Qaliboğlu E.

 

Əvvəlki kimi ustad-şagird ənənələri qalmayıb


Aşıq Ziyəddin Borçalı: "Gürcülər Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu daim etiraf edirlər"

 

Azərbaycanın tarixi türk torpaqlarına münasibətdə bu gün hər bir soydaşımızın yiyəlik səviyyəsində yanaşması son dərəcə gərəklidir. Nə qədər ki, Azərbaycanımızın Bütövlüyü ağlımızda oturuşmayacaq, o zaman xəlqi haqqımız, istəklərimiz də istənilən səviyyədə gerçəkliyini tapmayacaq. Bugünkü söhbətimizdə Borçalımızın saz üstə yaşayan milli əhvalından, türk ruhuna yorulmaz yol yoldaşlığından danışacağıq. Sazlı-sözlü Borçalı elindən Bakıya qonaq gəlmiş Aşıq Ziyəddin Borçalı ilə söhbətimizdə ustad-şagird ənənəsindən, çağdaş dövrümüzdə bu ənənələrin necə yaşadılmasından söhbət açacağıq.

O, 1950-ci ildə Borçalı mahalının (Marneuli rayonunun)
Kür üstü Keşəli kəndində anadan olub.
Kürün sağ sahilində bu sıradan bir neçə kənd, o cümlədən Kosalı, Kəpənəkçi, İlməzli və başqa kəndlər yerləşir. Ziyəddin kişi aşıq sənətinin əlifbasını atasından öyrənib: "Atam o qədər aşıq sənətindən sevgiylə danışardı ki, mahnıların sehrində özümü tamam başqa bir aləmdə hiss edərdim. Sazın ruhu mənə olduqca doğma gəldi. Bu da təbii idi: o sənət ki, xalqın ruhunu ifadə edə, heç vaxt ölməz, itməz. Türkün ruhu başdan-başa sazdadır, belə bir möhtəşəm ruhu qətiyyən məhv etmək olmaz. Atam özü saz çala bilməzdi, amma el havalarını gözəl oxuyardı. Nənə babam Nəsib kişi gözəl saz çalarmış. Borçalı bəyləri tez-tez onun havalarını dinləməyə gələrmişlər. Amma onun səsindən, şeirlərindən heç bir soraq qalmayıb".

Aşıq Ziyəddin 13 yaşından saz çalır. Aşıq sənəti ilə bağlı maraqlı əhvalatlara uşaq vaxtından böyük maraqla qulaq asarmış: "60-cı illərdə çıxmış "Azərbaycan xalq dastanları" kitabını dəfələrlə əzbərdən öyrənmişdim. Yadımdadı, dastanları oxuyardım, camaat da qulaq asardı. Başladım aşıq sənəti ilə bağlı biliyimi artırmağa. Amma bu sənətin qaydası elədir ki, sözün həqiqi mənasında aşıq sənətindən baş çıxarmaq istəyirsənsə, gərək mütləq ustaddan dərs alasan.

Yadımdadır, orta təhsil almaq üçün Kəpənəkçiyə dərsə gedərdik. 8-ci sinifdən artıq Xındı Məmmədin yanında şagird oldum. Xındı Məmməd o vaxtlar bizim kəndə toylara gələrdi.

Aşıq sənətinin qəlizlikləri çoxdur, bu sənəti az vaxta öyrənib başa çıxmaq mümkün deyil. İlk növbədə saza möhkəm bağlanmalısan. Doğulduğum kənddə saza böyük sevgi var. Min evlik kənddə türk ulusumuzun bütün adət-ənənələri böyük bir sevgi ilə yaşadılır. Borçalı bu gün də sazı qanıyla-canıyla yaşadır, sənətin yeni imkanlarını yaradır. Aşıq sənətində qətiyyən bölgəçilik yaratmaq fikrində deyiləm. Sevindirici haldır ki, Borçalı eli türk aşıq-ozan sənətinə Əmrah Gülməmmədov, Aşıq Kamandar, Hüseyn Saraclı, Xındı Məmməd kimi böyük sənətkarlar bəxş edib".

Ustadı Xındı Məmmədin sənətkarlıq xüsusiyyətlərindən danışan  Aşıq Ziyəddin deyir: "Xındı Məmməd 72 il yaşadı. O, 1896-cı ildə Qaşmuğanlıda anadan olub. Çox qüvvətli səsi vardı, ona bu səbəbdən "Koroğlu aşığı" deyərdilər. Ortaboylu, sarıbəniz bir türk kişisi idi. Onun da ustadı Aşıq Ağacan olub. Xındı Məmmədin xeyli şagirdləri olub. O, "Yanıq Kərəmi"yə öz möhürünü vurdu: çalmağı və oxumağı ilə. Xındı Məmməd təpədən-dırnağacan meydan aşığıydı. Yaxşı dastan danışmağı vardı. Onda aşıqlığın bütün cəhətləri vardı. Kitabı da çıxıb: orada gözəl qoşmaları var".

Aşıq Ziyəddin bir neçə il Xındı Məmməddən dərs alıb: "Arzum ürəyimdə qaldı, aşıqdan çox dərs almaq istəyirdim. Qəfil ustadım vəfat etdi. Bundan sonra başladım çörək qazanmaq haqqında fikirləşməyə. Ziyəddin adlı zurnaçalan vardı, məni yanına çağırdı: həm aşıqlıq eləyirdim, həm də nağara çalırdım. 1970-ci ildə bir məclisə təsadüfən Aşıq Kamandarın böyük tələbəsi Aşıq Sayad gəlib çıxdı. Aşıq Sayadın da qüvvətli səsi vardı. 20 il Aşıq Saydadın yanında aşıqlıq etdim".

Aşıq Ziyəddin bir xatirə danışır: "Bir dəfə xudmani bir məclisdə Aşıq Sayad oxuyanda dedilər bir "Kürdü" oxu.

Sayad dedi bu havanı bilmirəm. Məclis aparana dedilər ki, burada nağaraçalan bir oğlan var, həmin havanı bilir. "Kürdü" havasını çalıb-oxuyandan sonra Aşıq Sayad mənə belə məsləhət elədi:" Toyçulara deyirlər gəl bu cığ-bığı (uşaqların haray-həşirini) anarı (o tərəfə) elə. Amma aşığa deyirlər ki, məclisi yola sal. Məcisdə adətən ağır, sanballı kişilər əyləşir. Hansı yaxşıdı? Dedim əlbəttə ki, məclis.

Dedi onda bu gündən bərabər yoldaşlıq eləyəcəyik. Bir azdan Aşıq Kamandarın hüzuruna getdik, o, bizi açıq ürəklə qəbul elədi. Obrazlı desəm, mən Xındı Məmməd "texnikumunu" "əyani", "Əmrah istitutu"nu isə "qiyabi" qurtamışam, özü də fərqlənmə diplomu ilə".

Ömrü aşıq toylarında keçən Aşıq Ziyəddin əvvəlki onillərdəki toylardan həsrətlə danışır: "Sanki ömrümün ən gözəl çağları o toylarda getdi. Həmişə mənə elə gəlirdi ki, dünyanın bütün gözəllikəri aşıq sənətində birləşib. Aşıq sənəti sanki mənim üçün qaynar, axar çeşmədir, allı-güllü yaylaqlardır. Bu təkrarsız gözəllikləri qışın sazağında belə duymaq üçün aşığı dinləmək yetər. Aşığın dünyasında təbiətin, insanın bütün gözəlliklərinin ifadəsi var. Yuxarıda adlarını çəkdiyim aşıq-ustadlar bu mənada çox xoşbəxt idilər. Əgər onlar indi yaşasaydılar, əvvəlki dövrlərdəki kimi şöhrətlənə bilməzdilər. İndi təəssüf ki, aşıq sənətinə meydan verilmir. Hətta Borçalı toylarında da aşığa az imkan verilir. Elə olur deyirlər ki, aşıq, bir ayaqdan, bir də başdan oxu. Elə sözlər var ki, onlar qızıl qiymətinədi, tələsik oxumaqla dinləyiciyə, tamaşaçıya dar macalda heç nəyi çatdırmaq olmur. Bunları əzbərləmək üçün vaxtilə xeyli əziyyət çəkmişəm. İndi də tələm-tələsik, ayaq-baş oxuyanda olur heç nə. Çox vaxt buna etiraz eləyirəm, görürəm azarkeşlər dillənir ki, aşığa imkan verin sinədolusu oxusun, görək nə deyir".

Aşıq Ziyəddin şükür edir ki, Borçalı elləri yerindədir, camaat elini-yurdunu atıb-getməyib: "Saz da yaşayır. Elə məclis olmaz ki, orada saza meydan olmasın. Amma bir narahatçılığım var ki, innən sonra yetişən aşıqlar ustad-aşıq mərtəbəsinə qalxa bilməyəcək. Düzdür, ola bilər, əvvəlkilərdən də yaxşı oxusunlar, saz çalsınlar. Ustadlıq elə-belə məsələ deyil. Aşığı ustad mərtəbəsinə qaldıran camaatdı, el məclisidi. Gərək tamaşaçını başına yığmaq bacarığın ola, həmçinin yaratdığının, oxuduğunun xiridarı ola. Tamaşaçı münasibəti aşığı püxtələşdirir. Aşıq oxuyur, amma tamaşaçısı, dinləyicisi yoxdusa, oxuduqları müzakirə mövzusuna çevrilməyibsə, nə bilinsin ki, bu, peşəkardı, sabah ustad ola biləcək, ya yox? Aşıq odur 3-4 saat bir dastanı danışa, toyu olduqca gözəl keçirə. Aşıq sənətinin öz qaydaları var: gərək şagirdin eşitmədiyi, bilmədiyi bir şey varsa, ustadından xahiş edə. Təəssüf ki, əvvəlki kimi ustad-şagird ənənələri qalmayıb. Bu məsələdə də bir əksilmə var. Mənim 50 yaşım vardı, ustad aşıq Kamandar onda sağ idi. O, hələ cavanlıqdan ustadlığa layiqliyini sübut etmişdi. Kamandardan icazəsiz məclisdə saz çalmırdım. Bu, ustada hörmətdən irəli gəlirdi. Oxumaq da eləcə: izn almasaydım, oxuya bilməzdim. Bu gün Borçalıda Aşıq Nurəddin ustadlığa layiq məqamdadır. Hər aşığın özünün bu sənətdə ayrıca yeri var. Xındı Məmmədin, Kamandarın, Əmrahın, Əkbərin, İmranın, Saraclının dünyaları isə tamam başqadır. Mikayıl Azaflının məclisində olmuşam, onun sənətinin sehrinə düşmüşəm. Kamandarın səsində sanki tilsim vardı, adamı ovsunlayırdı. Aşıq Kamandar havada hansı sözü oxuyardısa, urvata minərdi. Öz-özümə deyərdim: necə olub ki, buna fikir verməmişəm".

Aşıq deyir ki, bu gün Borçalıda sakitlikdir: "Gürcülər Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu daim etiraf edirlər".
Bu gün aşıqlar arasında sinədəftərlər, o cümlədən də dastan söyləyiciləri azdır. Amma aşıq deyir ki, Borçalıda dastan danışmaqla nəfəs alan aşıqlar çoxdur: "Aşıq Məhəmməd Sadaxlı, Aşıq Nurəddin, Aşıq Aslan, Aşıq Bilal, Aşıq Sayad, Aşıq Əhəd, Aşıq Kövrək Murad belələrindəndir".

 

Xalq cəbhəsi.- 2008.- 30 may.- S. 14.