Şıxəlioğlu Q.

 

Tükənməz sənət

 

Ağaxan Abdullayev: "Şirvan, Bakı, Qarabağ yox, təkcə Azərbaycan muğam məktəbi var"

 

Muğam ııstası, xalq artisti Ağaxan Abdullayevlə onun dərs dediyi İncəsənət Gimnaziyasında görüşdük. Yaxın siniflərdə nıusiqi səsi gəlirdi. Bu da söhbətimiz üçün mövzuya uyğun bir fon yaradırdı. O, sözünə ulu öndərimizlə bağlı xatirələrlə başladı:

-   Görkəmli dövlət xadimi Əziz Əliyevin yubileyi ilə bağlı Azərbaycanda və Dağıstanda keçirilən tədbirlərə məni də dəvət etmişdilər. Respublika sarayında bu münasibətlə konsert gedirdi. Burda bir rnuğam oxudum. Konsertdən sonra ulu öndərimiz Heydər Əliyev və Dağıstanın baş naziri səhnə arxasına gəldilər. Bizimlə görüşdükdən sonra H.Əliyev üzünü mənə tutaraq: Sən çox zildən oxuyurdun, qorxdum ki, bu zildən düşə bilməyəsən, - dedi.

Dağıstanlı qonaq «mən Ağaxanı Dağıstandakı konsertdən sonra birdəfəlik özümüzdə saxlamaq istədim» deyəndə H.Əliyev gülərək cavab verdi: Yox, Ağaxanı heç kəsə vermərik, o bizə lazımdır.

Bu hadisədən heç bir ay keçmədi ki, H.Əliyevin fərmanı ilə mənə xalq artisti adı verildi. Sonra da Prezident təqaüdünə layiq görüldüm. Əlbəttə, mən bunu muğam sənətinə verilən mükafat kimi qiymətləndirirəm. Allah H.Əliyevin ruhunu şad eləsin. O, tək məni yox, bütün sənət adamlarını yüksək dəyərləndirirdi. indi prezident İlham Əliyev də bu missiyanı layiqincə davam etdirir. Görün, nə qədər yaddan çıxmış sənətkara Prezident təqaüdü verildi. İnanın ki, bu mükafat, bu qayğı həmin sənət adamlarına yeni həyat verdi.

-  Muğamlar var ki, ayrı-ayrılıqda adları çəkiləndə onun ifaçısı yada düşür. Siz öz adınızı hansı muğamların qarşısında görürsünüz?

-  Mən muğamların demək olar ki, hamısını oxumuşam. Ona görə də, deyə bilmərəm ki, bunların hansı yaxşıdır, hansını yaxşı ifa eləmişəm. Bunu qıraqdan qulaq asan deyə bilər ki, Ağaxan hansı muğamı yaxşı oxuyur. Təbii ki, mən özümü hələ də püxtələşmiş sənətkar saymıram. Bu elə sənətdir ki, öyrəndikcə öyrənmək istəyirsən. Dərinliyə baş vurduqca görürsən ki, hələ heç nə bilmirsən. Muğam bir dəryadır. Ordan kimin qabı nə qədər tutursa, o qədər də götürür.

-  Aşıq sənətində olduğu kimi, muğam ifaçılığında da ayrı-ayrı məktəblər var. Bu məktəblərin hansı əsl muğama daha yaxındır?

-  Mən bunu dəfələrlə demişəm ki, heç bir məktəb yoxdu. Bu söhbət son illər yaranıb. Mən, Mütəllim əmini, Xan əmini, Yaqubu görmüşəm. Onların dövründə belə söz-söhbət olmayıb. Hələ onlar bir yerdə deməyib ki, bu, Qarabağ məktəbidir, bu, Şirvan məktəbidir, bu, Bakı məktəbidir. Aşıqların da məktəbi yoxdur, oxuma üslubu var. Aşıqlar ritmlə oxuyurlar. Ancaq muğamda bir dənə məktəb var. O da Azərbaycan məktəbidir. Şirvanlı da, qarabağlı da, bakılı da bu məktəbdə oxuyur. Bircə tələffüz məsələsi var. Şirvan, Bakı xanəndələrinin tələffüzü daha aydındır.

Əsl sənətkar üçün belə bölgü yoxdur. Mən rəhmətlik Yaqubu görmüşəm. O, segah oxuyanda deyirdin ki, "bəh-bəh". Cahargah oxuyanda deyirdin ki, o, Yaqubun adına yazılıb. Elə Bayatı-Şirazı da. Yəni əsl sənətkar belə olmalıdır. Şəkili Ələsgər olub. Gözəl, rahat oxuyub. Deyirlər ki, onun kimi «Segah» oxuyan olmayıb.

- Muğam bir çox Şərq xalqlarının ortaq mədəniyyət abidəsidir.  Muğam üstündə sahiblik daha çox hansı xalqa məxsusdur?

Muğam bütün Şərq xalqlarında var. İranda, Türkiyədə, Hindistanda və ərəblərdə. Ancaq dəstgah şəklində ancaq Azərbaycandadır.

-  Muğamda improvizəyə necə baxırsınız?

Muğam başdan-ayağa improvizədir. Təzə səs ki, gəlir, bu, özü elə muğama gözəllik gətirir. Muğam yaraşıqlı gəlin kimidir. Nə qədər bəzək vursan, o qədər götürür.

-  Sizdə muğam nə vaxt yaxşı alınır? Özünüz üçün oxuyanda yoxsa başqaları üçün?

-   Mən fərq qoymuram. Əsl sənətkar dinləyicini də, özünü də razı salmalıdır.

-  Muğam ilə sizin aranızdakı haqq-hesab necədir? O, sizə borcludur, yoxsa siz ona?

Mən bu sənətə borcluyam. O qədər Ağaxan adında adam var ki... Hansı bu şöhrətdədir?! Muğamın mənim boynumda haqq-sayı çoxdur.

-  Ağaxan müəllim, toylara gedirsiniz,- rəsmi tədbirlərdə olursunuz. Nə vaxt oxumaq sizin üçün rahat olur - gündüz yoxsa axşam?

-  Əlbəttə, xanəndənin səsi günortadan sonra, daha doğrusu, axşamüstü öz qaydasında olur. Xan əmi deyərdi ki, xanəndə gecə 12-dən sonra oxumaz. Səhər də səs kal olur.

- Bəlkə sənət dostlarınızla bağlı bir xatirə danışasınız?

-  Bir-iki kəlmə rəhmətlik Hacıbaba Hüseynov haqqında danışmaq istəyərdim. O xanəndə oxuyanda sözlərin tələffüzünə xüsusi diqqət yetirərdi. Vay o gündən ki səhvini tutaydı. Dərhal elə üzünə deyərdi: Adə, doğrudan Vahid elə yazıb.lap elə sən oxuyan kimi yazıb? Bərəkallah!

Olurdu ki, bu qəfləti və sərt söylənən iradlar adamın xoşuna gəlmirdi. Ancaq mən sonralar başa düşdüm ki, nə yaxşı, Hacıbaba müəllim belə olub. Mən həmişə ondan faydalanmışam.

-  İnsanda ən çox hansı keyfiyyəti qiymətləndirirsiniz?

-  Mənliyi və Allaha etiqadı.

 

Mədəniyyət.- 2008.- 15 may.- S. 7.