Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 26-da Azərbaycan Dövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak etmişlər.

Prezident İlham Əliyev teatrın binasının bərpa və yenidənqurmadan əvvəlki və indiki görünüşünü əks etdirən şəkillərə baxdı. Sonra teatrın açılışını bildirən qırmızı lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin teatr tarixində özünəməxsus yer tutan Azərbaycan Dövlət Rus Dram Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin oktyabrında başlanılmışdı. Əsaslı bərpa işləri ilə yanaşı, binada ən müasir avadanlıq da quraşdırılıb və bunlar ən yüksək standartlar səviyyəsindədir. Əvvəllər 40-dək projektorla təchiz edilmiş səhnə-işıq sistemi hazırda müasir tipli 147 ədəd profil, səpələyici, linzalı və izləyici projektorlarla, eləcə də xüsusi işıq effektləri verən 10 ədəd fırlanan başlıqla təchiz edilmişdir. Sistem müasir səviyyəli pult vasitəsilə idarə olunacaqdır. Səsgücləndirmə sistemi də dünyanın ən müasir standartlarına cavab verir.

Bildirildi ki, tamaşa salonunun çilçırağı, kresloları yeniləri ilə əvəz olunub, qrim və iş otaqları müvafiq mebel və inventarlarla təchiz edilib, teatrın inzibati və yaradıcı heyəti üçün yüksək səviyyəli iş şəraiti yaradılıbdır. Binada müasir tələblərə cavab verən mərkəzləşdirilmiş kondisioner-ventilyasiya və istilik sistemləri, o cümlədən təhlükəsizlik, yanğın və fövqəladə hallarda xəbərvermə sistemləri quraşdırılmışdır. Binanın fasadına yüksək keyfiyyətli materiallardan üzlük çəkilmiş, xüsusi gecə işıqlandırıcıları quraşdırılmışdır.

Teatrda aparılan əsaslı bərpa və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev baş rejissor, xalq artisti Aleksandr Şarovski ilə görüşdü, ona Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Şöhrət” ordenini təqdim etdi.

Prezident İlham Əliyev A.Şarovskini təbrik edərək dedi:

- Hörmətli Aleksandr Yakovleviç, teatrın açılışı münasibətilə sizi təbrik edirəm. Bu, teatrın yeni həyatı deməkdir. Bildiyiniz kimi, mən sizi “Şöhrət” ordeni ilə təltif etmişəm. Bu, ilin əvvəlində olmuşdur, lakin həmin ordeni sizə təqdim etməyə imkan yox idi. Bu, Azərbaycan dövlətinin yüksək mükafatını sizə təqdim etmək üçün ən yaxşı fürsətdir. Sizi təbrik edirəm.

Aleksandr Şarovski: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım! Bu gün mənim həyatımda ən əsas, ən mühüm, ən həyəcanlı gün olduğunu deməyə ehtiyac yoxdur. Mən bu ordeni sonsuz hörmət bəslədiyim Prezidentin, doğulduğum və bütün həyatım boyu yaşadığım, çox sevdiyim ölkənin Prezidentinin əlindən qəbul etdim. Bu, mənim üçün çox böyük şərəf, çox böyük fəxrdir, hisslərim aşıb-daşır, hətta danışmağa da bir qədər çətinlik çəkirəm. Siz olduqca səxavətlisiniz, Siz mənə və həmkarlarıma teatrı bəxş etdiniz. Bu, teatr deyil, bizim arzumuzdur.

Buna görə də, möhtərəm cənab Prezident, - bu barədə bir neçə ay əvvəl yazmışdıq, - biz bir tamaşa hazırlayırıq. Tamaşa elə belə də adlanır: “Arzular çin olur”. Bu tamaşa Sizə, bugünkü günə həsr edilmişdir.

Sizdən çox xahiş edirəm, vaxt tapsanız, sentyabrın 15-də hörmətli Mehriban xanımla birlikdə bizim teatra təşrif gətirin. Biz çox istərdik ki, bu tamaşanı Sizə göstərək, çünki Siz bu qədər nəhəng işlər görürsünüz, böyük Heydər Əlirza oğlunun işini davam etdirirsiniz, çoxsaylı körpülər, yollar, zavodlar, elektrik stansiyaları ilə yanaşı, Siz vaxt tapıb bizə bu teatrı da tikdiniz. Bu, misilsiz işdir, mən deməyə söz tapmıram.

Mən böyük vəcdlə, böyük sevinclə deyə bilərəm ki, qarşıdakı seçkilərdə Rus Dram Teatrı İlham Əliyevə səs verəcəkdir.

İlham Əliyev: Bu sözlərə görə çox sağ olun. Mən çox şadam ki, iki il bundan əvvəl planlaşdırdığımız və başladığımız işin bəhrəsini bu gün gördüm. Əslində, burada yeni teatr tikilmişdir. Siz bütün tikinti müddətində burada olmusunuz, mən də buraya gəlirdim. Əslində burada yalnız divarlar qalmışdı, onlar da tamam çürümüşdü. Azərbaycanda, Bakıda yeni Rus Dram Teatrı böyük hadisədir. Teatr həm özünün xarici görkəminə görə, həm də avadanlığına görə fərqlənir. Buradakı avadanlıqla, texnika ilə, müasir qurğularla tanış olandan sonra bunu yəqin etmək çətin deyildir. Bütün bunlar çox vacibdir. Bu, yollardan, körpülərdən, elektrik stansiyalarından heç də az əhəmiyyətli deyildir. Bu, mədəniyyətdir, mənəvi həyatdır.
Azərbaycan dolğun həyat sürür, hərtərəfli inkişaf edir. Buna görə də bizim həyatımızın bütün cəhətləri, xüsusən mənəviyyatla bağlı cəhətlər bir Prezident kimi, mənim üçün çox vacibdir. Rus Dram Teatrı, əslində, təzədən yaradılmış ilk teatrlardan biridir. Siz bilirsiniz, bizim bütün teatrların yenidən qurulması proqramımız var. Biz ən kiçik teatrlardan - əvvəlcə Kukla Teatrından başladıq. O da Bakının ən gözəl tarixi binalarından birində yerləşir. Sonra növbədə Rus Dram Teatrı idi. Rus mədəniyyətinə, rus dilinə münasibət, bütövlükdə bugünkü Azərbaycanın ruhu, bütün millətlərin, bütün xalqların, bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması bizim fəxrimizdir. Hesab edirəm, müasir Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada bütün millətlərin nümayəndələri öz doğma diyarında yaşayırlar, onlar öz ölkəsinin vətənpərvərləridir və müasir Azərbaycanın malik olduğu hər şeydən istifadə edirlər.

Mən sizi təbrik edirəm. Hələ teatrın kollektivi ilə də görüşəcək və onları da təbrik edəcəyəm. Sizə uğurlar, uzun ömür, fəallıq, gümrahlıq arzulayıram. Arzu edirəm ki, yeni tamaşalarla bizi sevindirəsiniz. Mən isə sizin yeni tamaşa hazır olan kimi, məmnuniyyətlə ona baxmağa gələcəyəm.

Sonra teatrın yaradıcı kollektivi ilə görüşən Prezident İlham Əliyev onlara müraciətlə dedi:

- Əziz dostlar, Rus Dram Teatrının, əslində, yeni binasının açılışı münasibətilə mən sizin hamınızı təbrik edirəm. Bu teatrın nə vəziyyətdə olmasını biz hamımız yaxşı xatırlayırıq. Biz təmirə başlayan kimi hamımız başa düşdük ki, burada bircə normal divar da yoxdur, binanın damı da daxil olmaqla, hər şeyi təzələmək lazımdır. Buna görə də işlərin əvvəlcə nəzərdə tutulan həcmi, əlbəttə, artdı. Lakin bu bizi dayandırmadı, işi axıra çatdırmağımıza mane olmadı. Bərpa işlərinin və əslində, teatrın tikintisinin başlanmasından ötən iki ildən də az vaxt sonra, bu gün ölkəmizin, müstəqil Azərbaycanın həyatında əlamətdar gündür. Əslində, yeni teatr tikilmişdir, bu teatr ən yüksək standartlara uyğundur. Hər şey - istər texniki cəhət, istər avadanlıqlar, istər artistlər üçün otaqlar ən yüksək səviyyədədir. Bizim çox dinamik inkişaf edən ölkəmizdə belə də olmalıdır.

Bu gün həyatımızın bütün sahələri məhz dinamizmi, səmərəliliyi ilə, yüksək peşəkarlıq və yüksək standartlarla səciyyələnir. Azərbaycanda görülən bütün işlər ən yüksək səviyyədə olmalıdır. Mən əminəm ki, şəhər infrastrukturunun iqtisadiyyatla bağlı olmayan mühüm obyektləri ilə yanaşı, biz ölkəmizin, xalqımızın mənəvi həyatını da yüksəltməliyik, buna həmişə xüsusi diqqət, xüsusi qayğı göstərilməlidir. Həyatlarını incəsənətə, yaradıcılığa həsr etmiş insanlar daim dövlət tərəfindən qayğı hiss etməlidirlər. O cümlədən iş üçün, yaradıcılıq üçün də ən əlverişli şərait olmalıdır.

İndi Azərbaycanda, Bakıda və başqa şəhərlərdə mədəniyyət sahəsinin inkişafına böyük diqqət yetirilir. Bizim Bakı şəhərinin bütün teatrlarının yenidən qurulması üçün proqramımız var. Bu gün mən Aleksandr Yakovleviçə yüksək mükafatı təqdim edərkən dediyim kimi, biz ən kiçik teatrlardan - əvvəlcə Kukla Teatrından başladıq. Rus Dram Teatrı ikinci oldu. İndi bizim planımızda Gənc Tamaşaçılar Teatrını, əslində təzədən tikmək durur. Sonra Azərbaycan Milli Dram Teatrının növbəsidir, onun bərpasına yəqin ki, payızda başlayacağıq. Daha sonra Opera və Balet Teatrı gəlir. Orada biz, sadəcə, ona görə hələ işə başlamamışıq ki, Heydər Əliyev adına Saray təmirdədir, yayda onun təmiri başa çatandan dərhal sonra bu teatrın yenidən qurulması işləri başlanacaqdır.

Bununla yanaşı, bildiyiniz kimi, tezliklə Muğam Mərkəzi - nadir memarlıq nümunəsi istifadəyə veriləcək və Azərbaycan xalqının milli muğam sənəti onun inkişafına dövlət qayğısı baxımından layiqli qiymətini alacaqdır. Muğam Mərkəzinin yanında Xalça Muzeyi tikiləcəkdir. Bu da nadir memarlıq nümunəsidir, dəqiq deyə bilərəm ki, dünyada ikinci bu cür bina yoxdur. Muzey Mərkəzinin yenidən qurulması indi, əslində, başa çatır. Bu, keçmiş Lenin Muzeyidir. Tarix Muzeyi açılmış və əslində özünün ilkin görkəmində bərpa edilmişdir, həm Tarix Muzeyinin özü kimi, həm də Zeynalabdin Tağıyevin tikdiyi ev kimi bu, çox vacibdir. Ədəbiyyat Muzeyində təmir işləri başa çatmağa yaxınlaşır.

Ümumiyyətlə, şəhərdə bütün mədəniyyət ocaqları, istirahət yerləri qaydaya salınır. Ən başlıcası isə, onlar hamısı yüksək standartlara uyğundur, çünki Azərbaycan vətəndaşları yaşamaq, istirahət üçün layiqli şəraitə malik olmalıdırlar. Bu baxımdan bugünkü gün ölkəmiz üçün, Azərbaycanda yaşayan hər bir xalqın ənənələri, mədəniyyəti, tarixi və dini eyni dərəcədə əziz olan müstəqil Azərbaycan dövləti üçün çox səciyyəvidir.
Milliyyətindən, dini etiqadından asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, bərabər hüquqlara malikdirlər, hamıya münasibət eynidir. Belə də olmalıdır. Əlbəttə, bu, Konstitusiyada yazılmışdır. Praktik olaraq, hər bir ölkənin Konstitusiyasında bu cür bəndlər var. Lakin biri var Konstitusiyada olsun, biri də var həyatda. Mən çox şadam ki, Azərbaycanda müstəqillik illərində, sözün yaxşı mənasında, əməkdaşlıq və beynəlmiləlçilik ruhu qorunub saxlanır, möhkəmlənir və hesab edirəm ki, hamı – bizim ölkəmiz kimi çoxmillətli olan sizin truppa da bunu hiss edir.

Mən sizə uğurlar arzulayıram, bu gün sizi görməyimə çox şadam. Mən bilirdim ki, bütün işlər yüksək səviyyədə görüləcəkdir, lakin gördüklərim gözlədiklərimdən də artıqdır. Yəni burada yaradıcılıq üçün, işləmək üçün yaxşı şərait var. Adam buraya daxil olanda əhvalı yaxşılaşır. Mən sizə yaradıcılıq uğurları, yeni tamaşalar arzulayır və ən xoş diləklərimi bildirirəm.

Yaradıcı kollektivin üzvləri Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.


Xalq qəzeti.- 2008.- 27 may.- S. 1.