərdir. Bununla yanaşı, gözəl muğam ifaçılarımız, xanəndələrimiz də yetişir. Ümumiyyətlə, Azərbaycanda son iki-üç il ərzində xalq çalğı alətlərinin inkişafı, muğamın təbliği istiqamətində diqqətçəkən irəliləyişlər hiss olunur. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Məhz onun fəaliyyəti nəticəsində bədnam qonşumuzun muğamımızı özününküləşdirmə prosesi iflasa uğradı. Məhz bu gün muğam Azərbaycan xanəndəsinin ifasında daha cəlbedici, savadlı və dolğun görünür.
- Hər bir musiqi alətinin ifa tərzi vaxt getdikcə təkmilləşir. Vaxtilə tarın ifa tərzində də müəyyən dəyişikliklər olub. Bu dəyişikliklər bu gün də davam edirmi?
- Bəli. Əslində, tarın ifa tərzi ilə bağlı dəyişikliklər üç mərhələdə aparılıb. Birinci mərhələ Bəhram Mansurov, Əhməd Bakıxanovun çalğı manevrlərini özündə cəmləşdirir. Bu çalğı tərzi indikindən müəyyən qədər fərqli idi. İkinci mərhələdə Əhsən Dadaşov, Həbib Bayramov kimi ustadlar, demək olar, tarın ifa tərzini tam dəyişdilər, bu dövrdə tar Avropa musiqi alətlərinin çalğı üslubuna uyğunlaşdırıldı. Məhz həmin dövrdə Avropa əsərlərini tarda tam ifa etmək mümkün oldu. Bugünkü ifa tərzi isə üçüncü mərhələ sayıla bilər. Bu gün tarı ifa edənlər daha artıq texniki imkanlara malikdirlər, iti barmaqlar çoxalıb. Bu isə tarın ifasına gözəllik verir.
Bütünlükdə bu gün Azərbaycanın xalq çalğı alətləri, xüsusilə tar və kaman Avropa musiqi alətlərinin çalğı meyarlarına tam şəkildə uyğun gəlir. Bu isə Azərbaycan xalq çalğı alətlərinin beynəlxalq aləmə sürətli çıxışını təmin edir ki, bu da mədəniyyətimizin dünyada təbliği üçün çox əhəmiyyətlidir.
- Sizə elə gəlmir ki, Azərbaycan musiqi alətlərinin beynəlxalq miqyasa çıxışı onların çalğı ənənələrinin müəyyən qədər itməsi ilə nəticələnə bilər? Belə təhlükə varmı?
- Mən bu istiqamətdə bədbin proqnozları bölüşmürəm. Tar çox sirli alətdir. Onun səsi bütün alətlərdən seçilir. O, heç bir zaman hansısa Qərb musiqi alətləri içərisində əriyə bilməz. Əksinə, tar tandemdə olduğu digər musiqi alətlərinin üslubunun ona uyğunlaşdırılmasını tələb edir.
Təxminən 8-10 il öncə Azərbaycan tar sənəti üçün kifayət qədər ciddi təhlükə yaranmışdı, o zaman cəmiyyətdə bu sənətə maraq azalmışdı, tarzənlərin bir çoxu gitara ifa etməyə üstünlük verirdi, çünki el şənliklərində tar ifasına tələbat o qədər də çox deyildi. Amma o dövr arxada qaldı, bu gün bütün səs imkanlarına malik olan tar yenə də liderdir.
Bir misal çəkim. İranda da tar sənəti müəyyən qədər inkişaf edib. Amma farsların istifadə etdiyi tar bu gün Azərbaycan tarının istifadə etdiyi imkanlara malik deyil. Azərbaycan tarının 22 tərkib pərdəsi var və Avropa üslubunda notlara köklənib. Qeyd etdiyim kimi, Azərbaycan tarı dünya miqyaslı, xüsusilə Avropa musiqilərini ifa edə bilər, amma fars tarında bu imkan yoxdur.
- Siz tez-tez xalq şənliklərində olursunuz. Sizcə, bu gün insanlar daha çox hansı muğama qulaq asmaq istəyirlər? Azərbaycan cəmiyyəti daha çox hansı muğama köklənib?
- Azərbaycan regionlarının muğam seçimi bir-birindən fərqlənir. Muğan regionunda çığırtılı, ritmik muğamlara, demək olar, az qulaq asılır. Bu regionda "Şur", "Rast", "Mahur" və "Segah" muğamlarının "maye" hissələrinə daha çox qulaq asılır. Bakı şəhəri, ətraf kəndlərdə və Abşeron rayonunda da "sakit" muğamlara daha çox yer verilir. Şamaxı zonası, cənub rayonlarının da sakinləri həmçinin həzin muğamları dinləmək həvəskarıdırlar.
Amma Qarabağ bölgəsində daha çox "Heyratı", "Mənsuriyyə", "Simayi-Şəms" kimi ritmik muğamlara qulaq asılır. Quba Xaçmaz zonasında isə muğama meyl azdır. Bu zonada keçirilən el şənliklərində daha çox oynaq havalara üstünlük verilir.
Təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, muğamın populyarlaşması üçün savadlı, böyük səs tembrlərinə malik xanəndələrin olması çox zəruridir. Mənə elə gəlir ki, muğam oxuyan istənilən xanəndənin həm zili, həm də bəmi olmalıdır. Misal üçün, Salyan rayonundan çıxmış məşhur Qulu Əsgərovun səsi elədir ki, onu başqa kimsə yamsılaya bilməz. Qulu Əsgərov "Bayatı-kürd", "Bayatı-Qacar" muğamlarının ifa tərzinə bir möhür vurub. O, "Segah-zabul"un segah hissəsini çox gözəl, tükürpədici səslə ifa edib. Eyni zamanda, Qarabağ zonasının xanəndələri ritmik muğamların möhürünü vurublar. Son zamanlar gözəl xanəndələrimiz yetişib. Onlar da bu və digər muğamları çox gözəl ifa edirlər.
- Bu gün Salyan rayonunda gözəl səsə malik xanəndələr, peşəkar tarzənlər yetişirmi?
- Bəli, hazırda bu proses gedir. Eyni zamanda, mən hazırda tarzənlər yetişdirməklə məşğulam. Bildirim ki, vaxtilə mənim tələbəm olmuş Mircavad Cəfərov müəyən dövrlərdə məşhur xanəndələrimiz Səkinə İsmayılova, Alim Qasımov, Ağaxan Abdullayev kimi ustadlarla çalışıb. Hazırda, Bakıda çalışır və Salyanın fəxridir.
Yeri gəlmişkən, bir problemi nəzərinizə çatdırmaq istərdim. Regionlarda xalq çalğı alətlərinin, muğamın inkişafı üçün savadlı tarzənlərdən əlavə, hərtərəfli səs tembrinə malik xanəndələrin də olması vacibdir. Hazırda Muğan zonasındakı xanəndələrin tam əksəriyyəti tarın orta pərdəsindən aşağı oxuyur. Çünki müğənnilərin əksəriyyəti toylarda oxuyur və şad, bəzən bayağı mahnıları ifa etməyə üstünlük verirlər. Çünki cəmiyyət hələlik əsasən belə istəyir. Bu səbəbdən regionlarda tar, kamança ifaçıları çox çətinlik çəkir. Misal üçün, bu gün çalışdığım Salyan şəhər Qulu Əsgərov adına İncəsənət Məktəbində muğam dərsi keçirilsə də, bunu peşəkarcasına tələbələrə öyrədə biləcək peşəkar pedaqoq yoxdur.
Bu gün regionlarda, xüsusilə Salyanda muğama həvəs göstərən uşaqlar kifayət qədərdir. Amma necə deyərlər, şərait yoxdur. Azərbaycanda muğama dövlət dəstəyinin olduğu bir dövrdə hesab edirəm ki, regionlarda da bu qədim milli sərvətimizin inkişafına diqqət ayrılmalıdır. Bəlkə də bu istiqamətdə bir konsepsiya hazırlanmalıdır. Fikrimcə, hər bir rayonun musiqi məktəbində muğamı ustalıqla ifa edən peşəkar xanəndənin çalışması və bu prosesə dövlət tərəfindən müdaxilə olunması zəruridir. Belə olduqda Azərbaycanda muğam təkcə bir bölgədə deyil, bütünlüklə inkişaf edər.
Başqa bir təklifim də var. Həm mən, həm də digər sənətkarlar istərdik ki, xalq musiqilərimizin, muğamlarımızın, klassik bəstəkarlarımızın əsərlərinin səsləndiyi bir ayrıca telekanal yaradılsın. Belə olduqda muğam sənətimiz sürətlə inkişaf edər, insanlarda, xüsusilə gənclərdə Azərbaycan incəsənətinə maraq oyanar.
Amma bütünlükdə sevindirici haldır ki, bu gün Azərbaycanda muğama "yas mahnısı" deyənlərin sayı çox azalıb. Burada, qeyd etdiyim kimi, Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.
Amma bəzi məqamları da demək istərdim. Mən 50 ildən artıqdır tar sənətini təmsil edirəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən Salyan rayonunda xalq musiqisinin inkişafı üçün indiyədək əlimdən gələni etmişəm. Bu səbəbdən dövlətdən müəyyən dəstək gözləməyim bəlkə də yerinə düşər. Həm də mən təkcə özümdən danışmıram. Paytaxtda fəaliyyət göstərən musiqiçilərə daim fəxri adlar verilməsinə baxmayaraq, rayonlardakı istedadlı sənətkarlar kölgədə qalıblar. Mədəniyyət və Turizm Nazirliyindən xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasın. Bu mənim kimi onlarca, bəlkə də yüzlərcə sənətkarın həssas mövzusudur. Bu kimi sənətkarlara heç olmasa əməkdar müəllim, əməkdar mədəniyyət işçisi adı verilsə, onların əziyyətləri bada getməz. Dövlət rayonlarda çalışan, ömrünü xalq musiqisinə həsr etmiş insanlara diqqət ayırsa, qeyd etdiyim kimi, bölgələrdə də xalq musiqisinin, muğamımızın inkişafı daha geniş vüsət alar.
- Qarşıda hansı yaradıcılıq planlarınız var?
- Çalışdığım musiqi məktəbinin orkestri var və orada istedadlı uşaqlar fəaliyyət göstərirlər. Yaxın vaxtlarda onlardan gözəl bir kollektiv yaratmaq, onlarla ayrı-ayrı rayonlara, xaricə səfərlər etmək, Azərbaycan incəsənətini, mədəniyyətini təbliğ etmək planım var. Xatırladım ki, vaxtilə rəhbərlik etdiyim "Gənclik" ansamblı ilə ölkə daxilində, cəbhə xəttində əsgərlərimiz üçün silsilə konsertlər vermişəm. Bu ənənəni bu gün də davam etdirmək istəyirəm.
Həmçinin Salyan rayonunda və qonşu rayonlarda silsilə muğam konsertləri təşkil etmək istərdim. Amma bunun üçün hazırda müəyyən maddi problemlər mövcuddur. Lakin hesab edirəm ki, bu məsələ ilə bağlı çıxış yolunu tapacağam.

 

Ayna.- 2008.- 17 may.- S. 17.