Aliyə
Barmaqların
klavişlər üzərində rəqsi
Səkkiz kərə
qələmi mürəkkəbə uzatdı,
Qorxusundan hər
dəfə qələm qırağa batdı
Bu, Bestujev Marlinskinin
əsərlərindən birində verdiyi epiqrafdır, sən
demə, uzun illər yaddaşımın tör-töküntü laylarının arasında qorunubmuş və məhz Pantomim Teatrınının
ad gününə həsr edəcəyim yazıda yada düşəsiymiş.
Mürəkkəbqabı və lələk
mənzərəsi Pantomim Teatrına yad deyil axı büsbütün
"Eşq" tamaşasının dekorasiyasıdır. Amma
həmin bu beytlə o dekoru xatırlatmaq fikri ağlımın
ucundan da keçməyib. Sadəcə olaraq, mən də
səkkiz kərə qələmi mürəkkəbə,
əlimi klaviaturaya uzatmışam, qorxudan yox, enerji, istedad
yıpranmasından hər dəfə qələm
qırağa batıb, yəni əlim klaviaturaya yatmayıb.
Üstəlik mən bu teatrdan bəs deyincəyə
qədər yazmışam, amma neyləmək olar, ad
gününə əliboş getmək də
ədəbdən deyil. Madam ki,
mürəkkəb məsələsi ortaya çıxdı,
elə "Eşq" tamaşasından başlayıb, sonra
da teatrşünas sələflərim sayağı babat bir
mədhnamə qaralayım.
"Eşq",
Dövlət Pantomim Teatrının ad günü
münasibəti ilə mayın 15-də oynadıqları
tamaşasıdır. Rejissor Bəxtiyar Xanızadə bu
tamaşanı Şekspirin məhəbbət sonetləri
əsasında hazırlayıb. Tamaşa daha yayğın bir
tərzdə hazırlanıb, yəni rəqs
üzərində qurulub. Kollektiv bütün kainatın
harmonik tamlığının səbəbini
məhəbbətdə görür.
Onlara görə ay
və ulduzlar arasında, lələk və mürəkkəb
arasında, qələmlə kağız arasında bizim duya
bilmədiyimiz, daha doğrusu, diqqət etmədiyimiz
məhəbbət var.
Məhəbbət
öldü getdi, deyilərkən cahanda,
Yer üzündə yenidən
o doğulur bir anda.
Bu ölümlü
dünyada eşqlə dostluq eyləsən,
Ölümün
özü ölər, yaşarsan əbədi sən.
Bu misraları isə Bəxtiyar
Xanızadə öz tamaşasına epiqraf seçib.
Şekspir bəşəriyyətin bir nömrəli ciddi
məsələsi olan əbədilik və ölümsüzlüyün
səbəbini məhəbbətdə görür.
Məhəbbət
haqqında çox deyilib. Hər kəs öz həqiqətini
bütün söylənilənlərə qatıb. Bu
söylənilənlər içində bir həqiqət
də dönə-dönə təkrarlanıb ki,
məhəbbətdən nə qədər çox danışılsa,
o öz gücünü bir o qədər itirəcək. Deməli,
ən yaxşısı bu barədə susmaqdır ki, onu da
pantomim aktyorları edir: mürəkkəb damcılarının
rəqsində Nargilə, Pərviz, vərəqlərin
rəqsində Bəhruz, Əli, Səbirə, Səbinə, Əflatun...
...Bu gənclər
teatrın yeniləşən kollektiviniz üzvləridir. Zira,
pantomima ruhən gənclərə daha yaxın teatr
növüdür. Uzun və müdrikanə
düşünmək qocalığın payına düşür,
daima hərəkətdə olmaq, rəqsdən doymamaq isə
gəncliyin enerjisinə uyğundur. Dövlət Pantomim
Teatrı bu janrda ölkənin yeganə teatrıdır.
Mayın 16-sı teatrın 14 yaşı tamam oldu. 14
yaşında teatrın yeri-yurdu var, köhnə
"Şəfəq" kinoteatrının foyesində
düzəltdikləri tamaşa zalları var, arabir tamaşaya
yığılan tamaşaçıları var. Bəs nə
yoxdur?
Tamaşa hazırlamaq
və göstərmək şəraitləri yaxşı deyil,
binaları hələ ki, təmirsiz və teatr
üçün yararsızdır. Bu şəraitdə teatrda
fiziki komfortdan danışmağına belə dəyməz.
Amma bunu qeyd etməyə dəyər: bütün texniki
çətinlikləri vecə almayacaq əlahəzrət
İDEYAdır ki, tamaşanı yox yerdən var edən odur.
Bu, teatra yaşamağa, müəllifə ərşdən-fərşdən
yazı qaralamğa imkan verən yeganə nəsnədir.
Sonrası bayaq söylənilən enerji və gənclik
ruhudur. Pantomim Teatrına onu itirməməyi arzu edirəm.
Mədəniyyət.- 2008.- 17 may.- S. 7.