Bəstəkar
Adilə Yusifovanın müəllif konserti keçirilib
Almaniya-Azərbaycan Mədəniyyəti
Mərkəzində Bəstəkarlar
İttifaqının təşkilati
dəstəyi ilə sənətşünaslıq namizədi,
Bakı Musiqi Akademiyasının dosenti,
bəstəkar Adilə
Yusifovanın konserti və onun iki
diskdən ibarət musiqi albomunun təqdimatı olub. Mərasimdə A.Yusifovanın
atası, tanınmış
musiqiçi Niyazi Kərimovla birlikdə yazdığı "Azərbaycanda
musiqi təhsilinin tarixi" və "Azərbaycan melodiyalarının
işlənməsi və
aranjirovkası" kitablarının
təqdimatı olub.
"Adilə Yusifovanın musiqi dünyası" adlanan konsert onun yaradıcılığının
üç əsas istiqamətini - bəstəkarlıq,
müəllimlik və
tədqiqatçılıqla bağlı işlərini
əhatə edib. A.Yusifovanın "Milli naxışlar" adlanan diskində bəstəkarın
müxtəlif illərdə
bəstələdiyi kamera-instrumental
və vokal əsərləri yer verilib.
Tədbirdə professor Tərlan Seyidov, şair Rəna Mirzəyeva, sənətşünaslıq namizədi
Cəmilə Həsənova
A.Yusifovanın yaradıcılığından
söz açıblar.
Konsertdə əməkdar
incəsənət xadimi
Ülviyyə Hacıbəyova,
Azərbaycan Dövlət
Triosu, Opera və Balet Teatrının
solistləri Fəridə
Məmmədova, Fərid
Əliyev və digər iştirakçıların
ifasında bəstəkarın
"Paralellər", "Req-Taym ruhunda" əsərləri, "Milli
naxışlar" silsiləsindən
fortepiano üçün
pyesləri, mahnıları
səsləndirilib.
525-ci qəzet.- 2008.- 16 may.- S. 7.