“Dəli Domrul” uğur qazandı

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı qardaş Türkiyə Cümhuriyyətindən qastrol səfərindən qayıdıb. TÜRKSOY-un xətti ilə Konya şəhərində baş tutan "Bir səs, min nəfəs" adlı bu festival aprelin 14-dən 24-dək davam edib.

Hər il keçirilən bu möhtəşəm festivalda bu dəfə Azərbaycan və Türkiyə ilə yanaşı Orta Asiyanın türkdilli dövlətləri, həmçinin Başqırdıstan, Makidoniya, Kosovo və Krım tatarlarının türkdilli teatrları da iştirak edib.

Əsl teatr bayramına çevrilən festivalda Lənkəran Dövlət Dram Teatrının kollektivi uğurla çıxış edib. Teatr gözəl əsər seçiminə, mövzunun uğurlu rejissor həllinə və peşəkar aktyor oyununa görə tamaşaçıların rəğbətini qazanaraq festivalda xüsusi qiymətə layiq görülüb. Onların təqdim etdikləri "Dəli Domrul" tamaşası ən uğurlu əsər kimi qiymətləndirilib.

Bəşəri dəyərlərin ön plana çəkilməsi və xeyirlə şərin mübarizəsi fonunda Yer kürəsində baş verənləri səhnə dili ilə tamaşaçılara çatdırmağı hədəfləyən festivalın ideyası ilə səsləşən tamaşa izləyicilərin marağına səbəb olub.

"Kitabi-Dədə Qorqud" dastanlarından "Dəli Domrul" boyu əsasında hazırlanmış "Məhəbbət və ölüm" tamaşasına teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayev səhnə həyatı verib. Tamaşada əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev, aktyorlar Adil Zeynalov, Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev ifa ediblər. Səhnə əsərinin rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Mərahim Qələmoğludur.

Xatırladaq ki, bu teatrın qardaş Türkiyəyə artıq 3-cü səfəridir. 35 illik fəaliyyəti dövründə 200-ə dək tamaşaya səhnə həyatı verən teatr daha bir qastrola hazırlaşır. Kollektiv mayın sonu qonşu Gürcüstana yollanacaq.

 

Mədəniyyət.- 2008.- 17 may.- S. 5.