Sadıqoğlu A.

 

Musiqi kollecinin 110 illiyinə həsr edilmiş yubiley

konserti keçirilmişdir

 

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin 110 illiyi münasibətilə yubiley konserti keçirilmişdir. Dövlət Akademik Opera Balet Teatrında keçirilən tədbirdə kolleçin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov yubiley konsertinin iştirakçılarını, respublikanın görkəmli elm, təhsil, mədəniyyət incəsənət xadimlərini, xarici ölkələrdən gəlmiş qonaqları salamlayaraq 110 yaşlı təhsil ocağının keçdiyi şərəfli yoldan danışmış, kollecin bugünkü fəaliyyətindən söz açmışdır.

Təhsil naziri, professor Misir Mərdanov musiqi kollecinin kollektivini əlamətdar yubiley münasibətilə təbrik edərək ölkənin mədəni həyatında sənət məbədinin rolunu qeyd etmiş, onun yetişdirdiyi görkəmli musiqiçilərin şan-şöhrətli əməyini yüksək qiymətləndirmiş, təhsil ocağının bir qrup müəlliminə mükafatları təqdim etmişdir.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi yubiley münasibətilə kollecin professor, müəllim kollektivini təbrik etmiş, təhsil ocağına gənc rnusiqi kadrlarının hazırlanmasında yeni uğurlar arzulamışdır.

Yubiley konsertində kollecin xalq çalğı alətləri orkestri Üzeyir Hacıbəyovun "Koroğlu" operasından uvertüranın, qanunçalanlar ansamblı Süleyman Ələsgərovun "Şalaxo", skripkaçılar ansamblı isə Qara Qarayevin "İldırımlı yollarla" baletindən "Qızların rəqsi"ni, Vaqif Mustafazadənin "Mart" əsərlərini ifa etmişlər. Təhsil ocağının tələbələri Ülviyyə Rəhimova, Xəyalə Abdullayeva, Elnur Zeynalov "Heyratı" muğamını, Ələkbər Şahmuradov Anar Abbasov Tofiq Quliyevin "Azərbaycan" mahnısını tamaşaçılara təqdim etmişlər. Təhsil Nazirliyi tərəfindən keçirilən ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Gənc ifaçıların I Respublika müsabiqəsinin birinci dərəcəli diplomuna layiq görülən, 1-ci kurs tələbəsi Tofiq Məmmədov tarda "Orta mahur" muğamını məharətlə çalmışdır. Züleyxa Şıxıyevanın ifasında Sergey Raxmaninovun "Etüd-Şəkil" əsəri səslənmiş, Səmra Əliyeva Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirini söyləmişdir.

"Muğam-2005" müsabiqəsinin qalibləri Təyyar Bayramov, Aytən Məhərrəmova, Babək Niftəliyevin ifasında "Simayi-şəms" muğamı, "Muğam-2007" müsabiqəsinin qalibləri Güllü Muradova, Abgül Mirzəliyev, Vüsal Zamanovun oxuduqları "Qarabağ şfkəstəsi" hərarətli alqışlarla qarşılanmışdır.

Yubiley konserti kollecin xorunun ifasında Üzeyir Hacıbəyovun "Ey vətən" əsərinin əzəmətli musiqisi ilə başa çatmışdır.

 

Respublika.- 2008.- 23 may.- S. 8.