Elxanqızı M.
Teatr və kino
nəhəngi - Adil İsgəndərov
Azərbaycan teatr və
kinosunun elə görkəmli
nümayəndələri
var ki, onların həyat və
yaradıcılığı sənət tariximizin ayrıca
bir salnaməsi adlandırıla bilər. Bunlardan biri
gözəl aktyor, böyük rejissor, ünlü pedaqoq
və ictimai xadim Adil İsgəndərovdur.
Adil İsgəndərov
5 may 1910-cu ildə Gəncə şəhərində anadan
olmuşdur. O da uşaq yaşlarını, belə demək
mümkünsə, ənənəvi yaşamışdır
və elə ənənəvi ifadələrlə desək,
teatra böyük maraq göstərmiş, dram dərnəklərində
fəal iştirak etmiş və nəhayət,
"niyyətin hara - mənzilin ora" zərb-məsəlindəki
muradına yetmişdir.
Adil İsgəndərov
Bakı Teatr Texnikumunu müvəffəqiyyətlə
bitirdikdən sonra ixtisasını artırmaq qərarına
gəlir. Bu şəxsi qərarda milli bir istək də
vardı; milli teatrımızın inkişafına daha yaxından
kömək etmək... Elə bu istək və məqsədlə
də o, SSRİ-nin paytaxtına yola düşür.
A.Lunaçarski adına Moskva Dövlət Teatr
incəsənəti İnstitutuna daxil olur. Təhsilini
uğurla başa vurub, doğma vətənə
qayıdır. 1936-cı ildə M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram Teatrının rejissoru, 1937- ci
ildən baş rejissoru və direktoru işləyir. 1966-cı
ildə o, Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasına direktor təyin edilir və Azərbaycan
kinosunda ayrıca bir "Adil İsgəndərov dövrü"
başlayır.
Adil İsgəndərov
1936-cı ildən öz zəngin bilik və təcrübəsi
ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında
özünəməxsus sənət mühiti yaradır.
Bir-birinin ardınca "Həyat" (M.İbrahimov),
"Xoşbəxtlər" (S.Rəhman) və başqa bu
kimi ciddi əsərləri müvəffəqiyyətlə
tamaşaya qoyur, gənc aktyor və rejissorların
yetişməsində canlı universitet kimi fəaliyyət
göstərir.
Həmin illərdə
A.İsgəndərov milli ədiblərimizin "Vaqif,
"Fərhad və Şirin", "Nizami",
"Cavanşir" və s. əsərlərilə
yanaşı, əcnəbi müəlliflərin (V.Şekspir
- "Otello", N.Hikmət -"Türkiyədə" və
s.) əsərlərinə də quruluş vermişdir.
Geniş bədii ümumiləşdirmələr, tipik
xarakterlər, əzəmətli səhnə-mizanlarla zəngin
olan bu tamaşalar bu gün də teatrşünaslığımızın
istinad etdiyi sənət faktorlarındandır.Yeri gəlmişkən
qeyd edək ki, geniş diapazonlu bu rejissor, eyni zamanda, M.F.Axundov
adına Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında da bir sıra tamaşalara quruluş vermişdir.
Azərbaycan teatr
sənətinin inkişafında böyük xidməti olan
Adil İsgəndərovun yaradıcılığı üçün
realizm, orijinal və təsirli ifadə vasitələri
səciyyəvi olmuşdur.
A.İsgəndərov
təkrarsız teatr rejissoru olmaqla bərabər, həm də
istedadlı kino aktyoru, görkəmli kinematoqraf, kino xadimi idi.
Onun "Ulduzlar sönmür" (Nəsib bəy Yusifbəyov),
"Qanun naminə" (Kamilov), "Uzaq sahillərdə"
(Rossolini) və başqa filmlərdə yaratdığı
obrazlar çox uğurlu və yaddaqalan olmuş,
"Axırıncı aşırım"dakı
Kərbəlayi İsmayıl rolu isə xüsusi mükafata
layiq görülmüşdür.
A.İsgəndərovun
rəhbərliyi ilə çəkilən filmlər,
yaratdığı obrazlar Azərbaycan kinosunun
şöhrət və inkişafının çox
önəmli səhifələrini təşkil edir.
1943-cü ildə
Azərbaycan SSR xalq artisti, 1959-cu ildə SSRİ xalq artisti
adı verilmiş A.İsgəndərov, həm də
Dövlət Mükafatı laureatı və bir sıra orden
və medallarla təltif olunmuşdur.
Görkəmli rejissor,
istedadlı aktyor uzun illər M.A.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunda pedaqoji fəaliyyətlə də
məşğul olmuş, yüzlərlə istedadlı aktyor
və rejissorun yetişməsində öz zəngin
təcrübəsi, nümunəviliyi, intellekti ilə
dövrünün ən şöhrətli, fenomenal
müəllimi kimi tanınmışdır.
A.İsgəndərov
öz sənət sahəsinin, daha doğrusu, sahələrinin
universal bilicisi və bələdçisi olmuşdur. O öz
sənətinə möhkəm tellərlə bağlı bir
sənətkar idi. Adil müəllimin Azərbaycan
səhnəsində və ekranında qazandığı
şöhrət, hörmət və ehtiram onun ikinci bir
sənətkarlığı kimi
qiymətləndirilməlidir.
Öz parlaq
yaradıcılığı və şəxsiyyəti
ilə Azərbaycan sənətkarları arasında məxsusi
yer tutan A.İsgəndərov, 18 sentyabr 1978-ci ildə vəfat
etmişdir. Onun öz dramatizm və fəlsəfi
nüansları ilə seçilən rejissorun tamaşalara
böyük mənəvi memar istedadı ilə verdiyi quruluşlar,
çəkdiyi filmlər, yaratdığı ekran obrazları
isə xalqımızın mənəvi həyatına,
şüuruna, sənət səhifələrinə
ölməz sənətkar, sönməz izlər,
naxışlar kimi nəqş olunmuşdur.
Adil müəllimin
Azərbaycan səhnəsi və kinosuna verdiyi bütöv bir
püxtə nəsil - aktyor və rejissor kadrları "Adil
İsgəndərov məktəbi" kimi şərəfli
bir deyimlə də nəticələnmişdir.
Azərbaycan
xalqının teatr və kino yaddaşında
həmişə canlı, təravətli, yaratdığı
bədii surətlərilə yaşayası bir ad qalacaq: Adil
Rza oğlu İsgəndərov!..
Mədəniyyət.- 2008.- 17 may.- S. 8.