Zeynəb Xanlarova:
Azərbaycanın Evrovision-2008də ilk onluğa
düşməsi bizim üçün böyük uğurdur
- Zeynəb xanım,
bugünlərdə Serbiyanın paytaxtı Belqradda baş
çatan "Evrovision-2008" mahnı müsabiqəsinin
yekun nəticələrini necə qiymətləndirirsiniz?
Sizcə, bu nəticələr ədalətlidirmi?
- Azərbaycanı
sözügedən müsabiqədə təmsil edən Samir
Cavadzadə ilə Elnur Hüseynovun ilk onluğa
düşməsi bizim üçün böyük
uğurdur. Onların bu uğuru bizim
hamımızı sevindirir, qürurlandırır.
İnanın ki, həmin gecəni sevincimdən və
həyəcanımdan səhərə kimi yatmamışam.
Üstündən iki gün keçməsinə baxmayaraq, bu
sevincim, həyəcanım hələ də ötüb-keçməyib.
Düzdür, bizim uşaqlar bundan da daha
yüksək yerlərə layiq idilər, ancaq neyləmək
olar, bu müsabiqədə təmsil olunmaq və ilk onluğa
düşərək səkkinci yeri tutmaq, özü də
böyük uğurdur, böyük göstəricidir.
Eyni zamanda, onu da unutmayaq ki, Azərbaycan ilk dəfə idi ki,
bu müsabiqədə təmsil olunurdu. Bununla belə, birinci
dəfə təmsil olunmasına baxmayaraq, yüksək
göstəriciyə, uğura imza atmağa nail oldu.
Uşaqlarımızın ifası mənim həddindən
çox xoşuma gəldi. Bilirsiniz, mən daim açıq,
düzgün danışmağı xoşlayıram. Yəni,
bizim bir az qeyrətimiz olmalıydı, dünyada yaşayan
azərbaycanlılarımız, soydaşlarımız daha
çox fəallıq nümayiş etdirməliydi. Mən
dünyanın demək olar ki, hər bir guşəsində
olmuşam, konsertlər vermişəm. Mənə
şəxsən təsir edən o oldu ki, ovcumun içi boyda
olan Ermənistan bu müsabiqədə bizdən və
qardaş Türkiyədən daha ön yerlərdən birini
tutdu. Bəli, sevindim və sevinirəm ki, Azərbaycan ilk
onluqda oldu, ancaq çox pis oldum və oluram ki, ermənilər
bizdən və türk qardaşlarımızdan qabaqda oldu.
Axı, dünyada neçə milyon azərbaycanlı var.
Şəxsən mən özüm xarici
ölkələrə qastrol səfərlərimdə bunun
canlı şahidi olmuşam. Nəyə görə
bizimkilər daha çox təəssübkeşlik
nümayiş etdirmirlər? Axı, bizimkilər niyə
belədir? Açığını deyim, bizim
uşaqlar zəif ifaçılar olsaydı, o qədər
təsirlənməzdim, ancaq onlar, doğrudan da, yaxşı
ifaçılardı. Odur ki, bizim xaricdə yaşayan
soydaşlarımız, həmvətənlərimiz, eyni
zamanda, bizə "can-can" deyən dostlarımız daha
çox təəssübkeşlik, fəallıq
nümayiş etdirməli idilər. Lakin təəssüf ki,
bu, istənilən səviyyədə olmadı. Bu mənə
çox pis təsir etdi və edir. Eyni zamanda, qardaş
Türkiyənin Ermənistan təmsilçisinə 10 bal
verməsi məni bir qədər təəccübləndirdi
və təəssüfləndirdi. Sonra mənə aydın
oldu ki, ermənilər orada da çoxluq təşkil edir
və bu səbəbdən də Türkiyə Ermənistana
təmsilçisinə 10 bal verir. Düzünü deyim ki,
ötən il də Türkiyə tərəfindən bu
cür addım atılmışdı və bu məqam da
mənə pis təsir etmişdi. Sonra mənə dedilər
ki, ay Zeynəb xanım, bu ermənilər hər yerdə var
və hər yerdə çox böyük fəallıq,
canfəşanlıq göstərirlər. Ermənilər
bizim düşmənimiz olsa da, ancaq onlar bizimkilərdən
daha çox, daha yaxşı bir-birilərini tuturlar. Elə
bilirəm ki, bundan bir ibrət götürmək
lazımdır.
- Müsabiqənin
sonunda daha çox iki ölkənin - Azərbaycanla strateji
dostluq və müttəffiqlik münasibətləri olan
Gürcüstanla İsrailin Ermənistan təmsilçisini
ən yüksək balla - 12 balla qiymətləndirməsi,
dəstəkləməsi insanlarımız arasında
təəccüb qarışıq təəssüfə
səbəb olub, narazılıq yaradıb. Bəs sizin bu
barədə mövqeyiniz necədir?
- Bəli, İsraillə
Gürcüstanın Ermənistan təmsilçisini bu
şəkildə dəstəkləməsi məni də
çox təəssüfləndirdi. Düzünü deyim ki,
mən şəxsən İsrail tərəfindən belə
bir addımın atılmasını gözləmirdim. Mən
özüm dəfələrlə İsraildə qastrol
səfərlərində olmuşam, konsertlər
vermişəm və görmüşəm, şahidi
olmuşam ki, onların Azərbaycana, azərbaycanlılara münasibəti
necədir. Eyni zamanda, bu gün Azərbaycandan
köçüb İsraildə yaşayan xeyli sayda
insanlarımız, azərbaycanlılarımız var. Axı,
nəyə görə İsrail tərəfindən belə
bir addım atıldı? Görəsən, niyə orada
yaşayan insanlarımız, azərbaycanlılarımız
tərəfindən lazımi dəstək, fəallıq
nümayiş olunmadı? Axı biz İsrailə,
israillilərə daim yüksək məhəbbət, ehtiram
göstərmişik, onlara qucaq açmışıq.
Niyə onlar bizi dəstəkləmək əvəzinə
Ermənistanı dəstəklədilər? Bu sözləri
eynilə qonşu Gürcüstan və gürcülər
haqqında da demək olar. Onlar da ədalətli, düzgün
mövqe tutmadılar. Biz azərbaycanlıların bir
bədbəxtliyi var ki, başqalarına qarşı
həddindən artıq ürəyi açığıq.
Elə bilirik ki, başqaları da bizə qarşı bu
cürdür. Şəxsən özümdən götürürəm.
Kimsə mənim üzümə gülürsə,
daxilindən xəbərim yoxdur, ancaq deyirəm ki, gör,
nə yaxşı adamdır. Sonradan isə məlum olur ki,
heç də belə deyilmiş. Demək istəyirəm ki,
həddindən artıq ürəyi açıq olduğumuz
üçün elə başımıza da bu işlər
gəlir. Biz daim gürcülərə də qucaq
açmışıq, onları bağrımıza
basmışıq. Belə olan halda nəyə görə
onlar bizimkilərə yox, ermənilərə dəstək
verdilər? Görünür, gələcəkdə bunlardan
yaxşı nəticə çıxarmalı, dərs
götürməliyik.
- Yeri
gəlmişkən, yaxın zamanlarda hansısa
ölkəyə qastrol səfəriniz nəzərdə
tutulurmu?
- Mən elə iki gün olar ki,
qardaş Türkiyədən səfərdən
qayıtmışam. Orada çəkilişlərim var idi.
Yaxın zamanlarda iki DVD və bir SD-dən ibarət albomum
işıq üzü görəcək. Təxminən bir aya
onlar hazır olacaq. Onu da tam əminliklə demək
istəyirəm ki, indiyənəcən Azərbaycanda bu
cür albom olmayıb. Həmin alboma 25 mahnım daxil edilib.
Bildiyiniz kimi, bir DVD-yə də 12-dən artıq mahnı
yazdırmaq mümkün deyil. Odur ki, bu albomum iki DVD-dən
və bir SD-dən ibarət olacaq. Qeyd edim ki, həmin
mahnılar 30-40-50 il bundan əvvəl oxuduğum mahnılar
olsa da, onları indiki səsimdə ifa etmişəm,
yazdırmışam. Yəni, musiqi köhnə musiqidi, ancaq
səs indiki səsimdir. Hətta yeni boğazlar etmişəm
ki, mahnıları indiki səsimlə ifa etdiyimi daha
yaxşı anlasınlar. Məqamı
düşmüşkən, bir dəfə
ansamblımızın uşaqları mənim bir-iki
mahnımı gözəl xanəndəmiz Əlbaba
Məmmədova qulaq asmaq üçün təqdim ediblər.
O təəccüblə soruşub ki, bu, hansıdır -
keçmişdəkidir, yoxsa indiki? Uşaqlar deyir ki,
özümüzü öldürürük ki, bu mahnılar
dünən yazılıb. Demək istəyirəm ki,
Türkiyədə çıxacaq yeni albomuma daxil edilən
mahnılar köhnə mahnılarım olsa da, onlar yeni ifamda,
indiki səsimdə olan mahnılardır. Eyni zamanda
nəzərinizə çatdırım ki, həmin
mahnıları iki dəfə yazıblar. Birdən hansısa
mahnımda nəsə bir qüsur olsa, dərhal ikincidən
istifadə etsinlər. bir sözlə, mən oradan çox
razı qayıtmışam. Bilirsiniz, türklər mənim
doğmalarımdır, bacılarımdır,
qardaşlarımdır. Türkiyəyə mənim ikinci
vətənimdir. Mən Türkiyəyə ilk dəfə
1969-cu ildə qatarla qastrol səfərinə getmişəm.
Orada məni sanki əllərinin üstündə
gəzdirirək deyirdilər ki, "azəri qızı,
azəri qızı". Özü də həmin
insanların çoxu xeyli öncələr Azərbaycandan
Türkiyə köç etmiş insanlar idi. Onlar məni
görəndə özlərini ağlamaqdan
saxlamırdılar. Mənə deyirdilər ki,
özünlə vətən torpağı gətirmisən.
Bunları deməkdə məqsədim odur ki, Türkiyə
həmişə mənim ikinci vətənim olub, bu gün
də belədir. İnanın dünyanın harasına
gedirəmsə-gedim, mən yolumu, marşrutumu İstanbuldan
salmışam. Hər yerə İstanbuldan
keçməklə getmişəm. Qastrol
səfərlərinə gəlincə, belə
səfərlər çoxdur. Bu ilin iyul ayında Almaniyaya,
sonra Hollandiyaya, İsrailə qastrol səfərlərim
nəzərdə tutulur. Mən İsrailə qastrol
səfərim zamanı mütləq bu məsələyə
qayıdacağam. Yəni, israilli dostlarıma
bildirəcəyəm, narazılıq edəcəyəm ki,
nəyə görə ermənilərə dəstək
vermisiniz? Eybi yox, dəstək verirsiniz, özünüz
bilərsiniz, bəs daim sizə qucaq açan Azərbaycana,
azərbaycanlılara, onun təmsilçisinə bu cür
dəstək, səs vermirsiniz? Bir sözlə, qabaqda
işlər, planlar çoxdur. İnşallah, Allah qoysa,
onları bir-bir yerinə yetirməyə
çalışacağam.
525-ci qəzet.- 2008.- 27
may.- S. 5.