İndi SMS, şou, ara mahnılar
dünyasıdır
O, uşaqların sevimli
bəstəkarıdır. Balaca müğənnilər onun
mahnılarını sevə-sevə oxuyurlar. Vaxtilə
özümüz də o mahnıların musiqisini dinləyərək,
ürəyimizdə zümzümə edərək
böyümüşük. Gözəl, maraqlı
mövzulardan, həyat hadisələrindən bəhs edən
bu mahnılarda sadə şəkildə böyük
fikirlər ifadə olunub. Ona görə də bu mahnılar
nəinki kiçiklərin, elə böyüklərin də
zövqünü oxşayır.
Daim uşaqları
düşünən, onlar üçün yeni-yeni
mahnılar yazan Oqtay Zülfüqarov söhbətinə
bədii rəhbəri olduğu Uşaq Filarmoniyasının
fəaliyyətindən başladı.
- Uşaq Filarmoniyasındakı təhsil adi
musiqi məktəblərindəki təhsildən nə ilə
fərqlənir?
- Musiqi məktəbində uşaqlara musiqi
dərsi keçirilir. Amma burada 2 yaşından 7
yaşına qədər çalmağı, oxumağı,
oynamağı bacaran uşaqlar oxuyur. Filarmoniyanın
nəzdində "Aysel" teatrı fəaliyyət
göstərir. Əvəllər bu teatr "Tumurcuq" adı
ilə tanınırdı. Uşaqlardan ibarət yaxşı
rəqs ansamblı, nəfəsli orkestrimiz var. Ansamblla
festivallarda iştirak etmişik. Hazırda bu sənət
ocağı çox gözəl fəaliyyət
göstərir. Burada fəaliyyət göstərən
ayrı-ayrı kollektivlərin xarici ölkələrə qastrolları
təşkil olunur. Mən öz kollektivimlə çox yeri
gəzmişəm. Filarmoniyada çox istedadlı
şagirdlər təhsil alır. İstedadlı uşaqlar
təhsili bitirəndən sonra onları burada
saxlayırıq. Vaxtilə bu məktəbi bitirən
uşaqlarımızın çoxu dövlət
ansambllarında işləyir. İndi onların çoxu
nənə, baba olub. Çoxu mənimlə əlaqə
saxlayır. Eləsi var, nəvəsini Filarmoniyaya gətirir.
Tumurcuqlar bəhrəsini verəndə istər-istəməz
adam sevinir.
- Taleyinizi bu sənət ocağına
bağlamağınız, ümumiyyətlə,
yaradıcılığınızda uşaq
mövzularının mühüm yer tutması körpələrə
məhəbbətinizdənmi irəli gəlir?
- Konservatoriyanın sonuncu kursunda oxuyanda Qara Qarayev:
"Oqtay, sənin musiqin çox oynaqdır.
Çalış, bir gör uşaqlar üçün
əsərlər yaza bilərsənmi?" - deyə
məsləhət gördü. Mən də 1 saylı
bağçaya gedib uşaqlarla tanış oldum. Sonra da onlar
üçün mahnılar yazmağa başladım. İlk
dəfə qızım Leyla ilə çıxış etməyə
başladıq. O, mənim mahnılarımın ilk
ifaçısı oldu. Qonşu respublikalara, bir sıra
ölkələrə qastrola getdik. Moskva televiziyası və
Az.TV-nin Ekran Birliyi tərəfindən haqqımızda
çəkilən 2 film bizi çox populyar etdi. Məni
də hər yerdə Oqtay Zülfüqarov kimi yox, Leylanın
atası kimi tanıyırdılar. Mirmehdi Seyidzadə, Abdulla
Şaiq, Teymur Elçin, Ənvər Əlibəyli, Hikmət
Ziya, Tofiq Mütəllibov, İlyas Tapdıqla işləmişəm.
Son 15 ildə mahnıların mətnlərini də
özüm yazıram. O vaxtlar cavan idim. Şairlərin
"cibinə" girmək istəmirdim. Mətnlərin
müəllifi özüm olan mahnılarımdan ibarət
kitablar da nəşr etdirmişəm.
- Yaradıcı adama mütləq ilham
lazımdır, yoxsa yaxşı əsərlər
vərdişdən yaranır?
- Əsas çətinlik oturmaqdır. Mən
oturdumsa, yazmağa başlayıram. Fikirlər, mövzular
isə həmişə başda gəzir. Yadımdadır, bir
dəfə avqust ayında uzanıb istirahət edirdim.
Birdən "Obamıza qış gəldi"
mahnısını yazmaq üçün mənə ilham
gəldi. Tez ayağa durub sözlərini də, musiqisini
də yazdım. Bir neçə il bundan əvvəl isə
qışa aid köhnə bir mahnımı tapıb aranjiman
etdim. Belə işləmək də var. Oturmaq
məsələsi isə çox çətindir. Evdə
iş, xeyir-şər, hökumət işi və s. məsələlər
var. Ona görə də özümü yaxşı hiss
edəndə gecələr işləyirəm. Bir
neçə il bundan əvvəl infarkt keçirmişəm.
Bu da mənə bir az mane olur. İndi şükür Allaha
ki, yaxşıyam. Nə qədər ki, məni yaxşı
adamlar əhatə edir, özümü yaxşı hiss
edirəm.
- Mahnılarınızı ilk dəfə
uşaqların dilindən eşidəndə hansı
hissləri keçirirsiniz?
- Bəstəkarın ləzzət
aldığı vaxt əsəri yazan vaxtıdır.
İş prosesində adam özünü xoşbəxt hiss
edir. Nəsə tapırsan, axtarırsan... Mahnı hazır
olub ifa olunanda həmin duyğular olmur. Mahnı ifa olunur,
əl çalırlar, xoş, tərifli sözlər
deyirlər. Bunu isə hamı xoşlayır. Mən
əsasən iş prosesindən həzz alıram. Yaxşı
əsər yazmaq üçün 3-4 ay vaxt lazımdır.
Onda da gərək ya evdə, ya da bağda oturub heç
yerə çıxmayasan. Simfonik əsərlər
çalınanda orada ayrı hisslər olur. İndi maddi
cəhətdən böyük əsər çaldırmaq
çətindir. Nəsə çatışır,
nəsə çatışmır... Əvvəllər bu
işlərlə musiqi fondu məşğul olurdu. İndi
isə bütün xərcləri özün
çəkməlisən. Ona görə də
çoxdandır ki, böyük əsərlər çalınmır.
Amma mən uşaq mahnısı yazanda, simfonik
əsərdə çalınan o hissləri balaca bir
mahnıda hiss edirəm.
Mənim müğənnilərim
uşaqlardır. Vaxtilə mahnılarımı
Zeynəb Xanlarova, Flora Kərimova, Müslüm Maqomayev kimi
sənətkarlar oxuyub. "Şənlən, mənim
xalqım!" adlı simfonik üvertüram 82 dirijorun
müşayiəti ilə dünyanın hər yerində
çalınıb. 1957-ci ildə Şostakoviç o
əsəri tərifləmişdi və indiyə qədər
də çalınır. Bu, bəstəkar
üçün çox böyük mükafatdır.
İndi isə yalnız uşaqlar üçün yazıram.
- Bizim nəsil uşaqlıqdan sizin
mahnılarınızı eşidə-eşidə
böyüyüb. Musiqisi də, mətni də tamamilə
uşaq psixologiyasına köklənən bu mahnıları
sevməmək əslində mümkün də deyildi.
İndi bu cür mahnılar istisna olmaqla, uşaqlar çox
vaxt öz yaşlarına aid olmayan mahnılar oxuyur.
Sevgidən, vüsaldan, ayrılıqdan dəm vururlar.
Bəlkə bu gün uşaq bəstəkarlarının
qıtlığından vəziyyət belədir?
- İndi uşaqlar nə eşidirlər, onu da
oxuyurlar. Bir də uşaqların böyüklərin
mahnısını fonoqram ilə oxumasını qəbul
edə bilmirəm. Evdə çox vaxt nənə-babaları
uşağa naz verəndə belə mahnıları
oxutdururlar. Mən çoxdan bunun düşməniyəm.
Uşaq mövzusunda yaxşı mahnılar
yazılıb. Sadəcə, təbliğat zəifdir. Bunlar
"gözün, qaşın belə, dodağın bal,
şəkər" və s. kimi uşaqlara yaraşmayan
mövzular deyil. Televiziya kanalları balacaların
psixologiyasına aid mövzuları əhatə etməyə
çalışmalıdır. Ancaq uşaq verilişləri
kanallara heç nə vermir. Müğənnilər uşaq
mahnıları ilə toylarda pul qazana bilməzlər. Ona
görə ara mahnılarla uşaqların zövqünü
xarab edirlər. Başa düşürəm ki, özəl
şirkətlər dolanmaq istəyir. Heç olmasa,
qazana-qazana həftədə bir dəfə uşaqlara xeyir
versinlər. Uşaq kollektivlərini
işıqlandırsınlar. Onda bəstəkarlar da
həvəsə gəlib yazarlar. Onda yeni Oqtay
Zülfüqarovlar yaranacaq. Qabaqlar uşaq mahnıları
üzrə yaxşı müsabiqələr təşkil
edirdilər. Ən yaxşı uşaq mahnılarının
mətni, musiqisi üzrə bir neçə müsabiqənin
qalibi olmuşam. İndi belə müsabiqələr də
yoxdur. Bu gün SMS, şou, ara mahnılar dünyasıdır.
Ona görə uşaq mahnıları əl-ayaq altda qalıb.
- Bəzən deyirlər ki, yaxşı
əsər şimşək çaxması kimi ani yaranır.
- O fikir düzdür, amma onu çox
yüksəkdən deyiblər. Bir-iki əsər elə yarana
bilər. Elə əsərlər var ki, onu tez yazırsan
və heç populyar olacağını da bilmirsən.
"Şənlən, mənim xalqım!" əsərini bir
həftəyə yazmışam. Elə əsər var ki,
bir-iki ay fikirləşirsən. Musiqi yazmaq çox
çətindir. Qəmbər Hüseynli 1948-ci ildə Gəncənin
Pionerlər Evində məşq edəndə
"Cücələrim" mahnısını yazdı.
Heç ağlına da gəlməzdi ki, bu mahnı
bütün dünyanı dolaşacaq. O mahnı
şimşək kimi yarandı və bugünəcən
sevilərək oxunur. Amma yaxşı musiqi yazmaq
üçün gərək zəhmət
çəkəsən. İndiki diplomu olmayan şairlər,
bəstəkarlar kimi yox. Musiqidə yeddi səsdir və
bütün dünya musiqisi bu səslər üzərində
yaranıb. Bəstəkarın xoşbəxtliyi ondadır ki, çox
bilir və seçməyi bacarır. İndiki
bəstəkarlar isə heç nə bilmir, amma yazmağa
başlayırlar. İndi hamı bəstəkar, hamı
şair olub. Qulu Əsgərovu vaxtilə
gözümçıxdıya salmışdılar. "Bu
özfəaliyyət bəstəkarı haradan
çıxdı" deyirdilər. Amma mən Qulu
Əsgərovu klassik sayıram. İndi varmı Qulu
Əsgərov kimi müğənni-bəstəkar? Yoxdur!
İki not bilməyən indi bəstəkardır. Biz qapı
dalında qalmışıq. Onlar isə hər gün
ekrandadırlar. Hamısı da ordan-burdan - ərəb,
türk, hind mahnılarını sintez edib, öz adlarına
çıxırlar. İş ondadır ki, camaatın da
xoşuna gəlir. Ancaq vaxt ələk kimi
ələyəcək, kimin kim olduğunu
göstərəcək. Ara mahnılar hamısı təqvim
vərəqi kimidir, cırıb zibil qabına atırsan.
- Bəstəkarın
yaradıcılığında bəxt nə qədər rol
oynayır?
- Bəstəkarlıqda hər dövrün,
hər zamanın öz intonasiyası var. Üzeyir bəy
"Arşın mal alan"ı yazanda o zaman
üçün əla idi. O əsər tarixdə qaldı.
İndi o zaman üçün olan əsər yazılsa,
primitiv adlanacaq. Və yaxud vaxtilə Bax yazıb, indi də
canlıdır. Çaykovski də nə yazıbsa,
hamısı incidir. Onun "Şelkunçik", "Sonalar
gölü" baletləri, "Qaratoxmaq qadın",
"Yevgeni Onegin" və s. operaları, 3 simfoniyası
bütün dünyada məşhurdur. Deyək, bu
naxışdı? Naxış deyil, Allah vergisidir.
Çaykovski səhər 6-dan gündüz 12-dək
işləyirdi. O, ilham gözləmirdi. Nizami, Füzuli Allah
vergisidir. Deyək ki, onların bəxti gətirdiyi
üçün belə əsərlər yazıblar?
İstedad istedaddır.
- İndi nə üçün yaxşı
bəstəkarlar yetişmir?
- Yaxşı bəstəkarlar
yetişəcək. Azərbaycan xalqı çox istedadlı
xalqdır, bəlkə də bizim aramızda Üzeyir
bəylər var, amma onların istedadı zavodda, tarlada
qurtarıb. Onların qabağa getməsi üçün inadkarlıq
və şərait olmayıb. Nə qədər ki, həyat
var, hisslər var, sevgi var, Azərbaycan xalqı törənir.
Onların arasında Üzeyir bəy də, Qara Qarayev də,
Fikrət Əmirov da olacaq. Ancaq gec-tezi var.
- Yaradıcılıq mətbəxinizdə
hansı yeniliklər var?
- "İntizar" adlı simfoniyamı
yazıb qurtarmışam. "Meşə
nağılı" adlı biraktlı balet yazıram. Bu
əsərdə Cırtdanın motivləri var. Bundan əlavə,
uşaqlar üçün "Qarışsın
səslər səsə", "Rəqs edək",
"Azərbaycan bayrağı", "Ucalsın" və
s. adlı bir neçə mahnı yazmışam.
Mövqe.- 2008.- 24-26 may.- S. 13.