Babayeva T.

 

Məryəm Əlizadə Tamaşaçı kasıb teatra getmək istəmir

 

Azərbaycanın dünya birliyinə, dünya mədəni irsinə qovuşması teatrlarımızın da bu proseslərə inteqrasiyasını labüd edir. Azərbaycan teatrı beynəlxalq səviyyəyə çıxmalı, ondan lazım təcrübə və dəyərləri əxz etməli, əgər imkan varsa, öz səviyyələri ilə də dünya teatrını zənginləşdirməlidir. Görəsən, Azərbaycan teatrları bu proseslərə nə dərəcədə hazırdırlar? Ümumiyyətlə, dünya səviyyəsinə qalxmaq üçün hansı şərtlər vacibdir? Bu suallara cavab tapmaq məqsədilə əməkdar incəsənət xadimi, "Qızıl Dərviş", "Humay" mükafatçısı, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadəyə müraciət etdik.

- Dünya teatrına inteqrasiya etmək üçün Azərbaycan teatrı birinci növbədə öz peşəkarlıq səviyyəsini artırmalıdır. Peşəkarlıq deyəndə, hər şeydən öncə teatrların texniki təchizatının gücləndirilməsini nəzərdə tuturam. Sevindirici haldır ki, bu gün teatrlarımızın hamısında təmir-bərpa işləri gedir. Dövlət, Mədəniyyət və Turizm Nazirliyi teatrlarımızın maddi-texniki imkanlarının dünya standartlarına uyğun gəlmədiyini nəzərə alaraq, onları həm təmir edir, həm də müasir texniki avadanlıqlarla təmin etməyi planlaşdırır. Çünki Azərbaycan teatrı bu baxımdan çox geri qalır. İndi kompüter dövrüdür, hamı internetdən istifadə edir, informasiya, bilgi almaq imkanları genişlənib, sürətlənib. Belə bir dövrdə teatrlarımızın həddən artıq köhnə texnikadan, rekvizitlərdən istifadə etməsi yolverilməzdir. Bundan başqa, bizim ən yaralı yerimiz teatrlarımızda işıq rəssamının olmamasıdır. Bizdə işıqçılar adi texniki işçilərdir. Onlara göstəriş verilir ki, işığı necə salmaq lazımdır. Amma bu, ayrıca bir sənətdir, ona yiyələnmək lazımdır. Teatrlarımızda tamaşalara tərtibat verən çox istedadlı rəssamlarımız var. Akademik Milli Dram Teatrında Nazim Bəykişiyev, Opera və Balet Teatrında Tahir Tahirov kimi görkəmli rəssamlarımız çox səviyyəli işlər nümayiş etdirirlər. Son vaxtlar görkəmli rəssam Altay Sadıqzadənin çox maraqlı teatr tərtibatlarına rast gəlirik. Onun xalq yazıçısı Elçinin bu yaxınlarda Akademik Milli Dram Teatrında oynanılan "Arılar arasında" tamaşasına verdiyi tərtibat diqqətəlayiqdir. Bu rəssamların hər üçü maraqlı teatr düşüncəsinə malikdir. Amma bir az əvvəl sadaladığım səbəblər üzündən onlar da fantaziyalarını tam realizə edə bilmirlər. Tamaşa hazır olandan sonra deyirlər ki, bu tamaşada bizim ideyamızın heç 20 faizi də öz əksini tapmayıb. Həmçinin də rejissorlar tamaşanı düşündükləri, gördükləri kimi çatdırmaqda çətinlik çəkirlər. Ona görə də teatrlarımızın texniki baxımdan dünya standartlarına cavab verməsi vacibdir. Bildiyimə görə, teatrlarımıza lazım olan bütün texniki avadanlıqlar alınıb, hətta nazirlik həmin texniki vasitələri işlədəcək kadrları hazırlamaq məqsədilə xarici ölkələrə mütəxəssislər ezam edəcək.

- Məryəm xanım, teatr öz fəaliyyəti üçün maliyyə vəsaitlərinin əsas hissəsini hardan tapmalıdır?

- Bu gün bazar iqtisadiyyatında yaşasaq da, teatrlarımız hələ sovet dövrünün qaydaları ilə idarə olunur. Amma müasir zamanda teatrlarımız öz tamaşalarını satmağı bacarmalıdırlar. Teatrlar isə hər şeyi dövlətdən gözləyir. Düzdür, dövlət özəl sənət növü olaraq teatrı həmişə qiymətləndirib. İndi də Azərbaycan dövləti teatrı mühafizə edir, onun qayğısına qalır. Nəzərə alır ki, teatr hələ bazar iqtisadiyyatına uyğunlaşa bilmir. Amma bu o demək deyil ki, teatr dövlətdən aldığı dotasiya ilə kifayətlənməlidir. Teatr daha artıq qazanc əldə etmək yolları tapmalıdır. Teatr Xadimləri İttifaqında teatrımızın ən aktual məsələləri ilə bağlı tez-tez toplantılar olur. Təəssüflər olsun ki, bu toplantılarda teatr xadimlərinin hansısa yeni iqtisadi təkliflə çıxış etdiyinin şahidi olmamışam. Həmişə onları dövlətdən nəsə istəyən görürəm. Sənət adamının dövlətdən nəsə istəməyə haqqı var. Dövlət öz qayğısını onlardan əsirgəmir. Sənətkarlara xüsusi təqaüdlər, fəxri adlar verir, onları evlə təmin edir ki, özlərini bütünlüklə yaradıcılığa sərf edə bilsinlər. Çox adam deyir ki, fəxri adlar lazım deyil. Mən bu fikirlə razı deyiləm. Fəxri ad sənətkarı dəyərləndirmək meyarıdır. Dünyanın hər yerində sənətkarı dəyərləndirmək nişanələri var. Bizdə fəxri ad formasındadır, digər ölkələrdə bu başqa bir formada həyata keçirilir. Fəxri adlar sənəkar üçün mənəvi stimuldur. Azərbaycan sürətlə inkişaf edir və biz ümid edirik ki, vaxt gələcək, sənətə qulluq edən insanların əməkhaqlar yüksək olacaq. Amma teatrlar özü də istehlak bazarını öyrənib, onun tələbləri əsasında öz təkliflərini hazırlamalıdırlar. Bu haqda teatrlara rəhbərlik edən insanlar, inzibatçılar fikirləşməlidir. Bəlkə, teatr bazarları, iqtisadi əsaslar üzərində qurulmuş festivallar təşkil etmək lazımdır? Bundan başqa, prodüser institutu işə düşməlidir. Prodüser müasir dövrdə teatrın idarə olunmasında ən önəmli yeri tutur. Bizdə şou-biznes çox populyardır. Çünki ora çoxlu pul xərclənir, ona görə də tamaşaçı toplaya bilirlər. Bu gün bizə kasıb teatr lazım deyil. Tamaşaçı kasıb teatra getmək istəmir. O, dövlətli teatr istəyir. Stanislavskinin məşhur bir deyimi var: "Teatr asılqandan başlayır". Bir ara bu fikir bizim teatr aləmində lətifəyə çevrilmişdi. Amma bu fikirdə böyük həqiqət var. Teatrın qapıçısının, qarderobçusunun geyimindən, davranışından tutmuş, nəzarətçinin qarşılamasına qədər hər şey tamaşaçını zala girərkən nə görəcəyinə hazırlayır. Əgər o, qapıda, qarderobda ona xidmət edən səviyyəli adamlarla rastlaşırsa, bu o deməkdir ki, səhnədə də yüksək səviyyəli tamaşa görəcək.

- Bəs, bu gün səhnələşdirilən əsərlərin səviyyəsini necə qiymətləndirirsiniz? Müasir dramaturgiyamızda ideya qıtlığı var?
- Dramaturgiya çox çətin sahədir. Amma mən deməzdim ki, bizdə ideya qıtlığı var. Bu gün Elçin çox böyük müvəffəqiyyətlə öz parlaq pyeslərini yazır və bu əsərlər müvəffəqiyyətlə tamaşaya qoyulur. Əli Əmirli öz dramaturgiyası ilə teatrlarımızın repertuarında xüsusi yer tutub. Firuz Mustafa, Elçin Hüseynbəyli də çox maraqlı dramaturqlardır. Elçin Əfəndiyev isə artıq bizim ustad dramaturqumuzdur. Özü də çox bənzərsiz, fərqli, özünəməxsus dramaturji metoda əsaslanan daramaturgiyası var. Məsələn, "Arılar arasında" tamaşasında o, insanın təklik problemini çox gözlənilməz yöndən açıb. İnsanın təklik mövzusu ədəbiyyatda, teatrda çox işlənib. Amma bu tamaşada mövzu çeynənmiş, stereotip formada verilməyib. Çox maraqlı tamaşadır. Həmçinin "ÜNS" Yaradıcılıq Səhnəsində onun "Şekspir" tamaşası oynanıldı. Bu tamaşa həm Azərbaycan teatrının, aktyor sənətinin, həm də Azərbaycan dramaturgiyasının göstəricisinə çevrildi. Çox yüksək səviyyə nümayiş etdirdi. Tamaşada müxtləlif teatrlardan dəvət olunmuş aktyorlar iştirak edirdi. Bunun özü də maraqlı bir tərzdir. Mən tamaşada həm çox bənzərsiz dramaturji düşüncəyə, həm aktyor oyununa, həm də rejissor Bəhram Osmanovun işinə heyran qaldım.

- Yeri gəlmişkən, rejissorlarımız haqqda nə deyərdiniz? Bizim teatrlarda gənc nəslin nümayəndələri arasında sükanı verməyə namizədlər varmı?

- Müasir dövrdə Azərabaycan teatrında Vaqif İbrahimoğlu, Azərpaşa Nemətov, Cənnət Səlimova kimi ustad sənətkarlar, rejissorlar var. Bunlar püxtələşmiş böyük sənətkarlardır. Orta nəsil rejissorlar arasında Bəhram Osmanovun adını çəkə bilərəm. O çox işləyir və Akademik Milli Dram Teatrını bugünkü durğunluq dövründən xilas etmək istəyir. Mən onun bu cəhdlərini alqışlayıram. Azərbaycan teatrında Tofiq Kazımov kimi bir rejissor olub. Mən hesab edirəm ki, o məhz bu sahədə işləmək üçün dünyaya gəlmiş ilk Azərbaycan rejissorudur. T. Kazımov təpədən-dırnağa qədər rejissor idi. Akademik Milli Dram Teatrnın ən xoşbəxt dövrü T. Kazımovla bağlı mərhələyə düşür. Birinci dəfə o, sübut etdi ki, rejissorluq müstəqil sənətdir və teatrın özünün ifadə vasitələri var. Söz isə bu ifadə vasitələritndən biridir. T.Kazımov olmasaydı, V. İbrahimoğlu öz islahatlarını apara bilməyəcək, avanqard ruhda olan tamaşalarını hazırlaya bilməyəcəkdi. Mərhum Hüseynağa Atakişiyev çox novator rejissor idi. T. Kazımovun yaradıcılığı zəminində V. İbrahimoğlu, H. Atakişiyev, A. Nemətov kimi fövqəladə rejissorlar yetişdi. Mən bu silsilədən Bəxtiyar Xanızadənin adını qeyd etmək istəyirəm. "Pantomim" teatrı istənilən ölkədə bizim üzümüzü ağardan tamaşalar hazırlayır. Kukla Teatrında istedadlı insanlarımız var.

Əyalətlərə nəzər salsaq, Gəncədə, Şəkidə çox istedadlı rejissorlar və aktyor truppası fəaliyyət göstərir. Çox təqdirəlayiq haldır ki, bu gün rejissuraya cavanlar gəlir. V. İbrahimoğlu gənc rejissorların yetişdirilməsi işinə böyük önəm verir. Tələbəsi olmuş yeddi gənc rejissoru öz nəzarətində saxlayır və onların püxtələşməsinə kömək edir. Mədəniyyət və Turizm Nazirliyi də bu gənclərə etimad göstərdi, onlara dövlət sifarişi ilə tamaşalar həvalə etdi. Həmin gənc rejissorlar Şəki, Gəncə, Lənkəran, Qazax və Sumqayıtda tamaşalar hazırladılar. 23-24 yaşında cavanlara dövlət sifarişi ilə tamaşa verilməsi Azərbaycan teatr tarixində ilk hadisədir. Bu gəncləri xarici ölkələrə - Almaniya, Polşa, Pribaltika ölkələrinə də dəvət edirlər. Vaqif müəllim teatr sənətində zəif həlqələri bilən bir sənətkar kimi gənc rejissorların qarşısına çox ciddi tələblər qoyur.

- Demək, siz teatrmızın gələcəyinə ümidlə baxırsınız və hesab edirsiz ki, teatrlarımız dünya teatr mühitinə inteqrasiya edə biləcəklər?

- Elədir, mən Azərbaycan teatrının gələcəyinə böyük ümidlə yanaşıram. Dünya teatr proseslərinə inteqrasiya etməyimiz isə çox vacibdir. Bununla bağlı ölkə başçısının müvafiq sərəncamı da var. Əgər Azərbaycan dövləti bütünlükdə dünyaya inteqrasiya edirsə, bu inkişaf istiqamətini tutursa, təbii ki, onun teatrı da dünya teatr prosesinə qoşulmalıdır. Yəni, Azərbaycan teatrı məhəlli çərçivədən çıxmalıdır. Belə deyəndə bizim bəzi görkəmli sənətkarlarımız düşünürlər ki, Azərbaycan teatrı tam modern üsluba keçəcək və ənənəvi teatrımızı itirəcəyik. Məsələ burasındadır ki, biz elə ənənəvi teatrımızı sənətkarlıq, peşəkarlıq baxımından dünya səviyyəsinə qaldırmalıyıq. Heç kim demir ki, biz ənənələrimizdən əl çəkək. Məgər Yaponiyanın "Kabuki", "No" teatrları ənənəsindən əl çəkib? Amma onlar bütün dünyanı valeh ediblər. Biz də ənənəmizi yaşadaraq, sənətimizi dünya standartlarına uyğunlaşdırmaq uğrunda çalışmalıyıq. Mən teatrımızın sabahına böyük ümid bəsləyirəm. Gənclik yetişir, o, zamanın, öz müasirlərinin tələblərini duyur. Teatr binaları təmir olunduqdan sonra, onlar güclü texnika ilə təchiz olunacaq və bundan sonra deyiləcək: "Bu meydan, bu şeytan. Gəlin, işləyin". Məncə, bundan sonra yaratmamaq günah olar.

 

Xəzər.- 2008.- 3 may.- S. 18.