Mükərrəmoğlu M.

 

Böyük sənəti yaradanlar

 

Münəvvər Kələntərli. Bu ad Azərbaycan teatr və kino sənətini sevənlərə yaxşı tanışdır. Onun rolları milli teatr və kinomuzun çox qiymətli səhifələrində özünə yer almış, illər keçsə də xatirələrdə, filmlərdə əbədiləşmişdir. Münəvvər xanımın rolları ona görə ürəklərə yol tapırdı ki, o bu sənətə qəlbinin hökmü ilə gəlmişdi. Onu Lənkərandan Bakıya gətirən də elə bu sevgi, bu məhəbbət idi.

Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda doğulmuşdu. Bu ailədə incəsənətə xüsusi maraq var idi. Onun qardaşı Haşim Kələntərli də xanəndə idi. Muğamlarımızın  gözəl ifaçısı olan Haşim sonralar aktyor kimi Milli Akademik Teatrda da çalışmış, bir sıra  uğurlu rollar ifa etmişdi.

Münəvvər xanım hələ uşaqlıq illərində aktrisalığa meyl göstərirdi. Məktəb illərində dərnəkdə rollar oynayırdı. Yoldaşları onu "artist" deyə çağırırdılar.  Bakı mühiti isə onun arzularını reallaşdırdı. Beləliklə,  1933-cü ildən artıq professional aktrisa kimi  fəaliyyətə başlayan Münəvvər xanım ilkin olaraq milli opera tamaşalarında çıxış etməyə başlamışdı.

"O olmasın, bu olsun" tamaşasındakı qulluqçu Sənəm onun yaradıcılığında xüsusi əhəmiyyətə malikdir. Bu rolda əvvəllər məşhur aktrisalar çəkilmişdi. Ancaq Sənəm rolunu Münəvvər xanım xüsusi məharətlə yaratmışdı. "Ulduz"da Tamamı aktrisa özünəməxsus komik cizgilərlə canlandırmışdı. Tofiq Quliyevin "Qızılaxtaranlar" tamaşasında Xədicə, Fikrət Əmirovun "Gözün aydın" musiqili komediyasında Gövhər, Süleyman Rüstəmin "Durna" tamaşasında Nisə, A.Rzayevin "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma rolları onu komik aktrisa kimi məşhurlaşdırmışdı. Münəvvər xanımı tez-tez tamaşalara dəvət edirdilər, bəzən bir həftədə üç tamaşada oynayırdı. Tərəfmüqabilləri xatırlayırdılar ki, Münəvvər xanım çox işgüzar, istedadlı bir sənətkar idi. O, bəzən saatlarla məşqlərdən yorulmazdı. Tez-tez respublikamızın rayonlarına gedir, tamaşalar verirdilər. Hər dəfə də Münəvvər xanımı xüsusi hörmət və məhəbbətlə qarşılayırdılar.

Müharibə illərində Münəvvər xanım Musiqili Komediya Teatrında çalışırdı. Amma teatrda yaratdığı rollara kinorejissorlar da biganə qalmadılar. Müharibə dövründə çəkilən "Arşın mal alan" filminə rejissor Rza Təhmasib Münəvvər xanımı da dəvət etmişdi. Ona Cahan xala rolunu vermişdilər. Münəvvər xanım Üzeyir bəyin səhnə əsərlərində oynamışdı. Özü də çox uğurlu rollar yaratmışdı. Ona görə də etiraz etmədən "Arşın mal alan"a çəkilməyə razılıq verdi. Rəşid Behbudov, Leyla Bədirbəyli, İsmayıl Əfəndiyev, Fatma Mehrəliyeva, Lütfəli Abdullayev kimi məşhur sənət adamları ilə bir filmdə çəkilmək onun kinoya həvəsini daha da artırdı.

"Arşın mal alan"dakı Cahan xalanı çox məharətlə yaratdı. O, filmin ruhunu gözəl tuta bilmişdi. Sultan bəylə qarşılaşdığı səhnələri xatırlayın - aktrisa necə gözəl oyun nümayiş etdirir. O, bacısı oğlu Əsgəri evləndirməyə çalışır. Bunun üçün "çadrasını başına salıb, üz-gözünü bəzəyib" kimin qapısına desən getməyə hazırdır. Təki, Əsgər xoşbəxt olsun. Ümumiyyətlə, onun ifasında Cahan xala çox sadə, səmimi, dövrünün tipik xarakterini özündə birləşdirən bir obraz idi. Bu film SSRİ Dövlət mükafatına layiq görülmüşdü və söz yox ki, bu uğurun qazanılmasında Münəvvər xanımın da öz xidmətləri olmuşdur.

Düz on il sonra kinorejissor Lətif Səfərov Münəvvər xanımı "Bəxtiyar" filminə çəkilişə dəvət etdi. Bu rol barədə danışarkən ilk növbədə onu qeyd etmək lazımdır ki, Münəvvər xanım bu rolu o qədər şirin, o qədər təbii oynayır ki, tamaşaçı hadisələri təbii qəbul edir. Onun düşdüyü situasiya komikdir. Ona görə də aktrisa vəziyyətdən məharətlə çıxmağa cəhd göstərir. Xalanı pis vəziyyətdə qoyan Ağabala, sonda özü çıxılmaz vəziyyətə düşür. Münəvvər xanımın "Görüş" filmində yaratdığı Münəvvər rolu da çox maraqlıdır. Burada da onun qəhrəmanı zəhmətsevər pambıq ustasıdır. O, yenə də xeyirxah, insanları xoşbəxt görmək istəyən, şənxasiyyət bir insanın rolunu yaradıb.

"Kazbek qutusu"nda Məlikovun arvadı, "Qızmar günəş altında" filmində Gülbahar, "Kölgələr sürünür"də Məsmə rolları onun kino yaradıcılığının qiymətli nümunələridir. Münəvvər xanımın kinematoqrafiyada yaratdığı rollar ona görə maraqlı və əhəmiyyətlidir ki, onlar olduqca millidir. Onlarda aktrisa xalqımızın adət-ənənələrini, dövrün xüsusiyyətlərini qoruyub saxlamağa çalışmışdır. Ümumiyyətlə, o xalqını sevən sənətçi idi. Rollarında çox qəribə ruh var idi və ona görə də tamaşaçılar onun rollarına həmişə böyük maraq göstərmişlər. Gərgin yaradıcılıq axtarışları, nəhayət ki, onun səhhətinə də təsir göstərmişdi. Uzun sürən xəstəlikdən sonra, 1963-cü ildə vəfat etmişdir. Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdü. Dövlət mükafatı laureatı idi.

Bu gün böyük sənətkarın doğum gününü yad edərkən bir daha Münəvvər xanımın ruhuna rəhmət diləyirik.

 

Yeni Mədəni-maarif jurnalı.- 2008.- ¹ 5.- S. 65-66.