Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı
növbəti qastroldan qayıdıb
Moskva hökuməti
və Moskva Vilayəti Mədəniyyət Nazirliyinin 2007-2010-cu
illəri əhatə edən müvafiq qərarları və
xaricdə yaşayan soydaşlara kömək Dövlət
proqramına uyğun olaraq Moskva Vilayəti
Mədəniyyət Nazirliyinin dəvəti ilə Rusiyaya
qastrola getmiş ADGTT-i bu günlərdə Bakıya
qayıdıb.
Səfərdə
kollektiv Dmitrov, Taldon, Dubna şəhərlərində rejissor
Nicat Kazımovun quruluşunda rus bölməsinin
məktəbliləri üçün nəzərdə
tutulmuş Samuil Marşakın "Koşkin dom" (Pişiyin
evi) və rejissor, xalq artisti Vaqif Əsədovun
səhnələşdirdiyi böyüklər üçün
Azərbaycanın görkəmli dramaturqu İlyas
Əfəndiyevin "Sojjennıye dnevniki" (Məhv
olmuş gündəliklər) tamaşalarını təqdim
edib.
Tamaşalarda hər
üç şəhərin rəhbərliyi, KİV-in və
Rusiya teatr ictimaiyyətinin nümayəndələri
iştirak edərək, Azərbaycan teatr sənətini
yüksək qiymətləndirmişlər. Qastrolun sonuncu
günü Dubna şəhərində verilən tamaşada
Moskva vilayətinin mədəniyyət naziri Qalina Ratnikova
və digər rəsmi nümayəndələr iştirak edərək
aktyorlarımızın oyunlarından xüsusi razılıqlarını
bildirib, bu layihənin reallaşdırılmasına
şərait yaratdıqları üçün Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinə və ADGTT-in
rəhbərliyinə təşəkkürlərini
çatdırıblar.
Bu ilin payızında
Moskva hökuməti və Moskva Vilayəti
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə
keçiriləcək "Uğurlu yollar" (Doroqami dobra)
III Beynəlxalq Teatr Festivalına Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrı yenidən dəvət
alıb.
Tamaşalarda əsas
obrazları yaradan Nelli Həsənova, İnna İmranova,
Yelena Şetinkina, Günel Məmmədova, Nicat Kazımov,
Elşən Rüstəmov, Yaqub Zeynalov, Rasim Cəfərov,
Cavad Cabbarlı, Aleksey Saprıkinin
çıxışları rusiyalı teatrsevərlər
tərəfindən dəfələrlə alqışlarla
qarşılanıb.
Yeni Azərbaycan.- 2008.- 24 may.- S. 11.