Azərbaycan Yazıçılar Birliyi

 

Hörmətli Elçin müəllim!

 

Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini - böyük yaradıcılıq zəhmətinin məhsulu olan nəsr, dramaturgiya, ssenari, elmi-tənqidi monoqrafiyalar müəllifini ömrünüzün əziz günündə - anadan olmanızın 65 illiyi münasibətilə səmim-qəlbdən təbrik edirik.

Siz ədəbiyyata 60-cı illərdə gəlmiş və həmin dövr yaradıcı nəsil üçün səciyyəvi sayılan mühüm ədəbi-mənəvi keyfiyyətləri elmi-bədii-publisistik əsərlərinizdə gərəyincə ifadə etmisiniz. Hələ ilk yaradıcılıq nümunələriniz keçmiş sovet məkanında rus dilinə tərcümə olunmaqla müxtəlif millətə mənsub oxucu kütləsinin diqqətini çəkmiş və illər ötdükcə müasirlərimizin problemlərlə dolu həyatını, zəngin mənəvi dünyasını başlıca olaraq vətəndaşlıq mövqeyindən əks etdirən əsərləriniz geniş auditoriya qazanmışdır.

Son illər çapdan çıxmış seçilmiş əsərlərinizdən ibarət on cildliyiniz sizin ədəbi-elmi fəaliyyətinizin miqyası barədə kifayət qədər təsəvvür yarada bilir: povestlər - "Bir görüşün tarixçəsi", "Bayraqdar"; kinopovestlər - "Aman ovçu, vurma məni", "Hökmdarın taleyi"; pyeslər - "Poçt şöbəşində xəyal", "Ah, Paris, Paris!", "Mənim ərim dəlidir", "Qatil"; romanlar - "Mahmud və Məryəm", "Ölüm hökmü", məqalələr, monoqrafiyalar və s.

Bu janr müxtəlifliyi fonunda təbii ki, bütün ədəbiyyatımızın qarşısında duran mühüm bir məqsəd - ümumbəşəri dəyərlərlə yanaşı xalqımızın əbədiyaşar ənənələrə malik milli-mənəvi keyfiyyətlərinin qorunması, inkişaf etdirilməsi və yeni nəslin tərbiyəsinə tabe tutulması sizin yazıçı əməyinizin əsas mahiyyətini təşkil edir.

Bu gün müstəqil Azərbaycanın qədim və zəngin ənənələrə malik ədəbiyyatının ölkəmizin hüdudlarından uzaqlarda da daha artıq yayılması və tanınmasında sizin özünüzə məxsus yeriniz vardır. Əsərləriniz dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, pyesləriniz qardaş Türkiyədə müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

Sizin ədəbiyyatımız sahəsindəki xidmətləriniz yüksək qiymətləndirilmiş, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, çoxlu sayda ədəbi mükafatlar almısınız.

Ölkəmizin ədəbi-mədəni-ictimai həyatında göstərdiyiniz uzunmüddətli və səmərəli fəaliyyətinizə görə müstəqil dövlətimizin ən yüksək mükafatına - "İstiqlal" ordeninə layiq görülmüsünüz.

Əmək fəaliyyətinizə Nizami adına Ədəbiyyat İnstitutunda başlamış, bədii yaradıcılıqla yanaşı elmi tədqiqatlarınızı davam etdirmisiniz, filologiya elmləri doktoru, professorsunuz. 1975-1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi olmusunuz. "Vətən" Cəmiyyəti sizin rəhbərliyinizlə fəaliyyətə başlamışdır.

1993-cü ildən Azərbaycan Respublikası baş nazirin müavini kimi məsul vəzifədə çalışırsınız.

Hörmətli Elçin müəllim!

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Ədəbiyyat qəzeti.- 2008.- 16 may.- S. 3.